Məhkəmə qərarları › İş №2(019)-272/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-272/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-272/2021 12.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cahangir oğlu ilə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hə ay bir uşaq üçün 175 manat olmaqla 350 manat alimentin sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah pozulduqdan sonra Balakən Rayon Məhkəməsinin 2(019)-40/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Cahangir oğlundan iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment tutulub ona verilməli idi. Bir müddət Cavabdeh 2018-ci ilin sonunadək alimentin müəyyən hissəsini, ümumilikdə 1800 manat ödəsə də, sonradan heç bir ödəniş etməmişdir. 2020-ci ilin əvvəlində ona təklif etmişdir ki, ona 5000 manata yaxın borcundan 3000 manatını versin, qalanından imtina etsin. O isə 2000 manat verə biləcəyini demişdir. Sonda cavabdehlə aralarında 2000 manat verəcəyi müqabilində həmin günədək ona olan aliment borcunun qalan hisəssindən imtina edəcəyi barədə razılıq əldə olunmuşdur. O da onun bu vədinə inanıb, məhkəməyə ərizə vermiş və Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən alimentdən imtinası qəbul edilmişdir. Bu qərardad əsasında alimentlə bağlı icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin Vüqar ona verdiyi sözü tutmamış, onun ona etibarından sui-istifadə edərək, alimentdən imtina etməsinə nail olmuşdur. Bunun müqabilində isə ona cəmi 1850 manat pul göndərmişdir. Bundan sonra dəfələrlə onunla əlaqə saxlayıb, razılaşdıqları pulun qalanını və aylıq alimenti ödəməsini tələb etməyə çalışsa da, bu mümkün olmamışdır. Bu günədək Cavabdeh nə razılaşmaya əməl etmiş, nə də ki, uşaqlara aliment ödəmişdir. O, icra və probasiya şöbəsinə müraciət etdikdə, ona alimentdən imtina etdiyinə görə işə xitam verildiyi izah edilmişdir. O zaman ona məhkəmə qərarında onun tamamilə alimentdən imtina etməsi qeyd olunmuşdur. Halbuki onlar 2020-ci ilin əvvəlinə olan aliment borcunun yarısını ödəyib, qalan yarısından imtina etməyə razılaşmışlar. 2020-ci ildən sonra isə hər ay yenə də alimentini ödəməli idi. O, Balakən Rayon Məhkəməsinə icra sənədi üzrə icraata xitam verilməsi barədə həmin qərardan şikayət verməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir . Cavabdeh oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(019)-40/2018 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı qızı ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxx 2006-cı il tarixdə Balakən rayon Katex kənd inzibati ərazi dairəsində qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşaqları-xx.xx.2008-ci ildə doğulmuş X6 və xx.xx.2010-ci il tarixdə doğulmuş X3 anaları İddiaçı qızının yanında qalması, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxx 2008-ci ildə doğulmuş X6 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 325866 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah ləğv edilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin may ayının 08 günündə 50 nömrə ilə qeyd edilmiş, nikah ləğv edildikdən sonra arvada Lələyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi tərəfindən xx xxxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 492256 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi tərəfindən xx xxx 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 624317 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası Cavabdeh oğlu, anası isə İddiaçı qızı göstərilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(019)-2020 saylı qərardadından görünür ki, tələbkar İddiaçı ərizəsi təmin edilmiş, tələbkar İddiaçı xx xxxxxx 2008-ci ildə doğulmuş X6 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 110 (yüz on) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə tələbindən imtinası qəbul edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X2 xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-40/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Abdulla qızı və Cavabdeh xx xxxx 2005-ci ildə evlənmiş, nikahlarını xx xxx 2006-cı ildə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə X9 və xx.xx.2010-ci ildə X7 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(019)-40/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2006-cı il tarixdə Balakən rayon Katex kənd inzibati ərazi dairəsində qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşaqları-xx.xx.2008-ci ildə doğulmuş X6 və xx.xx.2010-ci il tarixdə doğulmuş X3 anaları İddiaçı qızının yanında qalması, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxx 2008-ci ildə doğulmuş X6 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməsi qət edilmişdir. Cavabdeh və İddiaçı arasında nikah ləğv edilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin may ayının 08 günündə 50 nömrə ilə qeyd edilmiş, nikah ləğv edildikdən sonra arvada Lələyeva soyadı verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(019)-2020 saylı qərardadı ilə tələbkar İddiaçı ərizəsi təmin edilmiş, tələbkar İddiaçı xx xxxxxx 2008-ci ildə doğulmuş X6 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 110 (yüz on) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə tələbindən imtinası qəbul edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X2 xx.xx.2020-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-40/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X5» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X5» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin stabil aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində həmçinin uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə doğulmuş X6 və xx.xx.2010-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay hər bir uşaq üçün 130 manat alimentin tutularaq, İddiaçı verilməsi uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri arasında ədalətli tarazlığa səbəb olacaqdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hər ay hər bir uşaq üçün 175 manat aliment tələbi barədə iddia qismənhər ay hər bir uşaq üçün 130 manat tələb hissəsində təmin edilməli, alimentin hər ay hər bir uşaq üçün 130 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə tərəfindən iddianın qismən- hər ay hər bir uşaq üçün 130 manat hissəsində təmin edilməsi tərəflərin mənafeləri arasında ədalətli tarazlığın yaradılması və işin yuxarıda göstərilən digər faktiki halları nöqteyi-nəzərindən ədalətli və əsaslıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, ərizənin verildiyi xx xxxxxx 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə doğulmuş X6 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdeh 22.29 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda alimentin alınması haqqında hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Ərizənin verildiyi xx xxxxxx 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə doğulmuş X6 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 22.29 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar