Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-351/2024 25.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı və nümayəndəsi X2, Cavabdeh və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsinə və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə X8 və xx.xx.2022-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Tərəflərin nikahı olmadığı üçün Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların atalığı müəyyən olunaraq hə ay hər uşağa 130 manat aliment təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar təyin edilmiş alimenti iddiaçı ödəməkdə çətinlik çəkir. Ona görə də iddianın təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 130 manat alimentin miqdarının azaldılaraq hər ay hər uşağa 80 manat aliment təyin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə etdi, iddianı qəbul etmədi və verdiyi izahatında göstərdi ki, İddiaçı ilə faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə X8 və xx.xx.2022-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Onların nikahı olmadığı üçün Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların atalığı müəyyən olunaraq hə ay hər uşağa 130 manat aliment təyin edilmişdir. Təyin edilmiş alimentlə uşaqların tələbatını güclə ödəyir. Ona görə də qarşılıqlı iddianın təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə hər uşaq üçün təyin edilmiş 130 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 235 manat aliment təyin edilməsi və ilkin iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəməm tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikahından xx.xx.2017-ci il tarixdə X8 və xx.xx.2022-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından doğulmuş X5 və X1 atalığı müəyyən olunaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hə ay hər uşağa görə 130 manat aliment təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanmaları üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsindən isə görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmə qətnaməsinə əsasən hər ay hər uşağın saxlanması üçün təyin olunmuş 130 manat məbləğində aliment uşağın gündəlik ehtiyaclarını və artan tələbatını güclə ödəyir. Təyin olunmuş alimentin azaldılması və artırılması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Sadalanan qanunvericilik normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş aliment miqdarının dəyişdirilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Nəzərə alınmalıdır ki, qanunvericilik insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalət bərpa edilsin. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Beləliklə, məhkəmə yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və uşaqların mənafeyi ilə üzərinə aliment öhdəliyi qoyulan valideynin maddi imkanları arasında ədalət tarazlığına riayət olunması zərurəti nəzərə alınmaqla, iddia və qarşılıqlı iddia qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmədə sübut etmə yükünü daşıyan tərəflər iddia və qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni alimentin miqdarının azaldılmasına və artırılmasına əsas verən halların mövcud olmasını sübut edə bilmədilər. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-351/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-351/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver