Məhkəmə qərarları › İş №2(018)-1359/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1359/2025

01.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1359/2025 01.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub yetkinlik yaşına çatana qədər uşaqlar – xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə ödənilməsini, həmçinin ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə onun rəsmi nikah münasibətindən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X8 adında uşaqları dünyaya gəlmişdir.Tərəflərin xasiyyəti uyğun gəlmədiyindən Astara Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(018)-99/2022 saylı qətnaməsinə əsasən onların arasında olan nikah pozulmuşdur.Nikah pozularkən iddiaçı aliment tələbi irəli sürməmişdir.Hazırda uşaqlar məktəb yaşındadır, onların əlavə xərcləri çoxdur.Cavabdeh uşaqların saxlanılması üçün könüllü olaraq heç bir maliyyə köməyi göstərmir. Odur ki, Cavabdeh hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub yetkinlik yaşına çatana qədər uşaqlar – xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə ödənilməsini, həmçinin ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə iddiaçı Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- X6 qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- X6 qeyd edilmişdir. İş materialına əlavə edilmiş MŞL-00748 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materialında olan Astara RİHB-nın Suparibağ kənd İƏDÜN-nin xx.xx.2025-ci il tarixli 435 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu, Rüdəkənar kəndində yaşayır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İş materialında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı 60 (altmış) manat mediasiya xərci ödəmişdir. Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 iyul 2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir.Cavabdeh mediasiya üçün ödənilmiş 60 manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 21 iyul 2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh mediasiya üçün ödənilmiş 60 (altmış) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar