Məhkəmə qərarları › İş №2(017)-585/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-585/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-585/2024 29.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 sentyabr 2008-ci ildə anadan olmuş X4, 30 avqust 2012-ci ildə anadan olmuş X5 və 29 dekabr 2019-cu ildə anadan olmuş X2 onun yanında saxlanılması və Cavabdeh həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edrərək 30 sentyabr 2008-ci ildə anadan olmuş X4, 30 avqust 2012-ci ildə anadan olmuş X5 və 29 dekabr 2019-cu ildə anadan olmuş X3 adlı üç nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə el adəti ilə evlənib ailə həyatı qurmuş və 10 sentyabr 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 30 sentyabr 2008-ci ildə X4 adlı bir nəfər uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılıqlara görə Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2012-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Ayrıldıqdan sonra yenidən barışaraq bir müddət bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə 30 avqust 2012-ci ildə X5 və 29 dekabr 2019-cu ildə X3 adlı iki nəfər uşaqları anadan olmuşdur. Lakin, sonradan yenə də yaşayırlar. Cavabdehdən ayrıldıqdan sonra uşaqlar onun yanında yaşamışlar və cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqların saxlanması üçün ona heç bir yardım göstərməmiş və hazırda da uşaqlarının saxlanmasında çətinlik çəkir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 30 sentyabr 2008-ci ildə anadan olmuş X4, 30 avqust 2012-ci ildə anadan olmuş X5 və 29 dekabr 2019-cu ildə anadan olmuş X3 adlı üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə el adəti ilə evlənib ailə həyatı qurmuş və 10 sentyabr 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 30 sentyabr 2008-ci ildə X4 adlı bir nəfər uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılıqlara görə Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2012-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Ayrıldıqdan sonra yenidən barışaraq bir müddət bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə 30 avqust 2012-ci ildə X5 və 29 dekabr 2019-cu ildə X3 adlı iki nəfər uşaqları anadan olmuşdur. Lakin, yenə də yaşayırlar. Hazırda da uşaqlar iddiaçının yanında yaşayır. İddianı qəbul edir və iddianın təmin olunmasına heç bir etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 sentyabr 2008-ci il tarixdə, X5 30 avqust 2012-ci il tarixdə və X3 29 dekabr 2019-cu il tarixdə olmuş və onların atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2012-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan 10 sentyabr 2009-cu il tarixli nikah pozulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. İş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında uşaqların saxlanmaları üçün aliment ödənilməsi barədə heç bir saziş yoxdur. 30 sentyabr 2008-ci ildə anadan olmuş X4, 30 avqust 2012-ci ildə anadan olmuş X5 və 29 dekabr 2019-cu ildə anadan olmuş X3 adlı üç nəfər uşaqlar iddiaçının yanında yaşayır. İddiaçının yanında yaşayan həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək 30 sentyabr 2008-ci ildə anadan olmuş X4, 30 avqust 2012-ci ildə anadan olmuş X5 və 29 dekabr 2019-cu ildə anadan olmuş X3 adlı üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 13 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 59 manat 60 qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 30 sentyabr 2008-ci ildə anadan olmuş X4, 30 avqust 2012-ci ildə anadan olmuş X5 və 29 dekabr 2019-cu ildə anadan olmuş X3 adlı üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment 13 fevral 2024-cü il tarixdən başlanaraq tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Əlavə olaraq Cavabdeh 59 (əlli doqquz) manat 60 (altımış) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət nəfinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar