Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1064/2025 19.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 iyun 2015-ci il təvəllüdlü X1, 12 iyul 2017-ci il təvəllüdlü X3 və 12 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0.80 misli miqdarında sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi, habelə tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrində nəzərdə tutulmuş forma və məzmuna riayət olunmadan verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci madddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 03 aprel 2025-ci il tarixli barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi arasında könüllü razılıq əldə olunmuş hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin hər ayın 25-30-u aralığında olmaqla ödənilməsi öhdəlik olaraq cavabdeh tərəfindən götürülmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış, 03 aprel 2025-ci il tarixli barışıq sazişi müqavilə qüvvəsinə malikdir. Sazişin 6-cı bəndinə uyğun olaraq sazişin icra müddəti hər ayın 25-30 aralığı müəyyən edilmişdir. Sazişin 7-ci bəndində isə tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən könüllü icradan böyün qaçırmaya görə qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı sazişin könüllü icrası üçün müəyyən olunmuş müddət bitdiyi zaman cavabdeh tərəfindən icra edilmədiyi halda barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə və ya müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməklə məhkəmə qaydasında aliment tələb edə bilərdi. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı 10 aprel 2025-ci il tarixdə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Astara Rayon Məhkəməsinin 2(018)-819/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verilərkən yol verilən nöqsanlar göstərilməklə iddia ərizəsi geri qaytarılmış, lakin iddiaçı qərardadda göstərilən çatışmamazlıqları aradan qaldırmadan təkrarən eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüquqlarının olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1064/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1064/2025
19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver