Məhkəmə qərarları › İş №2(019)-1196/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1196/2021

30.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1196/2021 30.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" X1 X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala RQİİ-nin 30.08.2021-ci il tarixli tələbnaməsinin ləğv edilməsi, ona hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, hal-hazırda iddiasını dəqiqləşdirib, "Azəriqaz« X2 X4 İdarəsinin mütəxəssisləri tərəfindən ona hesablanmış 151,20 manat borcun onun abonent hesabından silinməsi və əsl olmayan cavabdehin əsl olan cavabdehlə, yəni "xxxx" İstehsalat Birliyi ilə əvəz olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasından kənarda olduğu üçün iddiaçının iddianı dəqiqləşdirməsinin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını və iddiaçı üçün cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinin əsaslarının məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu nəzərə alan məhkəmə tərəfindən həmin ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmiş və Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddiaçının razılığı ilə əsl olmayan cavabdeh "xxxx" X1 X4 İdarəsi əsl cavabdeh "xxxx" İstehsalat Birliyi ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddia onunla əsaslandırmışdır ki, evində 4 gözlü qaz plitəsi, hamam üçün su qızdırıcısı və bir də qış aylarında evi isitmək üçün qızdırıcı sobadan istifadə edir. İşlətdiyi qaza görə borcunu vaxtlı-vaxtında ödəmişdir. 13.08.2021-ci il tarixində Zaqatala RQİİ-nin Balakən sahəsinin işçiləri onlara gələrək, guya sayğaca müdaxilə olunduğunu bildirərək, sayğacı açıb aparmışlar. Sonradan sayğac onlar tərəfindən yenisi ilə əvəzlənmişdir. İdarənin adından göndərilmiş 30.08.2021-ci il tarixli tələbnamədə guya itirilmiş 1512 kubmetr qazın dəyərinin ödənilməsi tələb olunur. Doğrudur, qazın dəyəri bu sənəddə pul istifadəsində göstərilməyib. Amma sistemdə onun adına 176 manat cərimə görünür və idarənin işçiləri ondan cəriməni ödəməyini tələb edirlər. O, hazırda işsizdir, anası da pensiyaçıdır. Əlavə heç bir gəlirləri yoxdur. Bu məbləği ödəmək onlar üçün çox çətindir. Həm də heç bir təqsirləri olmadığı halda nədən cəriməni ödəməlidirlər. Qaz sayğacı küçədə yerləşir və onun sadəcə aynası qırılmışdı. Bunu kimin etməsi barədə heç bir məlumatı yoxdur. Amma vəfat etmiş atasının bankdan götürdüyü kreditə görə bank evlərini əllərindən aldığı üçün bir neçə il evdən kənarda, kirayədə yaşamışlar. Nədən həmin vaxt heç bir ayna qırılma hadisələri olmurdu. Onların evə qayıtdığını görən kimi bu cür hadisələr törədilibdir. Bunun qaz işçilərinin özləri tərəfindən törədildiyini düşünür. Maraqlarının nə olduğunu bilmir. Amma eşitdiyinə görə bu hal demək olar ki, kütləvi hal alıb. Aidiyəti orqanlar bu işlərlə maraqlansa yaxşı olardı. Digər tərəfdən aynanın qırılması heç bir halda sayğacın düzgün işləməsinə mane ola bilməzdi. İdarənin işçiləri sayğacın keçən qazı qeyd etmədiyi barədə heç bir keçərli sənəd təqdim etməyiblər. Bundan başqa sayğac «Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat»ın 2.3-cü maddəsində qeyd edilən «günəş şüalarının birbaşa düşdüyü yerlərdə, açıq havada və ya kənar şəxslərin müdaxilə edə biləcəyi yerlərdə quraşdırılan qaz sayğacları xüsusi mühafizə zonasında yerləşdirilməli və qutunun açarı abonentə təhvil verilməlidir» müddəasının ziddinə olaraq küçədə quraşdırılmışdır, ona görə də sayğaca tərəflərindən tam nəzarət edilməsi imkan xaricindədir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq iddianı məhkəməyə verdikdən sonra günəmuzd işlərdə işləmək üçün Türkiyəyə getdiyini və yaxın vaxtlarda oradan qayıtdığını, ona görə də iddianın predmetinin dəyişdirilməsi və əsl olmayan cavabdahin əsl cavabdehlə əvəz edilməsinin işin məhkəməyə baxılmağa hazırlanması zamanı qeyri-mümkün olduğunu, həmçinin "xxxx" İstehsalat Birliyinin bu iş üzrə cavabdeh olmalı olduğunun indi ona məlum olduğunu bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 13.08.2021-ci tarixli, ******* nömrəli Qaz sayğacının çıxarıliması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı evinə gələn təbii qaz sərfiyyatını qeyd etmək üçün quraşdırılmış qaz sayğacı yoxlamaya göndərilərək yenisi ilə əvəz edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" İB Zaqatala RQİİ-nin mütəxəsisləri tərəfindən tərtib edilmiş Təbii X3nın pozulması haqqında 30.08.2021-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, İddiaçı evinə gələn qaz sərfiyyatını müəyyən etmək üçün quraşdırılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İB-nin 29/1710- 03336-1 nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeyd etmir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.08.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Təbii X3nın pozulması haqqında 30.08.2021-ci il tarixli, ******* nömrəli akt üzrə İddiaçı 1512 kubmetr sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdəki sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən yaşayış evi vardır və o, qaz istehlakçısıdır. Onun evinə gələn təbii qazın göstəricilərini əks etdirən qaz sayğacı yaşayış evindən kənarda, küçədə quraşdırılmışdır və sayğacın üzərində qoruyucu örtük və ya qutu yoxdur. "xxxx" İstehsalat Birliyi tərəfindən İddiaçı evinə gələn təbii qaz sərfiyyatını qeydə alan qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş və yenisi ilə əvəz olunmuşdur. "xxxx" İB Zaqatala RQİİ-nin mütəxəsisləri tərəfindən tərtib olunmuş Təbii X3nın pozulması haqqında 30.08.2021-ci il tarixli, ******* nömrəli aktda İddiaçı evinə gələn qaz sərfiyyatını müəyyən etmək üçün quraşdırılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İB-nin 29/1710-03336-1 nömrəli sayğacına baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən tamamilə aralanması, qaz keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması və sərfi qeyd etməməsi göstərilmiş və 30.08.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə həmin 30.08.2021-ci il tarixli, ******* nömrəli akt üzrə İddiaçı 1512 m3 (30.08.2021-ci il tarixli vəziyyətə 151,20 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmış və həmin 151,20 manat cərimə borcu kimi İddiaçı abonent hesabına daxil edilmişdir və iddiaçıdan tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etiməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icra müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icra müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəlyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilməyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X3»nı 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMRDK-nin (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X5 Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fizik şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Yenə də həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidlir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, İddiaçı fərdi yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda-yolda quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Təbii X3nın pozulması haqqında 30.08.2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunarkən, həmçinin həmin akt əsasında 1512 kubmetr itirilmiş qazın bərpası ilə bağlı 30.08.2021-ci il tələbnamə verilərkən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə cavabdeh tərəfindən də İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunması, həmçinin 30.08.2021-ci il tarixli aktın və 30.08.2021-ci il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə etiraz edilməmişdir. Sayğaca baxış keçirilərkən və 30.08.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilərkən heç İddiaçı və ya onun nümayəndəsinin iştirakı belə təmin edilməmişdir. Məhkəmə, 30.08.2021-ci il tarixli, ******* nömrəli aktı və 30.08.2021-ci il tarixli tələbnaməni həqiqəti əks etdirmədiyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Həmçinin cavabdeh "xxxx" İB yalnız dəymiş zərəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən etmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən X3nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» o vaxt mötəbər sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının müvafiq normasına istinad edilməklə qəbul edilsin və Konstitusiyaya və qanunlara zidd olmasın. Lakin iş materiallarından görünür ki, həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır və normativ-hüquqi akt kimi dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»nı da mötəbər sübut kimi qəbul etmir. Həmçinin cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 1512 kubmetr qaz itkisi olmaqla 151,20 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbini təkzib edən hallar sübut olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafeyini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 151,20 manat cərimə borcu əsassız hesablanmışdır və əsassız olaraq da həmin borc iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də İddiaçı hüquqları bərpa olunmalı və həmin 151,20 manat borc iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının küçədə yerləşməsini, cavabdeh tərəfindən qaz sayğacına ehtimal olunan müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə və bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, "xxxx" X2 X4 İdarəsinin əməkdaşları tərəfindən İddiaçı 1512 kubmetr təbii qazdan istifadəyə görə əsassız hesablanmış 151,20 manat borc İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə iddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" X2 X4 İdarəsinin əməkdaşları tərəfindən İddiaçı 1512 kubmetr təbii qazdan istifadəyə görə əsassız hesablanmış 151,20 manat borc İddiaçı abonent hesabından silinsin; cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar