Məhkəmə qərarları › İş №2(019)-134/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-134/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-134/2021 18.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə ondan əldə etdiyi 1500 manat pulun, ona vurduğu mənəvi zərərin (mənəvi iztirabların) əvəzi olan 1000 (min) manat miqdarında pulun və iddianın qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq (alınaraq), ona verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 21 iyul 2020-ci il tarixli hökmü ilə iş üzrə Cavabdeh ona qarşı dələduzluq cinayətini törətdiyi sübut olunmuşdur. Qeyd olunan cinayət nəticəsində Cavabdeh ona 1500 manat maddi ziyan vurmuşdur. Həmin hal Şəki Apellyasiya Məhkəməsinin 21 iyul 2020-ci il tarixli hökmü ilə müəyyən edilmişdir. Bununla yanaşı cavabdeh cinayətin törədildiyi 2013-cü ildən bu yana ona vurduğu ziyanı ödəməməklə, onu ona qarşı yalan ifadə verdiyi ilə günahlandırmaqla, ondan dələduzluq yolu ilə aldığı pul məbləğini qaytarmamaqla, onun davamlı ibtidai istintaq və məhkəmə çəkişmələrinə cəlb olunmaqla, bu çəkişmələrin illərlə davam etməsi, ibtidai istintaqa və məhkəmə proseslərinə sonu bilinməyən get-gəllərin onda mənəvi iztirab hisslərinin yaratması ilə, bütün bunlar nəticəsində onun ləyaqət hissinin alçaldılması və mənəvi sarsıntı və iztirablar keçirməklə Cavabdeh ona mənəvi ziyan da vurmuşdur. Ona görə də cavabdeh, onu illərlə istintaq və məhkəmələrə məcburən cəlb etməklə, onda mənəvi acizlik hissi yaradan, onun layaqətini alçaldan hüquqazidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Hesab edir ki, cavabdehin ona vurmuş olduğu mənəvi zərərin qiyməti 1000 (min) manatdır. Ona görə də Cavabdeh, dələduzluq yolu ilə ondan əldə etdiyi 1500 manat pulun, ona vurduğu mənəvi zərərin (mənəvi iztirabların) əvəzi olan 1000 (min) manat miqdarında pulun və iddianın qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq (alınaraq), ona verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 09.02.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, İddiaçı nə 27 may 2013cü il tarixdə, nə də başqa vaxt 1500 manat pul almamışdır. İddiaçı cinayət işi üzrə həm ibtidai istintaqda, həm də məhkəmə proseslərində bununla bağlı ona qarşı yalan ifadə vermişdir. Balakən Rayon Məhkəməsi ona münasibətdə bəraət hökmü çıxarmışdır. X12 Məhkəməsi bu hökmü ləğv etmişdir. X11 Məhkəməsinin həmin hökmündən kassasiya şikayəti vermişdir və həmin şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Bu iş illərdir ki, davam edir. Ona görə də xahiş edir ki, işin icraatı Ali Məhkəmənin qərarının çıxarılmasına qədər dayandırılsın. Həmçinin məhkəmədən xahiş edir ki, iddia müddətinin keçməsi tətbiq edilməklə iddia rədd edilsin. İddianın təmin olunmamasını xahiş edir. Cavabdeh sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş, məhkəməyə ərizə göndərərək müalicə üçün Bakı şəhərinə getməli olduğunu və orada müalicə olunmalı olduğunu bildirərək, məhkəmə işinin xəstəliyi ilə əlaqədar ayın axırınadək təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının və 09.02.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli, 1 (107)-70/2020 nömrəli hökmündən görünür ki, zərərçəkmişq şəxslər X4 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı X8 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Cavabdeh barəsində Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)-43/2018 saylı bəraətverici hökmü ləğv edilmiş,Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyinə görə ona cəza təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14.04.2021-ci il tarixli, 1(102)-519/2021 saylı qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilindiyi həmin cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh o cümlədən təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Kortala kənd sakini İddiaçı Balakən rayon Mahamalar kənd sakinlərinin zəlzələdən zərər çəkmiş evlərinin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verdikdən sonra bu iş üçün ayrılmış puldan sonuncuya 2000 manatdan artıq pul qaytaracağına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə İddiaçı 27 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 1500 manat pulunu 27.05.2013-cü ildə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsindən görünür ki, o, 2 (019)-941/2020 nömrəli mülki iş üzrə iddiaçı X2 ona qarşı 1500 manat maddi və 1000 manat mənəvi zərər tələbinə dair iddiası üzrə iddia müddətinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 16.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X7 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli, 1 (107)-70/2020 nömrəli hökmü ilə Cavabdeh o cümlədən təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Kortala kənd sakini İddiaçı Balakən rayon Mahamalar kənd sakinlərinin zəlzələdən zərər çəkmiş evlərinin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verdikdən sonra bu iş üçün ayrılmış puldan sonuncuya 2000 manatdan artıq pul qaytaracağına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə İddiaçı 27 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 1500 manat pulunu 27.05.2013-cü ildə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirməsi cinayət hadisəsinin baş verməsi, Cavabdeh həmin cinayət hadisəsinə aidiyyətinin olması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyinə görə ona cəza təyin edilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli, 1 (107)-70/2020 nömrəli hökmü ilə Cavabdeh 27 may 2013-cü il tarixdə yalandan vəd etməklə etibarından suiistifadə edib, aldatma yolu ilə İddiaçı 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi və o cümlədən həmin cinayət əməlinin törədilməsində təqsirli olması ilə bu əmələ aidiyyəti hazırki məhkəmə üçün preyudisal, yəni məcburi xarakter daşıyır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh, dələduzluq yolu ilə ələ keçirdiyi həmin 1500 manat pulu İddiaçı qaytarmamaqla, onun hesabına əsassız varlanmış və İddiaçı həmin 1500 manat məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də İddiaçı pozulmuş hüquqları aradan qaldırılmalı və Cavabdeh vurduğu maddi ziyanan əvəzi olaraq 1500 manat alınıb, İddiaçı verilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. İddiaçı cavabdehdən 1000 manat mənəvi zərər də tələb edir və bunu cavabdehin onu ona qarşı yalan ifadə verdiyi ilə günahlandırması, cavabdehin ondan dələduzluq yolu ilə aldığı pul məbləğini qaytarmaması, onun davamlı ibtidai istintaq və məhkəmə çəkişmələrinə cəlb olunması, bu çəkişmələrin illərlə davam etməsi, ibtidai istintaqa və məhkəmə proseslərinə sonu bilinməyən get-gəllərin onda mənəvi iztirab hisslərini yaratması, bütün bunlar nəticəsində onun ləyaqət hisssinin alçaldılması və bu mənəvi iztirab və sarsıntılar nəticəsində ona mənəvi zərərin vurulması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onun yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin şərəfi, layaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyalara səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir:məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və sair üsullarla yayıla bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 5-ci bəndində qeyd edilmişdir ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 6-cı bəndinə əsasən belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələdyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. İşin hallarına hüquqi qiymət verən məhkəmə nəzərə çatdırır ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb etdiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Odur ki, hətta yayılma halı olmadan da ünvanladığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, şəxsin ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər; işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin «Qeyd» hissəsində deyilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Göründüyü kimi, qanunvericilik mənəvi zərəri təkcə şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində şəxsin mənəvi iztirab və sarsıntı keçirməsi, həmçinin ünvanladığı şəxsin şəxsiyyətinə uyğun olmayan alçaldıcı, nüfuzdan salan ifadələrnin həmin şəxsə bildirilməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi halı ilə deyil, eyni zamanda bu mənəvi sarsıntı və iztirabların təqsirli şəxsin hüquqazidd əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində baş verməsi halı ilə də bağlayır. Qanunvericiliyin məzmun və mənasından da görünür ki, təqsirli şəxsin hüquqazidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərçəkən şəxs mənəvi sarsıntı və iztirab keçirməklə ona həmçinin mənəvi zərər vurulur. Bu zaman mənəvi zərər şəxsin hüquqazidd əməlləri nəticəsində vurulmalı, vurulmuş mənəvi zərərlə şəxsin həmin hüquqazidd əməli arasında səbəbli əlaqə olmalı və şəxsin həmin mənəvi zərərin vurulmasında təqsiri müəyyən olunmalıdır. İşdəki sübutlardan görünür ki, Cavabdeh cinayət işi üzrə məhkəmə proseslərində verdiyi ifadələrində İddiaçı ona qarşı yalan ifadə verməkdə günahlandırmış və bunu hazırki iş üzrə keçirilən məhkəmə prosesində də bildirmişdlir. Cavabdeh tərəfindən iddiaçı barəsində işlədilən bu ifadə özlüyündə ictimai həyatda iddiaçının yalançı olması qənaətinə gəlinməsi üçün faktoloji əsas yaradır. Ona görə də cavabdehin iddiaçıya qarşı İddiaçı ona qarşı yalan danışması ilə iddiaçının yalançı olması anlamına gələn ifadəsinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təkzib olunmaqla iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur. Digər tərəfdən iş materiallarına istinadən cavabdehin iddiaçıdan dələduzluq yolu ilə aldığı pul məbləğini qaytarmaması, onu yalan danışmaqda günahlandırması, bu xüsusda iddiaçının davamlı ibtidai istintaq və məhkəmə çəkişmələrinə cəlb olunması, bu çəkişmələrin illərlə davam etməsi, ibtidai istintaqa və məhkəmə proseslərinə sonu bilinməyən get-gəllərin iddiaçının ləyaqətini alçaltması və iddiaçının ləyaqət hissinin alçaldılması nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi şübhəsizdir və bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspert rəyinə ehtiyac yoxdur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirdiyindən ədalət prinsipi tələb edir ki, cavabdeh tərəfindən bu hərəkətlərinə görə hüquqauyğun və ağlabatan şəkildə mənəvi zərərin əvəzi olaraq iddiaçıya kompensasiya ödənilsin. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisizərərçəkənin tələbinin təmin edilməsi, ikincisi-zərər vuran şəxsə təsir göstərilməsi, üçüncüsü-digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Mənəvi zərərin pul ekvivalenti tələbi ilə bağlı məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddiaçının şəxsi hüquqlarına, şərəf və ləyaqətinə edilən qəsd kifayət qədər ciddi olsa da, mənəvi zərər tələbi hissəsində iddia tələbi şişirdilmiş və reallıqdan qopardılmışdır. Mənəvi zərərlə bağlı iddia tələbinin tam həcmdə təmin edilməsi yalnız pensiya alan və başqa heç yerdə işləməyən cavabdehi müflis edər, onun ailəsini və özünü maddi cəhətdən çətin vəziyyətə salmış olardı. Belə olan halda bu, demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbirlər hesab oluna bilməzdi. Məhkəmə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi praktikasına əsasən (X3rşı, Lingens Avstriyaya qarşı, Bladet Tromso və Stensaas Norveçə qarşı və sair işlər üzrə qərarlar) hazırki iş üzrə ifadə azadlığını məhdudlaşdıran 3 şərtin mövcudluğu barədə nəticəyə gəlir. 1. Cavabdehin Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığına müdaxilə baş verməklə bu müdaxilə qanunda nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Avropa Konvensiyasının 10-cu və Mülki Məcəllənin 23, 1097-ci maddələrində şərəf və ləyaqətin müdafiəsi və onların ləkələnməsinə görə mənəvi zərərin əvəzi olaraq pul kompensasiyasının ödənilməsi təsbit olunmuşdur. 2. Müdaxilə qanuni məqsədlər daşıyır. X5 10-cu maddəsinin 2-ci bəndi digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün fikri ifadə etmək azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur. 3. Bu məhdudlaşdırma demokratik cəmiyyətdə zəruridir. Belə ki, müdaxilə iddiaçının şərəf və ləyaqətini, nüfuzunu və təmiz adını müdafiə etməklə istənilən şəxsin nüfuzunun, şərəfinin və ləyaqətinin ləkələnməsinə yönəlmiş cəhdlərin qarşısının alınması üçün zəruridir. Həm də mənəvi zərərə görə kompensasiya məbləği İddiaçı nüfuzunu, şərəf və ləyaqətini qorumaq məqsədinə mütənasibdir. Həmçinin təyin olunacaq ağlabatan kompensasiya məbləği cavabdehi müflis etmək məqsədi daşımır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında qeyd edilir ki, «mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Məhkəmə göstərilənlər tələbləri, cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşqı irəli sürülmüş tələbi ödəmək iqtidarında olmasına dair işdə heç bir sübut olmadığını və iddiaçı tərəfindən belə bir sübutun təqdim edilmədiyini nəzərə alaraq, cavabdehdən tutulan mənəvi zərərə görə kompensasiyanın miqdarının ağlabatan məbləğdə, yəni 300 (üç yüz) manat məbləğində müəyyən etməyi məqsədəuyğun və zəruri hesab edir. Məhkəmə iz Cavabdeh hazırki iddia üzrə iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin ərizə əsassızdır və təmin oluna bilməz. Belə ki, əvvəla həmin ərizədə iddia müddətinin tətbiq olunmasının xahiş edildiyi mülki işin 2020ci ildə verilmiş nömrəsi düzgün olaraq 2 (019)-941/2020 göstərilsə də, cavabdehin adı səhv olaraq X1 qeyd edilmişdir. Halbuki hazırki işdə iddiaçının adı (soyadı, adı və atasının adı) İddiaçıdır. Digər tərəfdən, hətta iddiaçının adının səhv göstərilməsi və X4 adı altında İddiaçı nəzərdə tutulması qəbul olunsa belə, hazırki maddi zərər tələbinə dair iddia üzrə iddia müddəti keçməmişdir və ümumən iddia müddətinin keçməsi əsası ilə iddianın təmin olunmaması nəticəsinə gəlinə bilməz. Belə ki, işdəki sübutlardan görünür ki, Cavabdeh İddiaçı dələduzluq yolu ilə 1500 manatı 27 may 2013-cü ildə almışdır. Həmin tələb üzrə də iddia müddəti keçməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Bundan başqa, iddiaçı şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı mənəvi zərər halı üzrə qeyri-əmlak hüquqlarının müdafiəsi barədə də iddia tələbi irəli sürmüşdür. Qanunun tələbinə görə şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi haqqında tələblərə də iddia müddəti şamil edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyriəmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddiaya iddia müddətinin tətbiq olunmaqla iddianın rədd edilməsi barədə Cavabdeh ərizəsi əsassızdır və təmin olunmamalıdır. İş üzrə Cavabdeh iddia tələbini qəbul etməmiş, lakin iddia tələbinə etirazın əsaslandırıldığı halların mövcudluğuna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1500 manat və mənəvi zərərin əvəzi olaraq 300 manat alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş məbləğinə münasib olaraq Cavabdeh 21.6 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1500 manat və mənəvi zərərin əvəzi olaraq 300 manat alınaraq İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 21.6 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar