Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-162/2022 03.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Gəncəyeva (Horcolova) Havva Ramiz qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Gəncəyeva (Horcolova) Havva Ramiz qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Gəncəyeva (Horcolova) Havva Ramiz qızı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 31 iyul 2017-ci ildə anadan olmuş, X1 və 13 iyul 2019-cu ildə anadan olmuş, X2 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün, hər ay bir uşaq üçün 170 ( yüz yetmiş) manat, iki uşaq üçün 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Gəncəyeva (Horcolova) Havva Ramiz qızı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 06 aprel 2017- ci ildə rəsmi nikahla Balakən rayonu Qaysa kənd sakini Cavabdeh ərə getmişdir. Nikahlarını Balakən rayonu Qaysa kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Nikahın bağlanması haqqında Akt qeydləri kitabından 06 aprel 2017-ci il tarixində 02 № ilə qeyd edilmiş və AZ-İİ № 197220 nömrəli şəhadətnamə verilmişdir. Rəsmi nikahdan 31 iyul 2017-ci ildə X3, 13 iyul 2019-cu ildə isə X5 adında övladları dünyaya gəlmişdir. İlk vaxtlarda ailə münasibətləri yaxşı olmuş, sonradan ailə-məişət zəminində əri ilə mübahisə edib, atasının evinə gəlmişdir. 4 aydır ki, azyaşlı uşaqları onun yanındadır. Cavabdeh uşaqlarına heç bir maddi yardım göstərmir. Odur ki, Cavabdeh azyaşlılar; 31 iyul 2017 ildə doğulmuş, X3 və 13 iyul 2019cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi iki uşaq üçün 340 (üç yüz qırx) manat alimentin alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, o, 06 aprel 2017-ci ildə (Horcolova) Havva Ramiz qızı ilə nikahlarını Balakən rayonu Qaysa kənd icra nümayəndəliyində rəsmiləşdirməklə evlənmişlər. Rəsmi nikahdan 31 iyul 2017 ildə X3 və 13 iyul 2019-cu ildə isə X5 adında övladları dünyaya gəlmişdir. İlk vaxtlarda ailə münasibətləri yaxşı olmuş, sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr yaranmışdır. Hal-hazırda iddiaçı ilə ayrı yaşayırlar. Uşaqlar iddiaçının himayəsində yaşayırlar. Ailəsini bərpa etmək və iddiaçı ilə barışmaq istəyir. O, heç yerdə işləmir. Aliment ödəmək imkanına malik deyildir. İddianın rədd olunmasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 may 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 197220 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 06 aprel 2017-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Gəncəyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 avqust 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 994319 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 31.07.2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 09 avqust 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 324966 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 13 iyul 2019-cu il tarixdə anadan olmuş, atası atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan 12.12.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi aliment mübahisəsi üzrə 12/12/2021 tarixində 11.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumtalandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı Gəncəyeva (Horcolova) Havva Ramiz qızı Cavabdeh ilə nikahlarını 06 aprel 2017-ci ildə Balakən rayonunun Qaysa kənd inzibati ərazi dairəsində 02 sayla rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından 31 iyul 2017-ci ildə X3 və 13 iyul 2019-cu ildə isə X5 adında iki uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdeh aralarında yaranmış narazılıqla bağlı faktiki ayrılmışlar və iddiaçı 4 aydan artıq müddətdir ki, atasının evində yaşayır. Uşaqların hər ikisi iddiaçının himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi köməklik göstərmir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin nikah münasibətlərindən doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulacaq valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Bu konteksdə məhkəmə uşaqları saxlamağın hər iki valideyninin vəzifəsi olmasını, tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipinin təmin edilməsi zərurətini nəzərə alaraq hesab edir ki, iddia qismən-cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə hər ay 150 manat aliment tutulması hissəsində təmin edilməli, hər ay hər uşağa görə 150 manatdan artıq aliment tələbi hissəsində isə təmin edilməməlidir. «X10» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 15 dekabr 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 31 iyul 2017-ci ildə doğulmuş X1 və 13 iyul 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Gəncəyeva (Horcolova) Havva Ramiz qızına ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Eyni zamanda hazırki qətnamə alimentin alınması hissəsində dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Belə ki, “X10” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ərizənin verildiyi 15 dekabr 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 31 iyul 2017-ci ildə doğulmuş X1 və 13 iyul 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Gəncəyeva (Horcolova) Havva Ramiz qızına ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş 56 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-162/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-162/2022
03.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver