Məhkəmə qərarları › İş №2(019)-1187/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1187/2021

24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1187/2021 24.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi- Balakən rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanunsuz olaraq qətimkan tədbiri kimi həbsdə saxlanılmaqla vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun-23.12.2018-ci il tarixdən bəraət aldığı 17.06.2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi zərərə görə 50000 manat miqdarında pul kompensasiyasının Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Qeyd olunanlara əsasən, İddiaçı yaşayış yeri Balakən rayonu Hənifə kəndi olduğundan, hazırki iddiaya ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsində baxılması qanunauyğundur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, 23 dekabr 2018-ci il tarixdə heç bir səbəb və əsas olmadan tam qanunsuz olaraq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada ona qondarma ittiham irəli sürülmüş, nəticədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 17.06.2020-ci il tarixli 1 (091)- 16/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 -ci və 234.4.3-cü maddələrilə ona verilmiş ittiham üzrə əməli sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməmişdir. O, 23.12.2018-ci il tarixdən 17.06.2020-ci il tarixədək qanunsuz həbsdə olduğu üçün ailəsindən, övladlarından ayrı düşmüşdür. Övladları onunla bərabər xiffət çəkmiş, ailəliklə mənəvi iztirab keçirmişlər. Uzun müddət istintaq araşdırmaları getdiyindən barəsində müxtəlif şaiyələr gəzmişdir. Aparılan istintaq nəticəsində barəsində doğru olmayan, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət içərisində hörmətdən düşmüşdür. Bütün bunların nəticəsində çox böyük sarsıntı keçirmiş və bununla da ona mənəvi zərər vurulmuşdur. O, həbsdən əvvəl heç yerdə işləməmiş və əmək haqqı almamışdır. Həmçinin rəsmi qaydada vergi orqanlarında qeydiyyata alınmamış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətlərin, keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, maddi durumu, əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq, mənəvi ziyana görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən 50000 manatın alınaraq ona verilməsi ədalətli olar. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, təmsil etdiyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İddiaçı qanunsuz həbsdə saxlanmasına görə məsuliyyət daşımır. Ona görə də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İddiaçı qanunsuz həbsinə görə ona hər hansı məbləğdə pul kompensasiyası ödəmək öhdəliyi yoxdur. Əgər kompensasiya məbləği müəyyən olunarsa belə, bu cüzi məbləğ olmalıdır. Belə ki, həmin məbləğ Dövlət büdcəsindən ödəniləcəkdir. İddianın təmin olunmamasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(091)-16/2020 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmiş, cinayət prosesi gedişi zamanı İddiaçı vurulmuş ziyanı tələb etmək hüququ tanınmış və ona izah edilmişdir. Həmin hökmə əsasən İddiaçı 23 dekabr 2018-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək həbsdə olması müəyyən edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Şəki Ağır Cinayətlər Məhkəməsinin Balakən Rayon Məhkəməsinə ünvanladığı 10.12.2021-ci il tarixli, 1 (091)- 16/2020 saylı məktub-arayışından görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə məhkum olunmasına, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17.06.2020-ci il tarixli 1(091)-16/2020 nömrəli hökmündən apellyasiya şikayəti və ya protesti verilməmiş, həmin hökm qanunla müəyyən edilmiş qaydada 25.07.2020-ci ildə qanuni qüvvəyə minmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 23 dekabr 2018-cı il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrilə ittiham irəli sürülmüş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(091)-16/2020 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İddiaçı 23 dekabr 2018-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək, yəni 1 il 5 ay 20 gün müddətdə qanunsuz və əsassız həbsdə olmuşdur. İddiaçı bu müddət ərzində qanunsuz həbsdə olduğu üçün ailəsindən, övladlarından ayrı düşmüş, mənəvi iztirab keçirmişdir. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmuşdur. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 55.3-cü maddəsinə əsasən haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs, CPM-nin 56.0.5-ci maddəsinə əsasən qanunsuz həbs olunmuş və ya tibb, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs, CPM-nin 56.0.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 57.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilmiş şəxslərə-cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra vurulmuş ziyan ödənilir. Azərbaycan Respublikası CPM-nin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası CPM-nin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Azərbaycan Respublikası CPM-nin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə iraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında-təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən 31 may 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya» nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər; fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; istintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş materiallarına əsasən ibtidai istintaq və prokurorluq orqanlarının səhvi nəticəsində İddiaçı uzun müddət-1 il 5 ay 20 gün qanunsuz həbsdə qalması onda ümidsizlik, qeyri-müəyyənlik və həyəcan hissləri yaratmışdır. Qanunsuz həbs edilməsi və qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə uzun müddət həbsdə qalması ilə ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, o, bu səbəbdən fiziki əzab çəkməsi nəticəsində iztirab keçirmişdir. Həmçinin İddiaçı bu müddət ərzində hərəkət etmək azadlığından və fəal ictimai həyat tərzindən məhrum edilmişdir, o, özünü bədbəxt hiss edir. Qanunsuz həbsdə olması və ona istinad olunan ağır cinayətin törədilməsi barədə məlumatların yayılması ilə şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmiş və bu da onun psixikasında və şüurunda mənfi izlər qoymuşdur. Həmçinin İddiaçı qanunsuz həbsdə qalması onu şəxsi həyatından məhrum etmiş, onun xeyirxah adına və reputasiyasına bərpaolunmaz zərər vurmuşdur. Bütün bunlar təbii ki, İddiaçı haqqında bəraət hökmünün çıxarılması ilə kompensasiya edilə bilməz. Məhkəmə, İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin Smirnova Rusiya Federasiyasına qarşı işi üzrə qərarına istina edərək, qeyd edir ki, mənəvi ziyanın bir sıra formaları, o cümlədən emosional iztirablar öz mahiyyətinə görə hər bir konkret halla həmişə sübut oluna bilinmir (bax: Abdulaziz, Cabales and Balkandali v. X4, məhkəmənin 28 may 1985 il tarixli qərarı 94, §96). Ancaq bu, məhkəməyə mənəvi ziyan vurulduğunun hesab edildiyi təqdirdə iddiaçıya mənəvi zərərə görə maliyyə kompensasiyası verilməsi barədə qərar çıxarmağa mane olmur. Hazırki işdə də ağlabatandır ki, İddiaçı uzun müddət həbsdə saxlanılmaqla əzab və iztirablar yaşamış, onda güclü ümidsizlik hissləri yaranmış və bu hisslər uzunmüddətli olmuşdur. Həmçinin iddiaçı gündəlik həyat tərzindən və şəxsi həyatından, ailə və uşaqları ilə bir yerdə yaşamasından məhrum olmaqla onun gündəlik və gələcək planları puç olmuşdur. O da şübhəsizdir ki, İddiaçı 1 il 5 ay 20 gün həbsdə qalmaqla mənəvi sarsıntı, iztirab və ümidsizlik hissləri keçirməsi və nəticədə mənəvi zərərə məruz qalması ibtidai istintaq və prokurorluq orqanlarının səhvi nəticəsində baş vermişdir və burada birbaşa səbəbli əlaqə vardır. Məhkəmə işdəki sübutlara qiymət verərək, hesab edir ki, ədalət prinsipinə görə hüquqauyğun və ağlabatan şəkildə mənəvi zərərin əvəzi olaraq iddiaçıya kompensasiya ödənilməsi zəruridir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisi-zərərçəkənin tələbinin təmin edilməsi, ikincisi-zərər vuran şəxslərə təsir göstərilməsi, üçüncüsü-digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddiaçının sarsıntı və iztirabları və onun azadlıq hüququna qəsd kifayət qədər ciddi olsa da, iddia tələbi həddər artıq şişirdilmişdir və reallıqdan uzaqdır. İddia tələbinin tam həcmdə təmin edilməsi heç şübhəsiz ki, mənəvi iztirab və sarsıntılara adekvat olmamaqla ağlabatan deyildir və demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasında 2018, 2019, 2020 və 2021-ci il üzrə yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanunlarına əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından və iddiaçının özünün izahatından müəyyən olunur ki, İddiaçı həbs olunduğu vaxtdan əvvəl hər hansı idarə, müəssisə və təşkilatda işləməmiş, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Yəni o, fiksasiya olunmuş hər hansı aylıq qazanca malik olmamışdır. İddiaçı həmin vaxt işləməsi, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğu olması və aylıq hər hansı qazanca malik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, mənəvi zərərin məbləğini müəyyən edərkən işləməyən şəxs üçün ölkədə müəyyən edilmiş bu minimum yaşayış meyarları və şərtləri nəzərə alınmalıdır. Bu xüsusda şübhəsizdir ki, tələb olunan 50000 manat mənəvi zərər məbləği ölkə üzrə müəyyən edilmiş minimal yaşayış standartları ilə uyğunsuzluq təşkil edir və açıqaşkar əsassız və reallığa uyğun gəlməyən bir məbləğdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ədalət və ağlabatanlıq nöqteyinəzərindən iddiaçıya 5000 (beş min) manat mənəvi zərərə görə kompensasiyanın təyin edilməsi iddiaçının 1 il 5 ay 20 gün əsassız həbsdə qaldığı müddətdə keçirdiyi həyəcan və iztirab hisslərinin qarşılığına və nüfuzunu, şərəf və ləyaqətini bərpa etmək məqsədinə mütənasibdir. Həmçinin kompensasiyanın ədalətlilik və ağlabatanlıq meyarlarına əsaslanan bu məbləği kimisə müflis etmək məqsədi daşımır. Məhkəmə həm də bu nəticəyə gəlir ki, qanunvericiliyə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikasının Dövləti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlik daşıyır. Ona görə də cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia 5000 manat mənəvi zərər hissəsində təmin edilməli, bu 5000 manat məbləğdən artıq məbləğ hissəsində isə təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 23 dekabr 2018-ci il tarixdən bəraət aldığı 17 iyun 2020-ci il tarixədək qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi zərərə görə 5000 manat miqdarında pul kompensasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, İddiaçı ödənilməli, iddia 5000 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Həmçinin iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 70 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Beləki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən qanunsuz olaraq qəti imkan tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə - tərəflər dövlət rüsumundan azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq, dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı 23 dekabr 2018-ci il tarixdən bəraət aldığı 17 iyun 2020-ci il tarixədək qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi zərərə görə 5000 (beş min) manat miqdarında pul kompensasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 70 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar