Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-100/2023 16.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi və İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Mirəli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı “alimentin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan doğulmuş 30 mart 2016-cı il təvəllüdlü X3 və 06 avqust 2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay, aylıq qazancının üçdə bir hissəsində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədi. Onu nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında təmsil etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərdi ki, İddiaçı 2015-ci ildə Cavabdeh ilə faktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 04 iyun 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşayışlarından 30 mart 2016-cı il təvəllüdlü X5 və 06 iyun 2022-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Aralarındakı narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra Cavabdeh ailəsinə və uşaqlarına baxmır. Həmin vaxtdan cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Mirəli oğlu iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı 2015-ci ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər, onların birgə yaşayışlarından 30 mart 2016-cı il təvəllüdlü X5 və 06 iyun 2022-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Cavabdeh uşaqlarının saxlanması üçün hər ay, hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment verməyə razıdır. Ona görə də sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmaqla, Astara rayonu Çayoba kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnaməsi”-nin surətindən görünür ki, iddiaçı X7 ilə Cavabdeh arasında olan nikah 04 iyun 2016-cı il tarixdə 62 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Ağagülzadə” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamələri”-ndən görünür ki, 30 mart 2016-cı il təvəllüdlü X5 və 06 iyun 2022-ci il təvəllüdlü X4 ataları Cavabdeh, anaları isə İddiaçı kimi qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, 08 noyabr 2022-ci il tarixdə saat 12:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 05 gün əvvəlcədən yaşayış ünvanına məktub göndərilməklə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında iş materiallarına əsasən müəyyən olundu ki, İddiaçı 2015-ci ildə Cavabdeh ilə faktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 04 iyun 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşayışlarından 30 mart 2016-cı il təvəllüdlü X5 və 06 iyun 2022-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Aralarındakı narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar analarının yanında qalmışdır. Cavabdeh daimi işi olmaqla sabit qazancı vardır. Ona görə də İddiaçı Cavabdeh hər ay, aylıq qazancının üçdə bir hissəsində alimentin tutularaq ona verilməsi barədə qətnamnə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 30 mart 2016-cı il təvəllüdlü X5 və 06 iyun 2022-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, Cavabdeh aylıq qazancının üçdə bir hissəsində alimentin tutularaq iddiaçıya ödənilməsi daha ədalətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunan Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh uşaqları saxlamadığından uşaqların saxlanmaları üçün ondan aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə uşaqların saxlanılmaları ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və qeyd edir ki, cavabdehin hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulması qanunvericiliyin tələbinə uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tutulması üçün 05 dekabr 2022-ci il tarixində məhkəməyə müraciət etdiyindən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, 08 noyabr 2022-ci il tarixdə saat 09:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 05 gün əvvəlcədən yaşayış ünvanına məktub göndərilməklə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X8 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbinə dair” iddiası təmin edilsin. 30 mart 2016-cı il təvəllüdlü X5 və 06 iyun 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 dekabr 2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-100/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-100/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver