Məhkəmə qərarları › İş №2(018)-1282/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1282/2025

08.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1282/2025 08.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 2(018)-45/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadına əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.692 misli həddində indeksasiya olunmuş alimentin məbləğinin dəyişdirlərək hər ay hər uşaq üçün 120 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)- 1052/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nikahın pozulması və alimentin ödənilməsi” tələbi barədə iddiasının təmin edilməsi, iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında 12 yanvar 2009-cu il tarixində Astara rayon Suparibağ kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 14 sentyabr 2009-cu il təvəllüdlü X6 və 28 yanvar 2013-cü il təvəllüdlü X2 anaları X3 himayəsində saxlanılması, 14 sentyabr 2009-cu il təvəllüdlü X6 və 28 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 mart 2018-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay bir uşaq üçün 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. O, həmin qət edilmiş alimenti ödəməkdə çətinlik çəkdiyi bir halda tələbkar ərizə ilə məhkəməyə müraciət edərək alimentin indeksasiya olunmasını xahiş etmiş və Astara Rayon Məhkəməsinin 8(018)-45/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadına əsasən Astara Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(018)-1052/2018 saylı qətnaməsi ilə xx.xx.2009cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan alimenint hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.692 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardan narazı olduğu üçün şikayət etmiş, məhkəmə onun şikayətini təmin etməmiş, işi apellyasiya məhkəməsinə göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-41/2025 saylı, 20 may 2025-ci il tarixli qərardadına əsasən Astara Rayon Məhkəməsinin 2(018)-45/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasına etdiyi şikayətində göstərməklə yanaşı məhkəmə iclas zalında da bildirmişdir ki, hazırkı qərardaddan sonra hər uşağa görə ayrılıqda ödədiyi aylıq 90 manat olmaqla cəmi 180 manat aliment məbləği hər uşağa görə 276.8 manat olmaqla ümumilikdə 553.6 manat həddinə gəlib çatmışdır. Ali Məhkəmənin Plenum qərarında olan ziddiyyətlərin aradan qaldırılması üçün şərhə ehtiyac vardır. Belə ki, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manatdır. Lakin onun üçün 276.8 manat aliment kəsilmişdir. Aldığı aylıq əmək haqqı isə 400 manat məbləğ təşkil edir. Əgər Cavabdeh ayrıca iddia icraatında ona qarşı alimentin artırılması ilə bağlı iddia qaldırsaydı sözsüz ki, aliment məbləği bu qədər qalxmayacaqdı. Ən yüksək aliment uşaqlar üçün yaşayış minimumu həcmində kəsilir. Məhkəmə Kollegiyası onun ödəməli olduğu alimenti uşaqlar üçün yaşayış minimumu həcmindən də yüksək kəsmişdir. O aldığı əmək haqqı barədə arayışı təqdim etdiyi halda Məhkəmə Kollegiyası bu ədalətsiz qərarı qəbul etməklə onun bütün hüquqlarını pozmuşdur. Məhkəmə Kollegiyası onun fikirlərini heçə saymış, aldığı əmək haqqının 400 manat olmasını nəzərə almamış, ödənilməli olan 553.6 manat alimenti ödəyəcəyini üzərinə öhdəlik kimi qoymuşdur. Bununla da onun konstitusiyon hüquqları pozulmuşdur. Həmin hüquqlarının bərpası üçün o məcbur qalıb yenidən alimentin miqdarının azaldılması tələbi ilə bağlı məhkəməyə iddia vermək məcburiyyətində qalmışdır. Əgər məhkəmə kollegiyası ədalətli qərar qəbul etsəydi o iddia verilməsi üçün məhkəmə xərclərini ödəmək əvəzinə həmin çəkdiyi xərcləri uşaqlarına aliment kimi ödəyərdi. Göstərdiklərini, maddi durumunu, aldığı əmək haqqının nəzərə alınmasını və məhkəmədən müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, hər ay hər uşağa görə 120 manat həcmində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək, məhkəmədə iştirak edə bilməyəcəyini, İddiaçı iddiasının rədd edilməsini, xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 iyun 2025-ci il tarixli 719 saylı arayışdan görünür ki, İddiaçı Astara şəhəri, H.Əliyev prospekti 20/5 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1052/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nikahın pozulması və alimentin ödənilməsi” tələbi barədə iddiasının təmin edilməsi, iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında 12 yanvar 2009-cu il tarixində Astara rayon Suparibağ kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 14 sentyabr 2009cu il təvəllüdlü X6 və 28 yanvar 2013-cü il təvəllüdlü X2 anaları X3 himayəsində saxlanılması, 14 sentyabr 2009-cu il təvəllüdlü X6 və 28 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 mart 2018-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay bir uşaq üçün 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, Astara Rayon Məhkəməsinin 8(018)-45/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadından görünür ki, Astara Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(018)-1052/2018 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan aliment hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.692 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-41/2025 saylı, 20 may 2025-ci il tarixli qərardadından görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-45/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışıdr. İş materiallarına əlavə edilmiş, “İlkin mediasiya sessiyasında iştirak etdilməməsi barədə” Arayışdan görünür ki, 13 iyun 2025-ci il tarixində, saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı 60 manat İMS xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş, Astara rayon İHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 719 saylı arayışdan görünür ki, İddiaçı Astara şəhəri, H.Əliyev prospekti 20/5 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş, DOST İş Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı DOST İş Mərkəzi MMC-də Astara rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır və aylıq əmək haqısı 400 manatdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən Astara Rayon Məhkəməsinin hesabına iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə iki hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.13 və 8.14-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əməkhaqqının miqdarı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin birgə nikahdan iki uşaqları var. Tərəflərin nikahı pozulmuş, iki uşaq cavabdehin himayəsində saxlanılmış, hər uşaq üçün 90 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh alimentin indeksasiya olunması üçün məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə 90 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq hər uşaq üçün minimum əmək haqqının 0.692 misli həddində müəyyən edilmişdir. İddiaçı 400 manat əmək haqqı alır. İndeksasiya olunmuş məbləğ isə hər uşaq üçün 277 manata yaxın məbləğ edir. Bu isə iddiaçının maddi vəziyyətini həddindən artıq ağırlaşdırır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı tutulan alimentin məbləği aaldılmalıdır. Belə ki, 2018-ci ildə iddiaçıdan hər uşaq üçün 90 manat alimentin tutulması qət edilmiş, 2025-ci il tarixə həmin məbləğ minimum əmək haqqına münasibətdə indeksasiya olunmuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələbindən irəli gələrək məhkəmə alimentin miqdarını indeksasiya edərkən alimentin məbləğini artıra və ya azalda bilməz. İndeksasiya olunmaqla tutulmalı olan məbləğ isə 2025-ci il üçün uşaqlara görə müəyyən edilən yaşayış minimumundan çox olmaqla yanaşı, aşkar surətdə iddiaçının əmək haqqına mütənasib deyil. Bu isə, iddiaçını maddi cəhətdən ağır vəziyyətə salmaqla onun yaşayış minimumunun pozulmasına səbəb olur. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. yaşayış Cavabdeh İddiaçının xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıdan tutulmalı olan alimentin miqdarı hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün minimum əmək haqqının 0.375 misli həddində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu halda alimentin miqdarı hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın marağı əhəmiyyətli dərəcədə pozulmuş olar. Bundan başqa, məhkəmə azaldılmış alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, azaldılmış alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmağa başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhhəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməldir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-45/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadına əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı tutulan və hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.692 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılaraq hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.375 misli həddində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsümü iddiaçının özünə aid edilsin. Azaldılmış alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar