Məhkəmə qərarları › İş №2(017)-334/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-334/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-334/2024 22.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən onlara Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına şəhadətnamə verilmişdir. Cavabdeh həmin torpaq sahəsinin aralarında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə əsasında ona məxsus olduğunu iddia edərək torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Guya 2006-cı ildə onun müalicəsi ilə bağlı 400 manat pul götürülmüş, həmin borc isə mübahisəli torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Müqavilə yazılan və imzalanan vaxt yataq xəstəsi olmuş, müalicə müəssisəsində stasionar müalicə almışdır. Həmin müqavilə sonradan tərtib olunmuşdur. Xətşünaslıq ekspertizası təyin olunarsa xx.xx.2006-cı il tarixli müqavilənin onlar tərəfindən imzalanmadığı müəyyən olunar. Hal-hazırda da mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində olsa da, onların mülkiyyətindədir. Ona görə də mülkiyyətlərində olan Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsinin Cavabdeh adlarından satılmasına dair tərtib edilmiş və Poladlı bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin satılmasını ona demişlər. Həmin torpaq sahəsi ona yaxın olduğu üçün almaq qərarına gəlmişdir. Bu səbəbdən pul tapıb həmin torpaq sahəsini almışdır. Bu barədə aralarında müqavilə bağlanmış və tərəflər öz imzaları ilə həmin müqaviləni təsdiq etmişlər. Sonradan polisə şikayət olunmuş, ekspertiza keçirilmiş və müqavilədə olan imzanın iddiaçılara aid olduğu müəyyən olunmuşdur. Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi ilə əlaqədar aralarında yaranmış mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.3-cü maddələrinin tələblərinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, mülkiyyətlərində olan Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin Cavabdeh adlarından satılmasına dair tərtib edilmiş və Poladlı bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli müqavilədə adlarının qarşısındakı imza onlara məxsus deyildir. Müqavilə yazılan və imzalanan vaxt yataq xəstəsi olmuş, müalicə müəssisəsində stasionar müalicə almışdır. Həmin müqavilə sonradan tərtib olunmuşdur. Xətşünaslıq ekspertizası təyin olunarsa xx.xx.2006-cı il tarixli müqavilənin onlar tərəfindən imzalanmadığı müəyyən olunar. Məhz bu əsasla xx.xx.2006cı il tarixli müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Cavabdehin iddiaya münasibətindən müəyyən edilir ki, o, iddiaçı ilə 2006-cı ildə mübahisəli torpağa dair alğı-satqı müqaviləsi bağlamışlar. Cavabdehlər yaşadıqları kəndin ərazisində yerləşən həmin torpaq sahəsindən Rüstəmovlar ailəsinin açıq-aşkar və fasiləsiz istifadəsinə 17 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Rüstəmovlar iddiaçıların bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişlər. İşin bu hallarına Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsi ilə də, hüquqi qiymət verilmişdir. Belə ki, həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, işdə olan Ağcabədi rayonunun Poladlı bələdiyyəsinin möhürü və tərəflərin imzası ilə təsdiq edilmiş 06 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, JN 048 B kod 60812038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarına əsasən İddiaçı1 və İddiaçı2 (habelə uşaqları xx.xx.1996-cı il təvəllüdlü X1) mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsini İddiaçı1 və İddiaçı2 400 manat məbləğə Cavabdeh satmışlar. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, adıçəkilən 06 noyabr 2006-cı il tarixli müqavilədəki İddiaçı1 və İddiaçı2 adının qarşısındakı imzalar müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən icra edilmiş və imzalar özlərinə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə yaranmış hüquq münasibətinə həm MPM-nin 82.3-cü maddəsi, həm də subyektiv hüququnun olmaması əsası ilə qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 23 fevral 2016-cı il Qərarında Kontitusiya Məhkəməsi Plenumu belə qənaətə gəlmişdir ki, məhkəmə qərarının preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktlarının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsini, yəni subyektiv tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə, iddiaçı ilə cavabdeh arasında 2006-cı il tarixdə etibarlı əqdin mövcud olması və istinad olunan yazılı qəbzlərin həqiqi olması müəyyən olunmuş və həmin qətnamələr qanuni qüvvəsini almışdır. Əvvəlki məhkəmə aktları ilə işdə iştirak edən şəxslər tərəfindən müəyyən edilmiş faktların hazırkı iddia üzrə mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu isə onu göstərir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən olunan faktiki hallar hazırki tələb üzrə baxılan iş üçün preyudisiyallığı mövcud olmuşdur. Belə olan halda isə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbi üzrə iddia qaldırmaları üçün subyektiv hüquqları qalmır. Qeyd edilənlərlə əlaqədar nəzərə alınmalıdır ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən qiymət verərək hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiaları qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar