Məhkəmə qərarları › İş №2(017)-2533/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2533/2025

27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2533/2025 27.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Həmin Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay 110 manat məbləğində aliment təyin edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən alimentin məbləği bu günkü minimum əmək haqqı məbləğinin 0,84 misli həddində indeksasiya olunaraq 336 manat müəyyən edilmişdir. Heç bir yerdə işləmir, hər ay 336 manat aliment ödəməyə maddi imkanı yoxdur. Boşandıqdan sonra başqa bir qadınla ailə qurmuş, həmin nikahdan da bir uşağı vardır. Bundan əlavə mütəmadi olaraq bel və böyrək ağrılarına görə müalicə alır. Ona görə də aliment miqdarının azaldılaraq hər ay 110 manat miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qətnamənin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(017)-295/2018 nömrəli qətnaməsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(017)-1087/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qazancından hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(017)-73/2025 nömrəli qərardadının surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(017)-295/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya edilərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,84 misli həddində aliment tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 207586 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında olan nikah xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-T 304075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə X6 doğulmuş, atası- İddiaçı, anası isə X3r. "Azərbaycan Respublikasında 2025-cu il üçün Yaşayış minimumu haqqında" Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanmaları üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsindən isə görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmalıdır. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasının Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Nəzərə alınmalıdır ki, qanunvericilik insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalət bərpa edilsin. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarının 29 və 30-cu bəndlərində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi ölkə üzrə 2025-ci ildə minimum əmək haqqı məbləği cəmi 400 manat olduğu halda İddiaçı bir uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində, yəni 336 manat aliment məbləğinin tutulması indeksasiya edilmişdiri ki, həmin məbləğin cavabdeh tərəfindən ödənilməsi ağlabatan və mümkün görünmür. Beləliklə, məhkəmə yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, o cümlədən hər iki tərəfin və uşaqların mənafeyini, İddiaçı iddia ərizəsində göstərdiklərini, onun yenidən ailə qurmasını və xx.xx.2014-cü il tarixdə X6 adlı uşağının doğulmasını, ümumilikdə ailə vəziyyəti, maddi vəziyyəti ilə bağlı göstərdiklərini nəzərə alaraq hesab edir ki, onun ərizəsi hazırkı vəziyyətdə uşaqların təminatı baxımından qismən təmin edilməli, aliment məbləği azaldılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hər ay, bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində müəyyən edilməlidir. Belə ki, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində, yəni 336 manat məbləğində müəyyən edilmiş alimentin məbləği İddiaçı maddi və ailə vəziyyətinə uyğun deyildir. Çünki, Ailə Məcəlləsində də göstərildiyi kimi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən hər hansı birinin maddi vəziyyətində dəyişiklik olmalıdır. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-295/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 8(017)- 73/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılsın. xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün İddiaçı tutulan aliment məbləği hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hər ay, bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,5 mislində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar