Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2885/2025 13.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(004)-199/2025 nömrəli qərardadı ilə 11 mart 2019-cu il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər ay ölkə üzrə minimum əmək haqqı miqdarının 0,50 misli həddində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah qeydi pozulmuş və birgə nikahlarından 11 mart 2019-cu il tarixdə anadan olmuş X7 adlı bir nəfər uşaqları cavabdehin himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Daha sonra Cavabdeh müraciəti əsasında təyin edilmiş aliment məbləği Yasamal Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(004)-199/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, 11 mart 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bu isə faktiki olaraq, 356 manat məbləğində aliment məbləği deməkdir. Hazırda o, X6 ilə ailə qurmuş və həmin nikahdan 20 avqust 2021-ci il tarixdə X4 adlı bir nəfər oğlu olmuşdur. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə onunla İddiaçı arasında olan nikah qeydi pozulmuş və birgə nikahlarından 11 mart 2019-cu il tarixdə anadan olmuş X7 adlı bir nəfər uşaqları onun himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Sonradan onun müraciəti əsasında təyin edilmiş aliment məbləği Yasamal Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(004)-199/2025 qərardadı ilə indeksasiya olunmuş və alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində müəyyən edilmişdir. Uşağı xəstə olduğu üçün onun təlabatını ödəyə bilmir. Hazırda o, uşağının saxlanması üçün çətinlik çəkir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş “MyGov” portalından çıxarışdan görünür ki, İddiaçı ilə X6 arasında 22 avqust 2020-ci il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzinin 1 saylı Qeydiyyat Şöbəsində bağlanmış nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş “MyGov” portalından çıxarışdan görünür ki, X4 20 avqust 2021-ci il tarixdə anadan olmuş, onun atası İddiaçı, X2r. İşdə olan və məhkəmə iclasında elan olunmuş Yasamal Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(004)-199/2025 nömrəli qərardadının surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(004)-3694/2019 qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilmiş, 11 mart 2019-cu anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(004)-199/2025 nömrəli qərardadına əsasən Yasamal Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(004)-3694/2019 qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilmiş, 11 mart 2019-cu anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bu isə faktiki olaraq 356 manat məbləğində müəyyənləşdirilmişdir (0,89 x 400 manat). Hazırda İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi pozulduqdan sonra İddiaçı yenidən rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmiş və bu nikahdan 20 avqust 2021-ci il təvəllüdlü X4 adlı bir nəfər uşağı vardır. Bu isə məhkəmə qərarından sonra iddiaçının maddi vəziyyətində əsaslı dəyişikliyin olduğuna əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(004)-3694/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş və Yasamal Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(004)-199/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı 11 mart 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(004)-3694/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş və Yasamal Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 8(004)-199/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı 11 mart 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2885/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2885/2025
13.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver