Məhkəmə qərarları › İş №2(019)-163/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-163/2022

24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-163/2022 24.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı Ramazan oğlunun iştirakı ilə İddiaçı Ramazan oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ramazan oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən ona hesablanmış 216 ( iki yüz on altı) manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, Balakən rayonunun Yeni Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəsi qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi onların da yaşadıqları evə təbii qaz, qaz sayğacından gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 25-30 metr aralıda hasarın üzərində yol tərəfdən yerləşdirilmişdir. 22 iyun 2021-ci il tarixdə “Azəriqaz” İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən istifadələrində olan G-4 markalı ******* nömrəli qaz sayğacı götürülərək əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan zaman mütəxəssislər tərəfindən istifadələrində olmuş sayğacın istifadə müddətinin bitdiyi üçün götürüldüyü bildirilmişdir. Qaz sayğacı dəyişdirilərkən Akt tərtib olunmuş və o, da həmin aktı imzalamışdır. Əvvəl istifadəsində olan sayğac çıxarılarkən sayğacda hər hansı xətanın olması barədə ona bildirilməmişdir. 20 avqust 2021-ci il tarixdə istifadəsində olmuş G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və laboratoriya rəyi verilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Bu barədə 25 avqust 2021-ci tarixdə ******* saylı Akt tərtib edilmişdir.2021-ci ilin noyabr ayının əvvəllərində ona məlum olmuşdur ki, barələrində belə bir Akt var və o, 216 manat cərimə olunmuşdur. Cərimə olunduğunu bildikdən sonra o,qaz idarəsinin məsul işçilərinə bildirmişdir ki, G-4 markalı ******* nömrəli qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq qaz ödənişlərini etmişlər. Cərimə olunmağı qanunsuzdur. Cərimənin silinməsini “Azəriqaz” İB Balakən rayon şöbəsindən tələb etsə də bu mümkün olmamışdır. Buna görə də cərimənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.Sayğacı mühafizə etmək Qaz İstismarı idarəsinin borcudur. Buna görə də bu cərimə ləğv edilməlidir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22.06.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən rayonu Yeni Şərif kəndində yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 25 avqust 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı Zaqatala Regional Qaz İstismarı İdarəsi ilə İddiaçı oğlu arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 avqust 2021-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin plastması qapağının alt hissəsi deşici alətlə deşilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Abonentin saldosundan görünür ki, İddiaçı * oğluna 216 manat qalıq qaz borcu yazılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində Balakən rayonu Yeni Şərif kəndində yerləşən fərdi yaşayış evi vardır.İddiaçı “Azəriqaz” İB X2 İstismar İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 25-30 metr kənarda, hasarın üzərində yol tərəfdən yerləşdirilmişdir. 22 iyun 2021-ci ildə “Azəriqaz” İBnin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı dövlət yoxlanmasına göndərilməsi üçün çıxarılmış və qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz sayğacının yoxlanılması barədə verilmiş rəydə qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi qeyd edilmişdir. Sonradan iddiaçının evinə “Azəriqaz” İB-nin X2 İstismar İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş və İddiaçı 216 manat qazdan istifadəyə görə borcunun yarandığı göstərilmişdir. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda-hasarın üzərində yol tərəfdə yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli ,cavabdeh “Azəriqaz” İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən iddiaçı İddiaçı hesablanmış 216 ( iki yüz on altı) manat cərimə ləğv edilməklə silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı hesablanmış 216 ( iki yüz on altı) manat cərimə ləğv edilməklə silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar