Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-551/2024 01.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağcabədi şəhər sakini Cavabdeh ilə 10 mart 2021-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 15 dekabr 2021-ci il tarixdə Fərhad adlı uşaqları olmuşdur. Cavabdeh ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılıb ayrı yaşayırlar. Uşağı Fərhad onun himayəsindədir. Cavabdehlə ayrı yaşadıqları müddət ərzində cavabdeh nə ona, nədə uşağına heç bir maddi köməklik etməmişdir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olur, əlavə olaraq fəhlələri günəmuzd işə aparıb gətirirdi və kifayət qədər qazancı olur. Uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, cavabdehlə birgə yaşadıqları dövrdə 15 dekabr 2021-ci tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh qazancından tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehdən 9 aya yaxın müddət olar ki, faktiki ayrılaraq atası evində yaşadığını, cavabdehin taksi sürücülüyü ilə məşğul olduğunu, əlavə olaraq günəmuzd fəhlələri daşıyan iki ədəd avtomobillərinin olduğunu və kifayət qədər qazancı bildirib, bir uşağın saxlanması üçün hər ay 235 manat aliment təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, o, Lamiyə ilə 10 mart 2021-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 15 dekabr 2021-ci il tarixdə Fərhad adlı uşaqları olmuşdur. Hazırda onların xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. O, rəsmi olaraq heç bir yerdə işləmir. Taksi sürücülüyü ilə məşğuldur və maddi imkanı zəif olduğu üçün hər ay 60-70 manat aliment ödəyə bilər. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya təşkilatı ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə 02 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh 15 dekabr 2021-ci tarixdə anadan olmuşdur. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cı il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, uşaqların saxlanması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində də müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024cü ildə uşaqların yaşayış minimumu 235 manat məbləğdə müəyyən olunmuşdur. Məhkəmədə araşdırma zamanı müəyyən edildi ki, tərəflər 10 mart 2021-ci il tarixdə rəsmi olaraq evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 15 dekabr 2021-ci il tarixdə X2 adlı bir oğlan uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılaraq ayrı yaşayırlar. Uşaq iddiaçının yanında yaşayır. Bununla bağlı mübahisələri yoxdur. Cavabdehin daimi iş yeri və sabit qazancı barədə rəsmi məlumat yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh sabit gəliri olmadığı üçün qazancından (gəlirindən) müəyyən hissənin tutulması mümkün olmadığından cavabdehin maddi və əmlak vəziyyəti, habelə uşağın yüksək mənafeyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilərək cavabdehdən ərizənin verildiyi gündən, yəni 06 fevral 2024-cü il tarixdən başlayaraq sabit pul məbləğində hər ay 170 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 41 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM- nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından 15 dekabr 2021-ci tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay 170 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması 06 fevral 2024-cü il tarixdən hesablansın. Cavabdeh illik alimentin məbləğinə görə 41 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-551/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-551/2024
01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver