Məhkəmə qərarları › İş №2(017)-1591/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1591/2023

04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1591/2023 04.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, İddiaçı nümayəndəsi, atası X2 və Cavabdeh nümayəndəsi, atası X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı nümayəndəsi, atası X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı onun doğma qızıdır. Qızı Ceyhunə ilə Ağcabədi rayonunun Avşar kənd sakini, iş üzrə Cavabdeh 2016-cı ildə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 07 yanvar 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 09 dekabr 2017-ci il tarixdə Nihad, 13 noyabr 2018-ci il tarixdə isə Fərhad və Fərid adlı ekiz uşaqları olmuşdur. Cavabdehla qızı Ceyhunənin xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən 2022ci ilin oktyabr ayında ayrılıb ayrı yaşayırlar. Uşaqlar Ceyhunənin himayəsindədirlər. Qızı Ceyhunə ilə cavabdeh ayrı yaşadıqları müddət ərzində cavabdeh nə Ceyhunəyə, nədə uşaqlarına heç bir maddi köməklik etməmişdir. Cavabdehin rəsmi iş yeri yoxdur, lakin özlərinə məxsus fermaları var. Qızı uşaqları saxlamaqda çətinlik çəkir. Odur ki, qızı İddiaçı Cavabdeh ilə birgə nikahlarından 09 dekabr 2017-ci il tarixdə doğulmuş X7, 13 noyabr 2018-ci il tarixdə doğulmuş X3 və 13 noyabr 2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh qazancından tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, atası X9 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək qızı Ceyhunənin cavabdehdən 2022-ci ilin oktyabr ayında ayrılaraq ayrı yaşadığını, cavabdehin fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu bildirib, üç uşağın saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat aliment təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, atası X4 iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, Cavabdeh onun doğma oğludur. Oğlu Samir sümük oynaq sisteminin xroniki xəstəsidir. O, 5kq-dan artıq yük götürə bilmir. X20 ilə 2016-cı ildə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 2018-ci ilin yanvar ayında rəsmiləşdirmişlər. Onların birgə nikahlarından üç oğlan uşaqları olmuşdur. Hazırda oğlu Samir ilə Ceyhunənin xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. Oğlunun hər ay hər uşağa 220 manat aliment ödəmək imkanı yoxdur, heç bir yerdə işləmir. Onun əvəzin o, öz pensiyasından hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment ödəyə bilər. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli, xx/xx-1464/69 saylı arayışdan görünür ki, Cavabdeh ilə X5 arasında nikah 07 yanvar 2018-ci il tarixdə 01 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, xx/xx-1448/69 saylı arayışdan görünür ki, X11 09 dekabr 2017-ci il tarixdə Ağcabədi rayonunun Aşağı Avşar kəndində anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, xx/xx-1447/69 və xx/xx-1445/69 saylı arayışlardan görünür ki, X10 və X12 13 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda anadan olmuşlar. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cı il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, uşaqların saxlanması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində də müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, tərəflər 2016-cı il tarixdə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 07 yanvar 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. Onların birgə nikahlarından üç oğlan uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında yaşayırlar. Bununla bağlı mübahisələri yoxdur. Cavabdehin daimi iş yeri və sabit qazancı barədə rəsmi məlumat yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh sabit gəliri olmadığı üçün qazancından (gəlirindən) müəyyən hissənin tutulması mümkün olmadığından cavabdehin maddi və əmlak vəziyyəti, habelə uşaqların yüksək mənafeyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilərək cavabdehdən ərizənin verildiyi gündən, yəni 06 iyul 2023-cü il tarixdən başlayaraq sabit pul məbləğində hər ay hər uşağa 120 manat olmaqla, cəmi 360 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 64 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM- nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından 09 dekabr 2017-ci il tarixdə doğulmuş X7, 13 noyabr 2018-ci il tarixdə doğulmuş X3 və 13 noyabr 2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Cavabdeh qazancından hər ay hər uşağa 120 manat olmaqla, cəmi 360 manatsabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması 06 iyul 2023-cü il tarixdən hesablansın. Cavabdeh illik alimentin məbləğinə görə 64 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar