Məhkəmə qərarları › İş №2(018)-548/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-548/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-548/2023 22.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, birgə nikahdan doğulmuş uşaqları 02 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq xeyrinə verilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verərək göstərdi ki, o, Cavabdeh ilə 2013-cü ilin iyun ayında tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənmişlər. Bu münasibətlərindən 02 noyabr 2014-cü il təvəllüdlü X8 adlı bir uşaqları anadan olmuşdur. Nikahlarını rəsmiləşdirməsələrdə Cavabdeh Astara rayon Qeydiyyat şöbəsində atalığı qəbul etmişdir. Evləndikdən sonra əvvəllər münasibətləri yaxşı olsa da sonradan korlanmışdır. Bu səbəbdəndə ayrılmışlar. Uşaqları isə onun yanında qalmışdır. Cavabdeh isə uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərmir, yetkinlik yaşına çatmayan uşaqların maddi tələbatlarının təkbaşına ödənilməsində çətinlik çəkir. Cavabdeh taksi fəaliyyəti ilə şəçğul olmaqla aylıq qazancı olur. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən mülki iş üzrə Cavabdeh vəkili və nümayəndəsi X4 iddia tələbini qismən qəbul etdi və göstərdi ki, Cavabdeh hal-hazırda heç bir yerdə işləmir və onun aylıq qazancı da yoxdur. Ancaq o, uşağı 02 noyabr 2014-cü il təvəllüdlü X5 öz köməkliyini həmişə edir. Ona görə də iddianın qismən təmin edilməsini X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin müəyyən ediməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Astara rayonu Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx xxxxx 1993-cü il tarixdə anadan olmaqla, Astara rayonu Təngərüd kəndində uşağı 02 noyabr 2014-cü il təvəllüdlü X8 ilə birlikdə yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, X8 02 noyabr 2014-cü il tarixdə anadan olmaqla onun atası Cavabdeh və anası isə İddiaçı olması qeyd edilmişdir. Mülki işə əlavə edilmiş 4 saylı Bakı DOST Mərkəzinin 20 aprel 2023-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh ilə 13 oktyabr 2021-ci il tarixdən hec bir əmək müqaviləsi aşkar edilməmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin ər-arvad münasibətlərindən 02 noyabr 2014-cü il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Hazırda iddiaçı ilə cavabdehin arasındakı bütün münasibətlər pozulduğundan ayrılmışlar, 02 noyabr 2014-cü il təvəllüdlü X8 adlı uşaqlar İddiaçı yanında yaşayırlar. İddiaçı həmin uşağın saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tələb etmişdir. Cavabdeh aylıq qazancı barədə hər hansı bir sənəd əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 02 noyabr 2014-cü il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi daha ədalətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunan Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh uşaqları saxlamadığından uşaqların saxlanmaları üçün ondan aliment tutulmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşaqların saxlanılmaları ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və qeyd edir ki, alimentin miqdarının hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi qanunvericiliyin tələbinə uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı tərəfindən imzalanmış iddia ərizəsi Məhkəməyə 10 aprel 2023-cü il tarixdə daxil olduğundan alimentin tutulması həmin tarixdən başlayaraq tutulmalıdır. İddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın cavabdehdən hər ay 150 (bir yüz əlli) manat miqdarında tutulması ilə bağlı hissəsi təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1800 (bir min səkkiz yüz) manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 32 (otuz iki) manat təşkil edir. Odur ki, 32 (otuz iki) manat məbləğindəki pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh 02 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 aprel 2023-cü il tarixindən başlayaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi 100 (bir yüz) manat hissəsində təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar