Məhkəmə qərarları › İş №2(019)-300/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-300/2021

18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-300/2021 18.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1530 manat pul, 31 ədəd qoyun və ya onun dəyəri olan 4870 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 1530 (bir min beş yüz otuz) manat pul, 10 baş keçi və ya onların hazırki bazar dəyəri 13 00 (bir min üç yüz) manat, 21 baş qoyun və ya onların hazırki bazar dəyəri 3570 (üç min beş yüz yetmiş) manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onların xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 oğlu məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki,o, ailəsilə birlikdə Balakən rayon Poştbinə kəndində yaşayır. Təsərrüfatında xırda buynuzlu heyvan saxlamaqla dolanır. Təsərrüfatında olan qoyunları istəyən olanda satır. Müştərilərindən ikisi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dur. Onlar uzaq qohumudurlar. Onlar əvvəllər ayrı-ayrı vaxtlarda gəlib evindən istədiyi heyvanı seçib aparıb, gah dəyişdirmiş, gah da satıb və danışdıqları qiyməti ona ödəmişlər.Bu səbəbdən aralarında etibar yaranmışdır. 2018-ci ilin fevral ayında Cavabdeh1 evinə gələrək 270 manat dəyərində 2 baş ana qoyunu ağ rəngli Vaz-2101 markalı təxminən 44-77-912 dövlət qeydiyyat nömrəli maşını ilə aparmış , qoçların pulunu bir neçə günə verəcəyini bildirmişdir. Cavabdeh1 10 gün sonra yanına gələrək həmin 540 manat puldan 240 manat vermis, 300 manat borclu qalmışdır. Bundan 3-4 ay sonra təxminən 2018-ci ilin may ayında Cavabdeh1 atası Cavabdeh2 ilə yanına gələrək xahiş etmişlər ki, onlarla iş görməyindən qəti narahat olmasın, nə borc varsa hamısı bir yerdə ödənəcəkdir. Bundan sonra onlar 10 ədəd keçi istədiklərini və qalan borcu ilə pulunu birlikdə qaytaracaqlarını dedilər. O, Mahirin atasına görə, həmdə qohum olduğuna görə etibar etdiyi üçün 1000 manat dəyərində 10 ədəd keçini onlara vermişdir .10 ədəd keçinin 4 ədədini Cavabdeh2 maşınına yükləyib həmin gün , qalan 6 ədəd keçini sabahı gün aparmışlar. xx.xx.2018-ci il tarixdə Zaqatala rayonundan mal bazarından evə qayıdarkən, əvvəllər evini tikən usta kimi tanıdığı Arif adlı şəxs ona zəng edərək onu evlərinə çağırmışdır. O da yanında olan Anarla birlikdə Arifgilə getmiş, oraya çatanda görmüşdür ki, Cavabdeh1 oradadır. Arif və Mahir ona Mahirə 1530 manat pul lazım olduğunu bildirmişlər. O, da Mahirə bildirmişdir ki, altdan olan borcunu qaytarmayıb yenidən borc istəyirsən. Mahir borcunu ödəyəcəyini, ona yenidən 1530 manat borc verməyini xahiş etmişdir. Bundan sonra orada oğlu Babək olmaqla 5 nəfərin şahidliyi ilə 1530 manat pulu sayıb Mahirə vermişdir. Mahir də iltizama qol çəkərək borcunu qaytaracağını bildirmişdir. Sonra həmin iltizamı itirmişdir. Bir neçə gün sonra Cavabdeh1 yenidən onlara gələrək həyətində olan qoyunları özünə satmağını xahiş etmişdir. O,da Mahirə 25 min manat kredit götürdüyü pula heyvan aldığını, ancaq onun heyvanları apararaq pulunu vermədiyini bildirmişdir. Mahir and içərək pulunu verəcəyini demişdir. O, da Mahirin sözünə inanaraq özü öz maşınına heyvanları yığıb Mahirin evinə aparmışdır. Mahirin böyük oğlu Mahirə zəng edərək onun qoyunları gətirdiyini demişdir. Mahir isə qoyunları evin arxasındakı fındıq bağına boşaltmağını bildirmişdir. Mahirin oğlu ilə bir yerdə 19 baş qoyunu və iki quzunu boşaldıb qayıtmışdır. O, qoyunları boşaltdıqdan sonra Mahirin anası ona qoyunları Mahirə verməməyini, Mahirin qoyunların pulunu ona qaytarmayacağını bildirmişdir. Bir müddət sonra Mahirin atası Təhməz ondan 200 manat borc pul istəmiş və o pulu özü ona qaytaracağını bildirmişdir. Ancaq o, həmin pulu iddia ərizəsinə əlavə etməmişdir. Bir müddət sonra pulu istəməyə getmiş, ona fındıq yığımında verəcəyini bildirmişdir. Fındıq yığımında təkrar borcunu istəməyə getdiyi zaman Mahir ona fındıq bağını almağını təklif etmişdir. O, isə Talalar kəndində olan torpaq sahəsinin evinə uzaq olduğundan istəmədiyini bildirmişdir. Daha sonra yenidən borcu istəməyə gedəndə Mahir pulu oğluna hərbi bilet almaq üçün xərclədiyini demişdir. O, da Balakən rayon Polis Şöbəsinə gələrək Mahirdən şikayətçi olmuşdur. Polis şöbəsindən ona məhkəməyə müraciət etməyini bildirmişlər. Bundan sonra dəfələrlə yenidən cavabdehlərin evinə gedərək pulunu tələb edərkən ona bildirmişlər ki, “get hara istəyirsən şikayət et, sənin nə pulunu və nədə ki, qoyunlarını qaytarmırıq”. Balakən rayon PŞ-nə müraciətinin heç bir nəticəsi olmamışdır. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı1 məhkəmə iclasında həmçinin bildirdi ki, o keçilərin hər birini Mahirə 100 (bir yüz ) manatdan satmış, 19 baş qoyun və iki baş quzunu isə ümumilikdə 1940 manata satmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı1 ilə qohum deyildir. Bir neçə illər əvvəl Bəkirin evinə gedib ondan bir neçə heyvan almışdır, sonra pulunu ödəmişdir. 3 il bundan qabaq Bəkir ona bazarda yaxınlaşıb ondan İlkin adlı şəxsdən aldığı 20 ədəd qoyunları satmaqda ona köməklik etməyini xahiş etmişdir. O, da fikirləşəcəyini və cavab verəcəyini bildirmişdir. Daha sonra Bəkir ona zəng vuraraq qoyunlara və keçilərə baxmaq üçün onu evlərinə dəvət etmişdir. O, Bəkirin evinə gedən zaman keçilərin yaşlı olduğunu, 5-6 qoyunun ayaqları xəstə olduğu üçün yatdığını görmüşdür. Keçiləri gətirmədən qayıtmışdır. Bir neçə saat sonra İddiaçı1 20 ədəd qoca qoyun və 10 ədəd keçini xəbəri olmadan onun evinə gətirmişdir. Səhəri gün keçilərdən ikisinin öldüyünü görmüşdür. Bəkirə zəng vuraraq iki ədəd keçinin öldüyünü bildirmiş və gəlib heyvanları geri aparmasını tələb etmişdir. Bəkir heyvanları aparmaq üçün gəlməmişdir. Axşamı iki keçi də ölmüşdür. O, yenə Bəkirə zəng vurmuşdur ki, gəlib heyvanları aparsın. Bəkir yenə gəlməmişdir. Ümumilikdə beş keçi və 6 qoyun ölmüşdür. Bir neçə gün sonra o, Zaqatala Əliabad bazarında olan zaman Arif ona zəng edərək özlərinə çağırmışdır. Bəkir ona Arifin evində 1500 manat faizə pul verməyi təklif edərək bildirmişdir ki, özün heyvan al artır, pulun faizini də az-az qaytararsan. O, Bəkirin təklifi ilə razılaşmışdır. İl yarım 1500 manatın faizini ödəmişdir. İl yarım faizi ödədikdən sonra borcu ödəyə bilməmiş və atasına təklif etmişdir ki, maşınını borcun yerinə Bəkirə versin. Atası narazı olduğu üçün maşını satmamışlar və o, kredit götürərək 750 manat pulu Zaqatala Əliabad bazarında oğlu , Bəkir və onun yoldaşı Sədaqətin yanında Bəkirə vermişdir. Bir neçə gün sonra Balakəndə Soltanın bazarında geridə qalan 450 manatı Bəkirin özünə vermişdir. Bir müddət keçdikdən sonra 500 manatı da yoldaşı ilə gedib Bəkirin evində ona vermişdir. Bəkir qalan pulu da hər gün zəng vuraraq tələb etmişdir. Maşını vermək üçün atasını razı salmış və birlikdə X4 getmişlər. Bəkir Gürcüstan vətəndaşı olduğu üçün onun təklifi ilə maşını Elşadın adına keçirtmişlər. Razılaşmışlar ki, Elşad 2000 manat pulu Bəkirə ödəyəcəkdir. Həmin vaxt Bəkir Notariat Ofisinin qabağında atasına 120 manat pul vermişdir. Maşını verdikdən sonra onun Bəkirə 500 manat borcu qalmışdır. O, da iki qoyun və iki balasını 500 manatın əvəzində Bəkirə vermişdir. Onun Bəkirə heç bir borcu yoxdur. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı1 onun arvadı ilə qohumdur. Bir neçə illər əvvəl oğlu Mahir Bəkirin evinə gedib ondan bir neçə heyvan almışdı. 3 il bundan qabaq Bəkir Mahirə bazarda yaxınlaşıb 20 ədəd qoyunları satmaqda ona köməklik etməyini xahiş etmişdir. Mahir razı olmadığını bildirmişdir. Daha sonra Bəkir Mahirə zəng vuraraq qoyunlara və keçilərə baxmaq üçün onu özlərinə dəvət etmişdir. Mahir Bəkirin evinə gedən zaman keçilərin yaşlı olduğunu, 5-6 qoyunun ayaqları xəstə olduğu üçün yatdığını görmüşdür. Heyvanları gətirmədən qayıtmışdır. Bir neçə saat sonra İddiaçı1 20 ədəd qoca qoyunu və 10 ədəd keçini xəbəri olmadan evinə gətirmişdir. Səhəri gün keçilərdən ikisinin öldüyünü görmüşdür. Mahirə keçilərin xəstə olduğunu geri qaytarmasını bildirmişdir. Mahir Bəkirə zəng vuraraq iki ədəd keçinin öldüyünü bildirmiş və gəlib heyvanları geri aparmasını tələb etmişdir. Bəkir heyvanları aparmaq üçün gəlməmişdir. Axşamı iki keçi də ölmüşdür. Mahir yenə Bəkirə zəng vurmuşdur ki, gəlib heyvanları aparsın. Bəkir yenə gəlməmişdir. Bir neçə gün sonra Arif zəng edərək Mahiri özlərinə çağırmışdır. X8 evində 1500 manat faizə pul verməyi təklif edərək bildirmişdir ki, özün heyvan al artır, pulun faizini də az-az qaytararsan. Mahir Bəkirin təklifi ilə razılaşıb 1500 manatı almışdır. İl yarım 1500 manatın faizini ödəmişdir. Qalan borcu ödəmək üçün onun maşınını Bəkirə vermək üçün X4 getmişlər. Bəkir Gürcüstan vətəndaşı olduğu üçün onun sözünə əsasən maşını Elşadın adına keçirtmişlər. Razılıqlarına əsasən Elşad 2000 manat pulu Bəkirə ödəməli idi. Maşını verdikdən sonra Mahirin Bəkirə 500 manat borcu qalmışdır. Qalan borcun əvəzinə də Mahir iki qoyun və iki balasını Bəkirə vermişdir. Notariat Ofisinin qabağında Bəkir bildirmişdir ki, Mahirin ona heç bir borcu qalmamışdır. Cavabdeh2 məhkəmə iclasında həmçinin göstərdi ki, Bəkir ona borc pul, qoyun, quzu və keçi verməmişdir. Bəkir qoyunları və keçiləri Mahirlə danışıb ona vermişdir. Həmçinin 1500 manat borc pulu Mahirə vermişdir. Onun Bəkirə heç bir borcu yoxdur. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, İddiaçı1 və Cavabdeh1 tanıyır. Onun və Mahirin pula ehtiyacı olduğu üçün İddiaçı1 özlərinə çağırmışdır. Həmin vaxt Mahir Bəkirdən 1500 manat borc pul almışdır. Bir neçə gün sonra Mahir atası ilə Bəkirin evinə gələrək 4 ədəd keçini atasına məxsus maşına qoyub aparmışlar. Bir neçə gün sonra Mahir Bəkirdən bir baş inək malı da gəlib aparmış, lakin iki gün sonra Mahir inəyin xəstə olduğunu bildirərək malı gətirib Bəkirə qaytarmışdır. Bir müddət sonra Mahir ona zəng edərək 200 manat pula ehtiyacı olduğunu bildirmişdir. O,da həmin pulu Bəkirdən götürüb Mahirə vermişdir. Mahir Bəkirdən borc aldığı həmin pulu da ona qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, tərəfləri tanıyır. O, 2019-cu ilin yanvar ayının əvvəllərində Bəkirlə birlikdə Mahirgilə getmişdir. Mahir 1973-cü ilin 21011 markalı maşını Bəkirə 2000 manata satmaq barədə razılığa gəlmişdir. Maşını özü almış, maşının pulunu o Bəkirə ödəməli idi. O, maşın üçün 400 manat pulu Bəkirə ödəmişdir. 5-6 ay maşını sürmüş, lakin sonradan pulu ödəməyə maddi imkanı olmadığına görə maşını aparıb Bəkirə vermiş,400 manatda Bəkirdə qalmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “Sultan” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 959 nömrəli arayışdan görünür ki, Balakən mal bazarında 1 baş ana qoyunun orta bazar satış qiyməti 170 manat, (21 baş ana qoyunun qiyməti 3570 manat) 1 baş dişi keçinin qiyməti 130 manat, (10 baş dişi keçinin qiyməti 1300) cəmi qoyun və keçilərin dəyəri 4870 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X7 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx xxxx 2021-ci il tarixli 334 nömrəli məktubdan görünür ki,Cavabdeh2 ilə Şahid1 arasında 16 yanvar 2019-cu il tarixdə alqısatqı müqaviləsi bağlanmamış, nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı1 şikayəti əsasında toplanılmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 fevral 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Balakən rayonu Talalar kənd sakini Cavabdeh1 şikayəti əsasında toplanılmış HK-1-81 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh1 ilə İddiaçı1 aralarında yaranmış borcla bağlı mübahisələrinin həll edilməsi üçün Balakən rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Məhkəmə iddiaçıların, cavabdehlərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzaq qohumdurlar. 2018-ci ilin fevral ayında İddiaçı1 özünün və arvadı İddiaçı2 mülkiyyətində olan 10 baş keçinin hər birini 100 manatdan nisyə olaraq Cavabdeh1 satmışdır. O, həmçinin həmin vaxt 19 baş ana qoyunu və 2 baş quzunu 1940 manata Cavabdeh1 nisyə satmışdır. Bundan sonra xx xxxx 2018-ci ildə İddiaçı1 yenidən Cavabdeh1 1500 manat borc pul vermişdir. Cavabdeh1 nisyə aldığı qoyun və keçilərin pulunu, habelə 1500 manat borcunu qaytarmadığı üçün İddiaçı1 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən rayon polis Şöbəsinin İstintaq Bölməsinin 15 avqust 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh1 atası Cavabdeh2 oğlu- Mahirin borcunun əvəzinə özünün mülkiyyətində olan VAZ-2101 markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşını 2000 manata İddiaçı1 verməyə razılaşmışdır. İddiaçı1 Gürcüstan vətəndaşı olduğundan aralarındakı razılığa əsasən Cavabdeh2 avtomaşını baş etibarnamə ilə Şahid1 sahibliyinə vermişdir. Razılıqlarına əsasən Şahid1 maşın üçün 400 manat pulu Bəkirə ödəmiş, qalan pulu da hissə-hissə ödəməyə söz vermişdir. Lakin sonradan Elşad borcunu ödəyə bilməmiş, maşını aparıb Bəkirə vermişdir. Həmin avtomaşın o vaxtdan iddiaçının oğlunun istifadəsindədir. Cavabdeh1 qalan borcu ödəmədiyindən iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1,600.2,600.4-cü maddələrinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin qeyd edilən faktiki hallarını, iddiaçıların Cavabdeh1 1500 manat borc pul vermələrini, 19 baş qoyun və iki quzunu 1940 manata,10 baş keçini 1000 manata nisyə satmalarını, Cavabdeh1 borcun əvəzinə 2000 manata qiymətləndirdikləri atasına məxsus avtomaşını iddiaçılara verməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 nisyə satılmış 1940 manat dəyərində 19 baş qoyun və 2 baş quzunun, 1000 manat dəyərində 10 baş keçinin dəyərindən, cəmi 2940 manat dəyərində qoyun, quzu və keçinin dəyərindən ödənilməmiş qalan 2440 (iki min dörd yüz qırx) manat alınıb iddiaçılar İddiaçı1 oğluna və İddiaçı2 verilməlidir. İddiaçılar qoyun və keçiləri Mahirlə bərabər atası Cavabdeh2 da vermələrini göstərsələr də bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədilər. Həmçinin Cavabdeh1 kredit götürərək 750 manat pulu Zaqatala Əliabad bazarında İddiaçı1, bir neçə gün sonra Balakəndə Soltanın bazarında geridə qalan 450 manatı İddiaçı1, bir müddət keçdikdən sonra 500 manatı da yoldaşı ilə gedib Bəkirin evində ona verməsi, qalan 500 manat borcun əvəzinə iki ana qoyun və iki quzunu İddiaçı1 verməsini, İddiaçı1 heç bir borcu olmamasını göstərsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.Ona görə də cavabdehin bu dəlili məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qalan 3960 manata aid hissədə və Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, 30 manat dövlət rüsumu xərcinin 11,44 manatı Cavabdeh1 alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh1 nisyə satılmış 1940 manat dəyərində 19 baş qoyun və 2 baş quzunun, 1000 manat dəyərində 10 baş keçinin dəyərindən, cəmi 2940 manat dəyərində qoyun, quzu və keçinin dəyərindən ödənilməmiş qalan 2440 (iki min dörd yüz qırx) manat və 30 manat dövlət rüsumu xərcinin 11,44 manatı, cəmi 2451,44 (iki min dörd yüz əlli bir manat qırx dörd qəpik) alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 nisyə satılmış 1940 manat dəyərində 19 baş qoyun və 2 baş quzunun, 1000 manat dəyərində 10 baş keçinin dəyərindən, cəmi 2940 manat dəyərində qoyun, quzu və keçinin dəyərindən ödənilməmiş qalan 2440 (iki min dörd yüz qırx) manat və 30 manat dövlət rüsumu xərcinin 11,44 manatı, cəmi 2451,44 (iki min dörd yüz əlli bir manat qırx dörd qəpik) alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar