Məhkəmə qərarları › İş №2(018)-1079/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1079/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1079/2025 10.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(018)-33/2025 saylı qərardadı ilə ona qarşı müəyyən olunmuş 380 manat məbləğində alimentin azaldılaraq 150 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiasının tam təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu münasibətdən xx.xx.2011-ci il tarixdə X5 adlı bir övlad dünyaya gəlmişdir. Münasibətlər pozulduğundan tərəflər faktiki olaraq ayrı yaşamışdır. Cavabdeh onun ikinci həyat yoldaşı olmuş, birinci evliliyini isə 2002-ci ildə X4 ilə faktiki nikaha daxil olmaqla qurmuş, həmin nikah 2012-ci ildə rəsmiləşdirilmişdir. Rəsmi nikahdan xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı üç övladı olmuşdur. Faktiki nikah pozulduqdan sonra cavabdeh məhkəməyə müraciət edərək ondan 2013-cü il üçün böyük məbləğ olan 100 manat aliment təyin edilməsini tələb etmiş və bu məbləğ məhkəmə tərəfindən müəyyən edilmişdir. Ötən illər ərzində müəyyən edilmiş aliment məbləğini böyük çətinliklərlə ödəyərək, yığılmış borcu da yaxın qohumlarının dəstəyi ilə bağlamışdır. Sonradan cavabdeh Astara Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksasiyasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(018)- 33/2025 saylı qərardadı ilə aliment məbləği 2025-ci ilə indeksasiya olunaraq minimum əmək haqqının 0,95 misli – yəni 380 manat məbləğində müəyyən edilmişdir. Qərar Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli plenum qərarına istinad edilərək çıxarılmışdır. Müraciət edən şəxs bildirmişdir ki, hal-hazırda işsizdir, yalnız toylarda mahnı oxumaqla dolanır, ayda 1-2 tədbirə dəvət aldığı halda sevinir. Özünün və həyat yoldaşının bir neçə xəstəlikdən əziyyət çəkməsi, həmçinin fiziki sağlamlığının zəif olması səbəbindən daimi işlə təmin olunma imkanı yoxdur. Ailəsinin dolanışığını böyük çətinliklə təmin edir. Hazırkı dövrdə ölkədə işləyən şəxslərə belə bu qədər yüksək aliment təyin edilmədiyi halda, onun bu məbləği ödəyə bilməsi üçün aylıq gəliri minimum 1600 manat təşkil etməlidir ki, bu da real deyil. Qanunvericiliyə əsasən uşağın saxlanılması hər iki valideynin borcu olduğu halda, yalnız bir valideynin üzərinə bu məsuliyyətin tam şəkildə qoyulması ədalətli hesab edilmir. Ölkə üzrə 2025-ci il üçün uşağın yaşayış minimumu 246 manat nəzərdə tutulmuş və bu məbləğin yalnız 123 manatlıq hissəsinin onun öhdəsinə düşməsi məqsədəuyğun hesab edilməlidir. Vahid məhkəmə təcrübəsinə əsasən birinci instansiya məhkəmələri bir uşağa görə alimenti əsasən 180-200 manat, iki uşağa görə isə 150-170 manat aralığında müəyyən edir. Halbuki ona qarşı 380 manat məbləğində aliment təyin olunmuş, bu isə birdən-birə üçqat artım təşkil etmişdir. Onun maddi vəziyyətində belə ciddi bir dəyişiklik baş vermədiyi halda bu qədər artımın səbəbsiz olması əsaslı narazılıq doğurur. Mediasiya şöbəsinə alimentin azaldılması barədə müraciət etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Odur ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(018)-33/2025 saylı qərardadı ilə ona qarşı müəyyən olunmuş 380 manat məbləğində alimentin azaldılaraq 150 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh toylara gedir və çox yaxşı qazanc əldə edir. Bundan başqa ay Zaur verilişində iştirak etmək üçün ödəniş edir. Lakin övladına aliment ödəmək üçün isə deyir pulu yoxdur. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli 2(106)-921/2013 saylı qətnaməsi ilə 18 dekabr 2011-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmuşdur. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş MŞL-00459 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Astara rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli 2(106)-921/2013 saylı qətnaməsi ilə 18 dekabr 2011-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmuş və iddiaçı ərizəsində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun və yaxud cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə şərh edilənləri və Astara rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında göstərilən, Şirvan Apellyasiya Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli 2(106)-921/2013 saylı qətnaməsi ilə 18 dekabr 2011-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmasını, iddiaçı ərizəsində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun və yaxud cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar