Məhkəmə qərarları › İş №2(018)-1252/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1252/2025

08.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1252/2025 08.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ildə faktiki olaraq evlənmişlər, onunla ər-arvad olaraq bir təsərrüfatda yaşamışlar. Bu münasibətdən xx.xx.2023-cü il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Hansı ki, Cavabdeh ondan doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində 347 nömrəli atalığın müəyyən edilməsi haqqında akt tərtib olunmuşdur. Cavabdeh Əkrəm Mirzəzadənin əvvəllər həm onunla həmdə uşaqla münasibəti normal olmuşdur. Lakin sonradan heç bir əsaslı səbəblər olmadan uşağının saxlanılması üçün maddi yardım göstərməmişdir. Odur ki, məhkəməyə aliment tələbi ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 iyun 2025-ci il tarixli 746 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş, 21 iyun 2025-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2023-cü ildə Astara şəhərində İddiaçı doğulmuş X6 atası Cavabdeh hesab edilmişdir. İş materiallarına əlavə edilmiş, 21 iyun 2025-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X1 şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş, “İlkin mediasiya sessiyasında iştirak etdilməməsi barədə” Arayışdan görünür ki, 20 iyun 2025-ci il tarixində, saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı 60 manat İMS xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əməkhaqqının miqdarı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin bir uşaqları var. Hal-hazırda uşaq iddiaçının yanında qalır. İddiaçı həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavadehdən 250 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün minimum əmək haqqının 0.425 misli həddində müəyyən edilməlidir. Belə ki, iddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tələb etsə də, iddiaçı tərəfindən cavabdehin əmək haqqı, kifayət qədər gəliri olması ilə bağlı hər hansı bir əsas gətirilməmiş, bu barədə sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin başqa bir nikahdan övladı var və onun üçün də aliment ödəməkdədir. Belə olan halda, alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib deyildir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan aliment hər ay sonrakı artımlar nəzərə alınmaqla hər ay 2025-ci il üçün minimum əmək haqqının 0.425 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu halda alimentin miqdarı hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın marağı əhəmiyyətli dərəcədə pozulmuş olar. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq məhhəmə hesab edir ki, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay sonrakı artımlar nəzərə alınmaqla əmək haqqının 0.425 misli miqdarında alimentin tutulması qərara alındığından bir il ərzində ödəmələrin məcmusu 2040 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 40.40 (qırx manat qırx qəpik) manat təşkil edir. Odur ki, cavabdehdən 40.40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası qismən təmin edilsin. 07 iyul 2025-ci il tarixindən başlayaraq 02 iyun 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.425 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə 40.40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar