Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1868/2024 04.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Ağcabədi Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Ağcabədi Bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Bələdiyyəsinə qarşı 1236,43 manat əmək haqqı, 16500 manat kompensasiya və ödənilmiş 60 manat mediasiya xərci tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun oğludur. İddiaçı 11 fevral 2022-ci il tarixdən “Yüngül dərəcədə əqli gerilik, davranış pozuntusu, şəxsiyyət dəyişkənliyi, Ensefalopatiya nəticəsində baş verən ay ərzində qıcolma tutmaları və difər yanaşı xəstəliklər” diaqnozu ilə İİ qrup əlildir. Bunu təsdiq edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının bildirişi də vardır və iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar 2020-ci ilin fevral ayından 2022-ci ilin fevral ayına kimi stasionar və ambulator şəraitdə müalicədə olmuşdur. İddiaçı 17 avqust 2017-ci il tarixdən 6JT53G000010 saylı elektron müqavilə əsasında Ağcabədi Bələdiyyəsində bağban işinə qəbul olunmuş və 01 yanvar 2021-ci il tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. İddiaçının 2020-ci il ilin avqust ayınadək əmək haqqı tam ödənmişdir. Belə ki, Ağcabədi Bələdiyyəsinin 01 fvral 2023-cü il tarixli, 08 saylı ödəniş tapşırığı və 28 fevral 2023-cü il tarixli, 10 saylı ödəniş tapşırığı üzrə köçürmələrlə 2020-ci ilin iyun və iyul aylarının əmək haqları ödənmişdir. Lakin, İddiaçı 2023-cü ildə dəfələrlə əmək haqqını tələb etsə də, Ağcabədi Bələdiyyəsi tərəfindən 2020-ci ilin avqust-dekabr ayları üçün və 2020-ci ilin məzuniyyət pulu ödənilməmişdir. İddiaçı 2020-ci ilin avqust ayı üçün 181,45 manat, sentyabr ayı üçün 119,37 manat, oktyabr ayı üçün 235,25 manat, noyabr ayı üçün 235,25 manat, dekabr ayı üçün 235,25 manat və 2020-ci ilin məzuniyyət pulu üçün 229,86 manat, cəmi 1236,43 manat pulu ala bilməmişdir. Bu hal iddia ərizəsinə əlavə etmiş olduğu sənədlərlə də təsdiq olunur. Hazırda o, özü də Ağcabədi Bələdiyyəsində işləyir və İddiaçı işdən azad olunduğu vaxtlarda Ağcabədi Bələdiyyəsinin maliyyə vəziyyəti yaxşı olmadığı üçün əmək haqqını işdən azad olunduqdan sonra tələb etməmiş, hazırda Ağcabədi Bələdiyyəsinin maliyyə vəziyyəti yaxşılaşdığı üçün tələb edir. Bundan başqa, İddiaçı işdə olmadığı halda ona əmək haqqı ödənilməsi ilə bağlı Ağcabədi Bələdiyyəsinin sədri barəsində cinayət işi başlanmış və Ağcabədi Bələdiyyəsinin sədri Nümayəndə2 cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin araşdırma zamanı müstəntiq qərəzli mövqe tutmuş, oğlu İddiaçı işdə ola-ola onun işdə olmadığını qeyd etmişdir. Həmçinin, müstəntiq oğlu İddiaçı xəstəliyi ilə bağlı onu qanuni nümayəndəsinin və ya vəkilin iştirakı ilə dindirməli olduğu halda, qanunları pozaraq buna riayət etməmişdir. Göstərdiklərini nəzərə alaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Ağcabədi Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Ağcabədi Bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçı 01 avqust 2016-cı il tarixdən 01 yanvar 2021-ci il tarixədək Ağcabədi Bələdiyyəsində bağban işləmişdir, yəni Ağcabədi şəhərində yerləşən Heydər Əiyev adına Ağcabədi şəhər istirahət Parkında bağban kimi işləmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 15 fevral 2021-ci il tarixli 30 nömrəli Sərəncamı ilə Heydər Əiyev adına Ağcabədi şəhər istirahət Parkının təmizliyinə, abadlığına və qorunmasına baxan bütün işçilərin ştat vahidi üzrə aylıq əmək haqları Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin maliyyə vəsaiti hesabına ödənilməsinə qərarı verilmişdir. İddiaçı və digər bələdiyyə qulluqçuları kimi 2018, 2019-cu illərin hesabına olan əmək haqqısı 2020-ci ilin yanvar ayına qədər ödənilməmiş qalmışdır. 2020-ci ilin yanvar ayına qədər Ağcabədi Bələdiyyəsinin 67000 manat ödənməmiş əmək haqqı borcu qalmışdır. Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(017)-08/23 saylı hökmü ilə faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq 3443,26 manat məbləğində vəsaitin İddiaçı ödənilməsi ilə bağlı onun tərəfindən vəzifə səlahiyyətlərindən istifadə etməklə saxtakarlıq etməsi kimi qiymətləndirilmiş və o, məhkum edilmişdir. Həmin vəsait onun tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir. İddiaçı tələb etdiyi əmək yaqqı da həmin dövrü, yəni ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan dövrü əhatə edir. Ona görə də, iddianı qəbul etmir və göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Bələdiyyəsinin 09 sentyabr 2024-cü il tarixli, 938 saylı arayışından görünür ki, Ağcabədi Bələdiyyəsi tərəfindən İddiaçı 2020-ci ilin avqust ayı üçün 181,45 manat, sentyabr ayı üçün 119,37 manat, oktyabr ayı üçün 235,25 manat, noyabr ayı üçün 235,25 manat, dekabr ayı üçün 235,25 manat və 2020-ci ilin məzuniyyət pulu üçün 229,86 manat, cəmi 1236,43 manat əmək haqqı ödənilməmiş qalmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(017)-8/2023 saylı hökmündən görünür ki, Nümayəndə2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarda cərimə cəzası, CM-nin 313-cü maddəsi ilə 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Nümayəndə2 təyin olunmuş cəzalar tamamilə toplanılmaqla ona qəti cəza olaraq 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(017)-8/2023 saylı hökmü ilə müəyyən edilmişdir ki, Ağcabədi Bələdiyyəsinin sədri Nümayəndə2 eyni niyyətlə, 1 avqust 2016-cı il tarixdə Ağcabədi şəhər H.Əliyev adına xatirə parkına bağban kimi rəsmiləşdirilmiş İddiaçı 2020-ci ilin yanvar ayından 1 mart 2021-ci il tarixədək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş əmək haqqının hesablanması cədvəllərinə və ödəniş tapşırıqlarına xidməti otağında tamah niyyətilə İddiaçı guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil edərək şəxsən imzalayıb cinayətdən xəbərsiz olan baş mühasib Fəxri Əsədov tərəfindən imzalanmasını təmin edərək və üzərində “Azərbaycan Respublikası Ağcabədi şəhəri Ağcabədi bələdiyyəsi” yazılmış dairəvi möhürlə təsdiqləyib icraya yönəltməsindən sonra İddiaçı adına olmaqla özündə saxladığı, tərtib etdiyi 2020-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayınadək olan əmək haqqının hesablanması cədvəllərinə və ödəniş tapşırıqlarına əsasən 7 fevral 2020-ci il tarixdən 11 mart 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə aid olan 5376********4072 nömrəli plastik əmək haqqı kartına köçürülümüş cəmi 3.443,26 manat (üç min dörd yüz qırx üç manat iyirmi altı qəpik) məbləğində pul vəsaitinin İddiaçı tərəfindən Ağcabədi şəhərində yerləşən bankomatlardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə şərait yaratmaqla, cəmi 3.443,26 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə qeyd edilən qulluqçular tərəfindən faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməməsinə öz şəxsi maraqları naminə qəsdən şərait yaratmaqla bələdiyyə büdcəsində toplanmış vəsaitlərin bələdiyyə məqsədlərinə uyğun sərf edilməsi, həmin məqsədlər üçün bələdiyyə qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan Ağcabədi bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bu əməllərinə görə Ağcabədi Bələdiyyəsinin sədri Nümayəndə2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarda cərimə cəzası, CM-nin 313-cü maddəsi ilə 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Nümayəndə2 təyin olunmuş cəzalar tamamilə toplanılmaqla ona qəti cəza olaraq 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 17 avqust 2017-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək Ağcabədi Bələdiyyəsində bağban işləmiş və ona Ağcabədi Bələdiyyəsi tərəfindən 2020-ci ilin avqust ayı üçün 181,45 manat, sentyabr ayı üçün 119,37 manat, oktyabr ayı üçün 235,25 manat, noyabr ayı üçün 235,25 manat, dekabr ayı üçün 235,25 manat və 2020-ci ilin məzuniyyət pulu üçün 229,86 manat, cəmi 1236,43 manat əmək haqqı ödənilməmiş qalmışdır. Lakin, Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(017)-8/2023 saylı hökmü ilə müəyyən olunmuşdur ki, İddiaçı 2020-ci ilin yanvar ayından 1 mart 2021-ci il tarixədək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə görə ona əmək haqqı hesablanaraq ödənildiyi üçün Ağcabədi Bələdiyyəsinin sədri Nümayəndə2 cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində ittiham hökmü çıxarılmışdır. Həmin hökm qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağcabədi Bələdiyyəsinə qarşı 1236,43 manat əmək haqqı və 16500 manat kompensasiya tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 05 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh Ağcabədi Bələdiyyəsinə qarşı 1236 (bir min iki yüz otuz altı) manat 43 (qırx üç) qəpik əmək haqqı və 16500 (on altı min beş yüz) manat kompensasiya tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 60 (altımış) manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1868/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1868/2024
04.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver