Məhkəmə qərarları › İş №2(019)-1042/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1042/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1042/2021 20.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 15 mart 2011-ci il təvəllüdlü X3 və 05 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşağın saxlanması üçün 170 (bir yüz yetmiş) manat, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat alimentin sabit pul məbləğində tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək 15 mart 2011ci il təvəllüdlü X2 və 05 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağın saxlanması üçün 150 (yüz əlli) manat alimentin sabit pul məbləğində tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 noyabr 2009-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından 15 mart 2011-ci il tarixdə X3 və 05 aprel 2013-cü il tarixdə X4 adlı uşaqları doğulmuşlar. Ailə həyatı qurduqları 12 ildir. Doqquz il ərzində əri olan Cavabdeh ilə yaxşı və bəzən də narazılıq şəraitində yola getmişlər. Övladları böyüdükcə valideynlərin üzərinə düşən yük, məsuliyyət daha da artır. Hazırda böyük qızı Qurdayeva Madina 5-ci sinifdə, kiçik qızları olan Qurdayeva Rəisət isə 3-cü sinifdə oxuyur. Bu baxımdan da uşaqların saxlanması üçün daha çox fəallıq göstərmək lazım olur. Son üç ildir ki, əri olan Cavabdeh ümumiyyətlə övladları ilə maraqlanmır. Belə ki uşaqların tərbiyəsi, onların ərzaqla təminatı, məktəblə bağlı uşaqların dərs və geyim ləvazimatı ilə heç maraqlanmır, deyilənlərdən də heç bir nəticə çıxarmır. Son üç ildə uşaqlarının məktəblə bağlı geyim və dərs ləvazimatını, eyni zamanda ərzaq təlabatını atası X5 təmin edir.Əri Cavabdeh avtomobil nəqliyyatının və eyni zamanda məişət avadanlıqlarının təmiri ilə məşğul olur və yaxşı qazancı var. Həmin qazancından demək olar ki, son üç ildə ailəsi üçün, övladları üçün bir manat belə olsun pul xərcləməyib. Qazancını və anasının pensiyasını kənar bir şəxs olan qadına xərcləyir. Cavabdeh ilə onun arasında uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. 2021-ci ilin may ayında Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt cavabdeh olan əri ona yalvararaq barışıb uşaqlarla birlikdə yaşamaq üçün öz evlərinə aparmışdır. Ona yalvarmışdır ki, iddia ərizəsini geri götürsün, ailəyə qarşı etdiyi əməllərindən əl çəkib, uşaqlarını baxacaqdır. O, da Ramazana inanaraq məhkəmədən iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-610/2021 nömrəli, 04.06.2021 -ci il tarixli qərardadı ilə iddiası baxılmamış saxlamaqla iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddia ərizəsini geri götürdükdən sonra əri Cavabdeh yenə əvvəlki əməllərini törətməkdə davam etməyə başlamış,uşaqlara baxmamışdır. Əksinə uşaqları daha da incitməyə başlamış, hətta ona fiziki təsir və güc tətbiq etmişdir. Ona hədə-qorxu gələrək yenidən məhkəməyə alimentlə bağlı müraciət etdiyi halda çox güc tətbiq edəcəyini bildirir . Onun bu cür hərəkətlərinə dözə bilməmiş və yenidən atası evinə qayıtmalı olmuşdur. Hal-hazırda iki az yaşlı uşağı ilə birlikdə atasının himayəsində yaşayır. Ona görə də yenidən qeyd edilən iddia ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun ifadə verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 sentyabr 2021-ci il tarixli 02043 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 11 noyabr 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 532502 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 11 noyabr 2009-cu ildə 10 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qurdayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 984695 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qurdayeva Madina Ramazan qızı 15 mart 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 may 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 036863 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 05 aprel 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını 11 noyabr 2009-cu ildə Balakən rayon İHB-nın Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 nömrə ilə rəsimiləşdirməklə evlənmişlər.Tərəflərin birgə nikahlarından 15 mart 2011-ci ildə X3 və 05 aprel 2013-cü ildə isə X4 adında iki uşaqları olmuşdur. Tərəflər aralarında baş vermiş narazılıqla əlaqədar ayrılmışlar.Uşaqların hər ikisi anasının himayəsindədirlər. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi 20.09.2021-ci il tarixdən başlayaraq 15 mart 2011-ci il tarixdə anadan olmuş X2 və 05 aprel 2013-cü il tarixdə anadan olmuş X7 qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. 20.09.2021-ci il tarixdən başlayaraq 15 mart 2011-ci il tarixdə anadan olmuş X2 və 05 aprel 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar