Məhkəmə qərarları › İş №2(018)-361/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-361/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-361/2024 29.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı «evə görə verilmiş pulun geri tələb edilməsi» tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı «evə görə verilmiş pulun geri tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Astara rayonu Kijəbə qəsəbə sakini Cavabdeh1 2005-ci ilin may ayında evə görə verilmiş ******* (doqquz milyon altı yüz min) manatın hazırki dəyəri nəzərə alınmaqla 5000 (beş min) manat məbləğində pulun ona ödənilməsinə, 100 (yüz) manat dövlət rüsumu və 3 (üç) manat notariat xərcini ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, 14 may 2005-ci il tarixli, 221601 saylı alqı-satqı müqaviləsinə əsasən Astara rayonu Kijəbə qəsəbəsində 8000 kv metr torpaq sahəsində yerləşən iki otaqdan ibarət yaşayış evini Astara rayonu Kijəbə qəsəbə sakini Cavabdeh1 almışdır. Həmin müqavilənin 2-ci bəndində qeyd edilir ki, satıcı Cavabdeh1 həmin evə görə alıcı İddiaçı ******* (doqquz milyon altı yüz min) manat pul almışdır. Həmin pulun halhazırki məbləği 1920 manat olmaqla, may 2005-ci il tarixdə 2000 ABŞ dolları təşkil edir. Sözügedən ev yararsız olduğundan keçən il dağılmış, evin yerləşdiyi torpaq sahəsini adına sənədləşdirmək istəmişdir. Ona məlum olmuşdur ki, həmin ev Cavabdeh1 məxsus olmamış, X7 məxsus olmuşdur. Evi ona satanda Şəmsi Əliyev Azərbaycan Respublikası ərazisində olmamışdır. Hal-hazırda Cavabdeh2 evin yerləşdiyi torpaq sahəsinin qaytarılmasını tələb edir. Həmin torpaq sahəsinin geri qaytarılmasından imtina etmir və 800 kv.m torpaq sahəsində yerləşmiş evə görə verilmiş pulun ona qaytarılmasını tələb edir. Cavabdeh1 evə görə verilmiş ******* (doqquz milyon altı yüz min) manata 2005-ci ildə yaşayış üçün normal bir ev inşa etmək mümkün idi. Buna görə də Cavabdeh1 5000 (beş min) manat pul tələb edir və hal-hazırda həmin məbləğə 800 kv.m torpaq sahəsi almaq mümkündür. Ev və torpaq sahəsinin qiyməti xeyli artıbdır və bunlara əsasən ona Cavabdeh1 5000 (beş min) manat ödəsə, torpaq sahəsini geri qaytarar. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən etdi. Cavabdeh2 ona qarşı qaldırılmış iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Onlara qarşı qaldırılmış iddia əsassızdır. Belə ki, iddiaçı və oğlu onlara məxsus torpaq sahəsini zəbt etmiş, ona görə də özlərinə məxsus torpaq sahəsinin zəbtdən azad olunmasına dair məhkəmədə iddia qaldırmışlar. Astara Rayon Məhkəməsinin qətnaməsi ilə onların iddiası əsaslı olduğu üçün təmin olunmuşdur. Ona görə də iddiaçı hazırda qərəzli olaraq onlara qarşı iddia qaldırmışdır. Əlavə olaraq qeyd edir ki, əri Cavabdeh1 artıq rəhmətə getmişdir. Qeyd olunanların nəzərə alınmasını və iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.

1. Şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri barədə arayışdan görünür ki, İddiaçı Astara rayonu Hamoşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. 14 may 2005-ci il tarixli, 221601 saylı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Mülkiyyət Hüquqları Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Astara rayonu Kijəbə qəsəbəsində 8000 kv metr torpaq sahəsində yerləşən iki otaqdan ibarət yaşayış evini İddiaçı ******* (doqquz milyon altı yüz min) manata satmışdır.

3. Astara Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(018)-40/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, X10, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızı və X8 cavabdeh X3 qarşı “tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və orada tikilmiş tikililərin sökülməsi tələbinə dair” iddiası qismən təmin olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-189A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, Astara rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1999-cu il tarixli qərarına əsasən iddiaçılar Cavabdeh1, Cavabdeh2, X5, X6 və X8 mülkiyyətlərinə verilmiş Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsi torpaq sahəsinin 0,2249 hektar hissəsi cavabdeh X2 qanunsuz zəbtindən azad edilmiş və cavabdeh X2 həmin 0,2249 hektar torpaq sahəsində qanunsuz tikmiş olduğu tikililər onun öz hesabına sökülməsi qət olunmuşdur.

4. Ölüm haqqında şəhdətnamənin surətindən görünür ki, Cavabdeh1 23 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 2005-ci ildə özünə məxsus olan Astara rayonu Kijəbə qəsəbəsində 8000 kv metr torpaq sahəsində yerləşən iki otaqdan ibarət yaşayış evini İddiaçı ******* (doqquz milyon altı yüz min) manata satmış, alqı-satqı müqaviləsi notariat orqanında rəsmiləşdirilmiş və bu gün də həmin müqavilə qüvvədədir. Məhkəmə iclası zamanı həmçinin müəyyən edildi ki, iddiaçının oğlu və hazırda da nümayəndəsi olduğu X1 Rafiq Seyfulla oğluna, Cavabdeh2 və onların ailə üzvlərinə məxsus torpaq sahəsini qanunsuz zəbt etdiyi üçün Cavabdeh1, Cavabdeh2 və digərləri X3 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırmış və iddiaları qismən təmin olunmuşdur. Hazırda alqı-satqı müqaviləsinin bağlanmasından 19 il keçdikdən sonra həmin müqaviləyə əsasən verilmiş pulun alınmasına dair iddia qaldırılmasında səbəb məhz həmin qanunsuz zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbinin nə qanuni, nə də maddi əsasları mövcud deyildir. İddiaçının iddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdehdən qüvvədə olan alqı-satqı müqaviləsinə əsasən vermiş oduğu pulun qaytarılmasını tələb edir və mülki qanunvericilik aktının hansı normasına əsaslandığını qeyd etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi bu normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin qanuni və maddi əsasları mövcud olmadığı üçün iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü madələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh2 qarşı «evə görə verilmiş pulun geri tələb edilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar