Məhkəmə qərarları › İş №2(018)-308/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-308/2025

27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-308/2025 27.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçi İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 09 dekabr 2024-cü il tarixində iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 23 iyul 2018-ci il təvəllüdlü X2 və 04 mart 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 2 uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16 sentyabr 2022-ci il tarixdə rəsmi nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 23 iyul 2018-ci il təvəllüdlü X2 və 04 mart 2020-ci il təvəllüdlü X4 adlı iki uşaqları olmuşdur. Ailə qurduqdan sonra bir müddət təsərüfatı birgə idarə etmişlər. Aralarındakı münasibətləri pozulduğu üçün ayrılmışlar. Azyaşlı uşaqları 23 iyul 2018-ci il təvəllüdlü X2 və 04 mart 2020-ci il təvəllüdlü X4 onun himayəsində böyüyür. Cavabdeh uşaqları üç ildir ki maraqlanmır, uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərmir. Odur ki, cavabdehdən azyaşlı uşaqları – 23 iyul 2018-ci il təvəllüdlü X2 və 04 mart 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər ay uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 2 uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən hazırki mülki işə digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

1. Şəxsiyyət vəsiqəsinin surəti və yaşayış yeri barədə arayışdan görünür ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır.

2. Doğum haqqında arayışfdan görünür ki, İddiaçı ilə Cavabdeh ilə birgə nikahlarından 23 iyul 2018-ci il təvəllüdlü X2 və 04 mart 2020-ci il təvəllüdlü X4 qızı adlı iki uşaqları var.

3. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 22 noyabr 2024-cü il tarixində, saat 14:30-da keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. İddiaçı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin iki uşaqları var. Hal-hazırda azyaşlı iddiaçının yanında qalır. İddiaçı həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 2 uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin aylıq stabil gəliri olmadığı üçün ondan iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tələb üzrə tətbiq edilən maddi hüquq normaları:

1. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

3. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

4. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar.

5. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.

6. Qeyd olunan Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh uşaqları saxlamadığından uşaqların saxlanmaları üçün ondan aliment tutulmalıdır.

7. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və qeyd edir ki, alimentin miqdarının hər ay 180 manat məbləğində müəyyən edilməsi qanunvericiliyin tələbinə uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla ümumilikdə 2 uşağa görə 360 (üç yüz altmış) manat məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tutulması üçün 09 dekabr 2024-cü il tarixində məhkəməyə müraciət etdiyindən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. İddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın cavabdehdən hər ay 180 manat miqdarında tutulması ilə bağlı hissəsi təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay 360 manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 4320 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.2.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 63,20 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 23 iyul 2018-ci il təvəllüdlü X2 və 04 mart 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 dekabr 2024-cü il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla ümumilikdə 2 uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissəsi təmin olunmasın. Qətnamə dərhal icra edilsin. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 63,20 (altmış üç manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar