Məhkəmə qərarları › İş №2(019)-303/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-303/2021

29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-303/2021 29.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı X5 oğlunun və cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Keyserovski Elsevər Əliağa oğlunun cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh “İstehsalat Birliyi tərəfindən yazılmış 691.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən şəhəri. M.Maqamayev küçəsi, dalan 3 ev 1- də ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev özünün adınadır. Uzin müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunmuşdur. "Cavabdeh" İB-nin X8 İstismar İdarəsinin əməkdaşları tərəfindən 01.04.2019-cu il tarixdə qaz sayğacı istismar müddəti bitdiyinə görə yenisi ilə əvəz edilmişdir. Köhnə sayğacı özləri aparmış və laboratoriyaya aparacaqlarını bildirmişlər. 2019-ci ilin avqust ayının 30-da "Cavabdeh" İB-nin X8 İstismar İdarəsindən akt daxil olmuş və həmin aktda göstərilmişdir ki, yaşadığı evin qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkarlanmış və sayğacı yenisi ilə əvəz edilmişdir. Həmin vaxt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT tərtib olunmuşdur. "Cavabdeh" İB-nin X8 İstismar İdarəsindən Təbii X6nın pozulması haqqında AKT göndərilmiş və onun 691.20 (altı yüz doxsan bir manat iyirmi qəpik) qazdan istifadəyə görə borcunun yarandığı qeyd edilmişdir. AKT-da göstərilir ki, guya kənar təsir nəticəsində sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuşdur. Lakin o, bunlarla razılaşmamışdır, çünki o, sayğaca heç bir müdaxilə etməmişdir. Bundan başqa o, ailəsi ilə əksəriyyət vaxtlar evdə olmamış, başqa yerdə yaşamışlar. Onun istifadə etdiyi qaz sayğacı onun həyətində deyil, evdən aralıda küçədədir və özü onu gecə-gündüz qorumaq gücündə deyildir. Əgər müdaxilə olsaydı, hər halda qaz sərfıyyatında azalma müşahidə olunardı. Son illərin qaz sərfıyyatına baxanda da açıq-aydın məlum olur ki, heç bir qaz oğurluğundan söhbət gedə bilməz. Həmin faktı «Cavabdeh» İstehsalat Birliyinin nümayəndələri də aşkar etmiş və öz hesablarına sayğacla təmin olunmuşlar. Bu səbəbdən "Cavabdeh" İB-nin X8 İstismar İdarəsinin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edir. Ona görə də göstərilən iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X7 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, «Cavabdeh» İB X8 İstismar İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatda olan Keyserovski Elsevər Əliağa oğlu “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. 01 aprel 2019-cu il tarixdə “Cavabdeh” İB Zaqatala Regional Qaz İstismarı idarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan Sokar markalı ******* nömrəli qaz sayğacı çıxarılmış, ona yeni qaz sayğacı qoyulmuş və çıxarılan sayğac yoxlanması üçün laboratoriya göndərilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmişdir və daxili qulaqcıqlarda əzik-cızıq izləri vardır. Bundan sonra iddiaçı barəsində «təbii X6nın pozulması haqqında» akt tərtib olunmuş və ona 691.20 manat borc hesablanmışdır. Lakin iddiaçı borcunu ödəməmişdir. İddiaçı sayğaca müdaxilə edildiyindən ona borc hesablanması qanunidir. İddiaçının iddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01.04.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, X5 oğlunun evində qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Təbii X6nın pozulması haqqında 21 avqust 2019-cu il tarixli, ******* nömrəli aktda göstərilir ki, Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən 21.08.2019-cu il il tarixlərdə baxış keçirilən zaman X2 məxsus qaz sayğacının hesablama mexanizmini qapağının yan tərəfində əzilməsi və daxili qulaqcıqda əzik və cızıq izlərinin olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.08.2019-cu il tarixdə təsdiq olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, X2 məxsus sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Nəticədə təbii qaz itkisi yaranmışdır. X5 oğluna 6912 m3 sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır ki, bu da həmin vaxt qazın hər kubmetrinin qiyməti 0.10 manat olmaqla 691.20 manat edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş X5 oğlunun **********00320 nömrəli abonent saldosundan görünür ki, həmin 691.20 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin- X5 oğlunun abonent hesabına daxil edilmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etiməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icra müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icra müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəlyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilməyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X6»nı 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMRDK-nin (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X10 Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fizik şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Yenə də həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçı X1 yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda-küçədə quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01.04.2019-cu il tarixli ******* nömrəli akt, Təbii X6nın pozulması haqqında 21 avqust 2019-cu il tarixli, ******* nömrəli akt tərtib olunarkən, həmçinin həmin akt əsasında 6912 kub metr itirilmiş qaz itkisi ilə bağlı 30.08.2019-cu il tarixli tələbnamə verilərkən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı X3 tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə cavabdeh tərəfindən də iddiaçı X3 tərəfindən qaz sayğacına müdaxilə olunması, həmçinin 01.04.2019-cu il tarixli, ******* saylı aktın, 21.08.2019-cu il tarixli, ******* nömrəli aktın və 30.08.2019-cu il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə olan etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Məhkəmə, 01.04.2019-cu il tarixli, ******* saylı aktı, 21 avqust 2019-cu ill tarixli, ******* saylı aktı və 30.08.2019-cu il tarixli tələbnaməni həqiqəti əks etdirməyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Həmçinin cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən iddia tələbinə etirazın əsaslandırıldığı hal kimi iddiaçı X5 oğlunun qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 6912 kub metr qaz itkisi olmaqla 691.20 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı həmin hallar sübut olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafeyini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 691.20 manat borc əsassız hesablanmış və əsassız olaraq da həmin borc iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də iddiaçının hüquqları bərpa olunmalı və həmin 691.20 manat borc iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının küçədə yerləşməsini, cavabdeh tərəfindən qaz sayğacına ehtimal olunan müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə və bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, «Cavabdeh» İstehsalat Birliyi tərəfindən X2 əsassız hesablanmış 691.20 manat (altı yüz dox doxsan bir manat iyirmi qəpik) borc onun abonent hesabından silinməlidir. Həmçinin iddia təmin edildiyi və iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün cavabdeh «Cavabdeh» İstehsalat Birliyindən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən 500 manat məbləğdən yuxarı məbləğlər üzrə iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. «Cavabdeh» İstehsalat Birliyi tərəfindən X2 əsassız hesablanmış 691.20 manat (altı yüz dox doxsan bir manat iyirmi qəpik) borc X1 abonent hesabından silinsin; cavabdeh «Cavabdeh» İstehsalat Birliyindən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar