Məhkəmə qərarları › İş №2(018)-1900/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1900/2025

15.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1900/2025 15.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mürsel oğluna qarşı 17 yanvar 2020-ci il təvəllüdlü X2 üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı 17 yanvar 2020-ci il təvəllüdlü qızı Güleç Ecemin saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatı üçün ödənilmiş 60 manat pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə Türkiyə Respublikasının vətəndaşı Cavabdehlə faktiki nikah münasibətlərinə daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə Güleç Ecem adda bir uşaqları doğulmuşdur. İddiaçı 2021-ci ildə Azərbaycana gəlmiş və 2025-ci ilin fevral ayına kimi, burada qaldıqdan sonra 2025-ci ilin may ayında Türkiyəyə qayıtmışdır. Türkiyəyə qayıtdıqdan sonra iddiaçı bilmişdir ki, cavabdehin həyatında başqa qadın vardır. Buna görə də tərəflərin münasibətləri pozulmuş, iddiaçı atası evinə qayıtmışdır. Artıq altı aydır ki, iddiaçı atası evindədir. Cavabdeh uşaqla maraqlanmır, və iddiaçıya uşağı saxlamaq üçün heç bir yardım göstərmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

9. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 saylı sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır; 443.0.4-cü maddəsinə əsasən aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır; 446.0.1-ci maddəsinə əsasən, nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində əgər ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq səlahiyyətə malikdirlər.

11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanunu: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Şəxsiyyət vəsiqəsinin surəti və yaşayış yeri barədə arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır.

13. A09Z63756 seriya nömrəli, **********4 kimlik nömrəli X4 Kartından görünür ki, Cavabdeh Mürsel oğlu xx.xx.1985-ci il tarixdə doğulmuşdur.

14. Forma A doğum akt nümunəsi sənədinin təsdiq olunmuş surətindən görünür ki, Güleç Ecem 17 yanvar 2020-ci il tarixdə Türkiyə Respublikasında doğulmuş, anası- İddiaçı, atası- Cavabdeh qeyd edilmiş, Balıkesir, Altıeylül qeydiyyat şöbəsində qeydiyyata alınmış, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində 2025-124 nömrə ilə doğum akt qeydi aparılmışdır.

15. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında İddiaçı iştirak etsə də, Cavabdeh Mürsəl oğlu iştirak etməmiş və İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Mürsel oğlu ilə İddiaçı qeyri-rəsmi nikah münasibətində olmuşlar. Onların qeyri-rəsmi nikah münasibətlərindən Türkiyə Respublikasında 17 yanvar 2020-ci il tarixdə X7 doğulmuşdur. X3 anası ilə birlikdə, Azərbaycan Respublikası, Astara şəhərində yaşayır. Həmçinin, cavabdeh tərəfindən 17 yanvar 2020-ci il tarixdə X2 üçün iddiaçıya heç bir maddi köməklik göstərilmir.

17. Qeyd edilməlidir ki, məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda beynəlxalq səlahiyyətə malikdir

18. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğundan və Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduğundan, məhkəmə hazırkı işə baxmağa haqlıdır.

19. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

20. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar.

21. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

22. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

23. Məhkəmə yuxarıda qeyd olunanları eyni zamanda, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin qazancı (gəliri) barədə iddiaçı tərəfindən sübutların təqdim edilməməsini və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olduqlarını, iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə xahişini (tələbini) nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün qarşılıqlı iddia üzrə cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır.

24. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Buna görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

25. Məhkəmə cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehin tərəflərin birgə nikahdan olan uşaqlarını saxlamaq vəzifəsini, uşağın üstün mənafelərinin rəhbər tutulması, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2026-cı il üzrə uşaq üçün yaşayış minimumunun 260 manat olmasını nəzərə alaraq hesab edir ki, uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 17 yanvar 2020-ci il təvəllüdlü X2 üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay 200 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,5 misli miqdarında sabit pul məbləğində aliment tutulmaqla iddia qismən təmin edilməlidir.

26. Məhkəmə qeyd edir ki, uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

27. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır.

28. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

29. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı tərəfindən Lənkəran 1 saylı Mediasiya təşkilatına 60 manat məbləğində rüsum ödənilmişdir.

30. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən alimentin təyin edilməsi ilə bağlı qarşılıqlı iddianın təmin edilmiş hissəsində iddianın qiyməti 2400 manat, həmin hissəsiyə mütənasib olaraq ödənilməli olan dövlət rüsumu isə 44 manat təşkil edir.

31. Məhkəmə xərclərinin bölüşdürülməlisi ilə bağlı məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlanmadığından və mediasiya xərci dövlət rüsmuna hesablandığından, həmçinin mediasiya xərci dövlət rüsumundan çox olduğundan cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunmalı, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcindən ibarət məhkəmə xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 17 yanvar 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh Mürsel oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay 200 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,5 misli miqdarında sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcindən ibarət məhkəmə xərci Cavabdeh Mürsel oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar