Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-136/2021 28.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızı, Cavabdeh3 Nurəddin oğlu, Cavabdeh5 Nurəddin qızı və Cavabdeh4 Nurəddin qızına qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızı, Cavabdeh3 Nurəddin oğlu, Cavabdeh5 Nurəddin qızı və Cavabdeh4 Nurəddin qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN 4xx xxx 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Balakən rayon X15 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə JN :4xx xxx 40108018 nömrəli Dövlət Aktı əsasında 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları becərmək üçün cavabdehlərə verilmişdir. Onlar cavabdehlərlə eyni kənddə yaşayırdılar. Cavabdehlərin ailə başçısı olan X9 ona maddi vəziyyətinin ağır olduğunu, ona görə də pay torpaqlarını satmaq istədiyini, elə bir adam olsa, yanına göndərməsini demişdir. Bir neçə gündən sonra X2 yanına gedərək, torpağı almaq istədiyini bildirmiş, razılaşmışlar. X9 ilk növbədə 435 saylı planşetdə olan torpağı satmaq qərarına gəlmişdir. Torpağın alqı-satqısı üçün 2002-ci il 26 avqust tarixində Balakən rayonu Qazbinə bələdiyyəsinə getmişlər. Nürəddin Aslanov birinci növbədə 435 saylı planşetdə yerləşən 0.49 ha torpağı birdəfəlik X12 bağışlamağı ilə bağlı izahat yazmışdır. Həmin izahat Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Qazbinə bələdiyyəsinin sədrinin məsləhəti ilə bir neçə nəfərin iştirakı ilə akt tərtib edilməsinin də lazım olduğu bildirilmişdir. Həmin 2002-ci il 26 avqust tarixli aktda da X9 tərəfindən 0.49 ha torpağın birdəfəlik X12 bağışladığı təsdiq edilmişdir. Həmin akt yeddi nəfər; X16, X10, İddiaçı2, X23, X17 və X9 tərəfindən imzalanmışdır. Aktın yekununda X9 tərəfindən torpağın X12 təhvil verildiyi və alıcı tərəfindən də alındığı qeyd edilmişdir. Akt Qazbinə bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Birdəfəlik bağışlama olsa da, X5 köhnə pulla 500 min (beş yüz min-50 şirvan) manat pul vermişdir. İki il sonra isə X2 arvadı Cavabdeh2 yanına gələrək, Dövlət Aktının 435 V və 435 W planşetlərində qalan 0.25 ha torpağı da almasını istəmişdir. X30 ilə xx xxxxxx 2004-cü il tarixdə Qazbinə bələdiyyəsinə getmişlər. X27 bələdiyyəsində izahat yazaraq, torpağı daimi olaraq X12 verdiyini qeyd etmişdir. Qazbinə bələdiyyəsinin sədri izahatı bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Bundan sonra Cavabdeh2 Qazbinə bələdiyyəsinə də ərizə ilə müraciət edərək (xx.xx.2004-cü il tarixdə) 0.25 ha torpağı daimi olaraq X11 verdiyini həm öz adından, həm də ailə üzvlərinin adından verdiyini təsdiq etmişdir. O, Qazbinə bələdiyyəsinin sədri Murtuzəli Əmətovun iştirakı ilə Cavabdeh2 köhnə pulla 350 min manat (35 şirvan) pul vermişdir. Eyni zamanda Cavabdeh1 hal- hazırda Bakı şəhərində işləyir. 2020-ci ilin yanvar ayında rayona gəlmişdi. Atasının xəstə olduğunu, onun yanına gəldiyini demişdir. Məhkəməyə verib torpağın alqı satqısını başa çatdırmalarını bildirmişdir. Həm də atası Nürəddin də ona 0.74 ha pay torpağının alqı satqısını yekunlaşdırmasını dediyini qeyd etmişdir. O və arvadı İddiaçı2 da Cavabdeh1 az-çox narazılıq varsa, bildirməsini demişlər. Elşad bir az narazı olduğunu büruzə vermişdir. Arvadı İddiaçı2 torpaq alınıb satılmasında halallıq lazım olduğunu bildirmişdir. Ona görə də Cavabdeh1 2020-ci ilin yanvar ayında əlavə olaraq 550 manat pul da vermişlər. Onlara məhkəmə olanda özü gələcəyini bildirmişdir. İddia ərizəsinə əlavə edilən Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş, X9 tərəfindən yazılmış 2002-ci il 26 avqust tarixli izahatdan və həmin gün tərtib edilmiş Qazbinə bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş aktdan da bəlli olur ki, ilk növbədə 0.49 ha torpaq ailə başçısı və mülkiyyətçi olan X9 tərəfindən iddiaçılara ömürlük verilmiş, qalan 0.25 ha torpaq sahəsi də digər mülkiyyətçi olan Cavabdeh2 tərəfindən xx xxxxxx 2004-cü il tarixdə yazılmış və Qazbinə bələdiyyəsi tərəfindən təsdiq edilmiş izahat və ərizə əsasında onlara daimi olaraq digər mülkiyyətçilərin razılığı ilə verilmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, həmçinin 0.74 ha torpaq sahəsinin X2 və onun digər ailə üzvlərinin mülkiyyətinə verildiyini və digər yetkinlik yaşına çatmış torpaq mülkiyyətçilərinin də torpaq sahəsini alqı-satqı etmək və ya bağışlamaq üçün razılıqlarının alınmalı olduğunu bildiyini qeyd edərək, iddianın təmin olunmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, xəstə olduğu üçün növbəti məhkəmə proseslərinə gələ bilməyəcəyindən, hazırki iş üzrə növbəti məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızı, Cavabdeh3 Nurəddin oğlu, Cavabdeh5 Nurəddin qızı və Cavabdeh4 Nurəddin qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-435 seriyalı KOD 40108018 olan Torpağa Mülkiyyə Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən rayon X15 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X3, Cavabdeh2, Cavabdeh5 Nurəddin qızının, Cavabdeh3 Nurəddin oğlunun, Cavabdeh1 və Cavabdeh4 Nurəddin qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2002-ci il tarixli aktdan görünür ki, həmin akt X16, X7, X26, İddiaçı2, X23, İddiaçı1 və X13 tərəfindən tərtib edilməklə, aktda X8 və ailəsinə verilmiş 435 saylı Dövlət Aktında olan 0,74 hektar torpaq sahəsinin birdəfəlik olaraq ömürlük İddiaçı1 bağışlanması göstərilmişdir. İddiaçı1 tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2004-cü il tarixli Cavabdeh2 adına olan izahatda ailələrinə düşən 435 saylı dövlət aktında 0.75 hektar torpaq payını birdəfəlik olaraq Qazbinə bələdiyyəsinin sədrinin iştirakı ilə İddiaçı1 bağışlaması qeyd edilmişdir. İddiaçı1 tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2002-ci il tarixli Aslanov N.-nin adına olan izahatda X4 onun ailəsinə düşən əmlak torpaq payının 435 saylı dövlət aktında olan 0.75 ha torpağı İddiaçı1 birdəfəlik bağışlaması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 626 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X14 xx xxxx 2020-ci ildə ölmüş, bu barədə ölüm haqqında xx xxxxxx 2020-ci il tarixli, 211 №-li akt qeydi tərtib olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı1 izahatını və xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar iddia tələbinin əsaslandırıldığı hallar kimi JN-435 seriyalı KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə X3, Cavabdeh2, Cavabdeh5 Nurəddin qızının, Cavabdeh3 Nurəddin oğlunun, Cavabdeh1 və Cavabdeh4 Nurəddin qızının ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0.74 ha torpaq sahəsinin xx xxxxxx 2002-ci il tarixli aktla X9 tərəfindən və xx xxxxxx 2004-cü il tarixli izahatla Nürəddin Aslanovun həyat yoldaşı Aslanova (Əliyeva) Maral Rüstəm qızı tərəfindən İddiaçı1 satılması, bu zaman Cuma X1 manatın köhnə məzənnəsi ilə 500 min manat, Aslanova (Əliyeva) Maral Rüstəm qızına manatın köhnə məzənnəsi ilə 350 min manat, torpağın digər mülkiyyətçisi Cavabdeh1 isə 2020-ci ilin yanvar ayında əlavə olaraq 550 manat verməsi, mülkiyyətçilərdən hər birinin torpaq payının olması, Nürəddin Aslanovdan ilkin olaraq 0.49 ha torpaq sahəsinin alındığı, sonra isə Cavabdeh2 (Əliyevadan) 0.25 ha torpaq sahəsinin alındığı və bununla da 0.74 ha torpaq sahəsinin onlardan yekun olaraq alqı-satqı qaydasında alındığını göstərmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X19 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X20”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinirn 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respeublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər; notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. İddiaçılar iddia ərizələrində 0.74 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi xx xxxxxx 2002-ci il tarixdə X9 ilə alqı-satqı müqaviləsi bağlandığını və həmin vaxt İddiaçı1 tərəfindən X5 manatın köhnə məzənnəsi ilə 500 min manat verildiyini, həmçinin xx xxxxxx 20024-cü il tarixdə Nürəddin Aslanovun həyat yoldaşı Aslanova (Əliyeva) Maral Rüstəm qızı ilə alqı-satqı müqaviləsi bağlanmaqla, Cavabdeh2 (Əliyevaya) manatın köhnə məzənnəsi ilə 350 min manat verildiyini, 2020-ci ilin yanvar ayında digər mülkiyyətçi Cavabdeh1 550 manat verildiyini, torpaq mülkiyyətçilərinin hər birinin öz payları üzərində sərəncam verdiyini; 0.74 ha torpaq sahəsindən Nürəddin Aslanovdan 0,49 ha, Cavabdeh2 (Əliyevadan) isə 0.25 ha torpaq sahəsinin alındığını göstərirlər. Lakin iddiaçılar xx xxxxxx 2002-ci il tarixdə 0.74 ha torpaq sahəsinə və ya onun 0.49 ha hissəsinə dair X9 ilə sadə yazılı formada alqı-satqı müqaviləsinin bağlandığını, həmçinin xx xxxxxx 2004-cü il tarixdə 0.74 ha torpaq sahəsinə və ya onun 0.25 ha hissəsinə dair Aslanova (Əliyeva) Maral Rüstəm qızı ilə sadə yazılı formada alqı-satqı müqaviləsinin bağlandığını, həmin müqavilədə torpaq sahəsinin alqı-satqısı predmetinə aid müqavilə şərtlərinin və tərəflərin öhdəliklərinin göstərildiyini, müqavilə öhdəliklərinə əsasən iddiaçı tərəfindən torpağın satış pulu kimi müvafiq olaraq Nürəddin Aslanova manatın köhnə məzənnəsi ilə 500 min manatın və Cavabdeh2 (Əliyevaya) manatın köhnə məzənnəsi ilə 350 min manatın verildiyini, məhz Nürəddin Aslanovun və iddia ərizəsində göstərilən cavabdehlərin bu alqısatqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı tərəfin üzərinə düşür. Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 335.2-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən xx xxxx 2006-cı il tarixli qərarının hazırki işdə tətbiq edilməsi üçün torpaq sahəsinin alqı-satqı müqaviləsi sadə yazılı formada bağlanmalı, həmin müqavilə (əqd) qanuna zidd olmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. Qanunun tələbinə əsasən də həmin sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsində torpağın kim tərəfindən, harada və hansı qiymətə satılması, satıcının torpaq sahəsini alıcıya verməsi, alıcının isə müəyyənləşdirilmiş pul məbləğini satıcya ödəməsi şərtləri göstərilməlidir. Əks hal tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin (əqdinin) ümumiyyətlə bağlanmadığını göstərir ki, hazırki işdə də bu, baş vermişdir. Yəni tərəflər arasında 0.74 ha torpaq sahəsinin sadə yazılı formalı alqı-satqı müqaviləsi bağlanmamışdır. İş materialları ilə İddiaçı1 və İddiaçı2 ilə X9 və onun ailə üzvləri arasında 0.74 ha torpaq sahəsinin alqısatqısı və ya bağışlanması barədə hər hansı müqavilənin bağlanması müəyyən olunmur. Ona görə də hazırki işə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsində və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilən şərtlər tətbiq edilə bilməz və iddia təmin oluna bilməz. Əksinə, işdə olan xx xxxxxx 2002-ci il tarixli aktda X2 ailəsinə məxsus 0.74 ha torpaq sahəsini İddiaçı1 birdəfəlik bağışlaması, həmçinin xx xxxxxx 2004-cü il tarixli izahatda Aslanova (Əliyeva) Maral Rüstəm qızının 0.74 ha torpaq sahəsini birdəfəlik İddiaçı1 bağışlaması göstərilir. Bağışlama isə subyektlərinə, bağlanma şərtlərinə və hüquqi nəticələrinə görə alqı-satqı müqaviləsindən tamamilə fərqli bir institutdur və heç bir halda alqı-satqı müqaviləsini ehtiva edə və ya əvəz edə bilməz. Ona görə də qanunverici bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsini bir-birindən fərqləndirmiş və ayrı-ayrı qanun normalarında təsbit etmişdir. Digər tərəfdən, hətta xx xxxxxx 2002-ci il tarixdə torpaq sahəsinin iddiaçı tərəfə bağışlanması hipotetik olaraq qəbul olunsa belə, onun özü qanuna zidd olmuşdur. Belə ki, tərtib edilən akt formasında həyata keçirilməsi ehtimal edilən həmin bağışlama qanunda nəzərdə tutulmuş forma və məzmun şərtlərinə əməl edilmiş müqavilə deyildir, qanunun tələblərinə uyğun deyildir, bütün mülkiyyətçilərin razılaşması ilə həyata keçirilməmişdir; bu zaman Nürəddin Aslanovun arvadı olan Aslanova (Əliyeva) Maral Rüstəm qızının və həmin vaxt yetkinlik yaşına çatmış qızı Cavabdeh5 (iş materiallarına əsasən həmin vaxt onun 22 yaşı olmuşdur) buna razılığı alınmamışdır. Bundan başqa, X2 digər torpaq mülkiyyətçilərinin razılığı olmadan həmin bağışlamanı həyata keçirməyə lazımi səlahiyyətləri olmamış və İddiaçı1 da bunu bilmişdir. Belə ki, Cuma Zeynalov məhkəmədə verdiyi izahatında 0.74 ha torpaq sahəsinin X2 və onun ailə üzvlərinin mülkiyyətinə verildiyini bildiyini bildirmişdir və onun bunu xx xxxxxx 2020-ci il tarixdə bilməsi iş materialları ilə də təsdiq olunur. Bundan başqa, xx xxxxxx 2002-ci il tarixli aktda 0,74 ha torpaq sahəsinin bütövlükdə bağışlanması qeyd edilir. Belə olan halda Nürəddin Aslanovun guya həmin torpaq sahəsindən payını təşkil edən 0.49 ha torpaq sahəsini, Cavabdeh2 (Əliyevanın) isə payını təşkil edən 0.25 ha torpaq sahəsini bağışlaması və onların hər birinin öz payları üzərində sərəncam verməsi barədə iddiaçıların göstərdikləri heç bir hüquqi və faktoloji əsasa malik deyildir və işdəki sübutlarla tam təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, 0.74 ha torpaq sahəsi Nürəddin Aslanovun və onun 5 ailə üzvünün ümumi birgə mülkiyyətinə verilmişdir, qanuna görə həmin mülkiyyətçilərin həmin 0.74 ha torpaq sahəsindəki payları bərabərdir və bu ümumi mülkiyyətdən həmin subyektlərdən heç birinin payı ayrılmamışdır. Ona görə də iddiaçı tərəfin guya 0.74 ha torpaq sahəsindən Nürəddin Aslanovun 0.49 ha və Cavabdeh2 (Əliyevanın) 0.25 ha olmaqla guya öz həmin torpaq payları üzərində sərəncam verməsi fikri tamamilə absurd və əsassızdır. Nürəddin Aslanovun imza etdiyi göstərilən akt və Cavabdeh2 (Əliyevanın) izahatı sözügedən ehtimal edilən əqdin qanunauyğun bağlanması və həmin vaxt qüvvədə olan Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Konstitusiüya Məhkəməsi Plenumunun istinad olunan xx xxxx 2006-cı il tarixli qərarının şərtlərinə uyğun olması barədə nə forma, nə də məzmun cəhətdən hüquqi əsas vermir. Digər torpaq mülkiyyətçilərinin razılığı olmadan Nürəddin Aslanovun 0.74 ha torpaq sahəsini İddiaçı1 ehtimal edilən bağışlaması qanunazidddir, ona görə də aktla bağlanması ehtimal edilən bağışlamanın alqı-satqı müqaviləsi və ya digər formada və ya ad altında etibarlı saylıması üçün heç bir faktoloji və hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İş materiallarından həmçinin görünür ki, X14 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia üzrə bağlaniması ehtimal edilən əqdin bu və ya digər formada və ya ad altında etibarlı hesab edilməsi isə mərhum X6 vərəsələrinin və JN-4xx xxx 40108018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı üzrə digər torpaq mülkiyyətçilərinin 0.74 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mülkiyyət hüquqları qanunla qorunur və qanunda göstərilmiş hallardan başqa heç kim mülkiyyətindən məhrum edilə bilməz. 0.74 ha torpaq sahəsi mülkiyyətçilərinin həmin 0.74 ha torpaq sahəsinə mülkiyyət hüququna müdaxilə üçün isə hazırki iş üzrə qanunda göstərilən hallar və əsaslar mövcud deyildir. Qeyd edilənlər hazırki iddianın heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını və tamamilə əsassız olduğunu göstərir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli qanun normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızına, Cavabdeh3 Nurəddin oğluna, Cavabdeh5 Nurəddin qızına və Cavabdeh4 Nurəddin qızına qarşı JN-4xx xxx 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin iddia təmin edilmədiyi üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçılaya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Aslanova (Əliyeva) Maral Rüstəm qızına, Cavabdeh3 Nurəddin oğluna, Cavabdeh5 Nurəddin qızına və Cavabdeh4 Nurəddin qızına qarşı JN-4xx xxx 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-136/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-136/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver