Məhkəmə qərarları › İş №2(019)-370/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-370/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-370/2021 15.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər baxılıb saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə qeyri-rəsmi nikahla Balakən şəhər sakini Cavabdeh ilə evlənmişdir. Nikahlarını xx.xx.2009-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 106 sayla rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə nikahdan xx.xx.2009-cu ildə X7 və xx.xx.2012-ci il tarixdə X5 adında iki uşaqları olmuşdur. Onlar ailə qurduqdan sonra Rusiya Federasiyasında yaşamışlar. 6 il sonra Balakən rayonuna qayıtmış, uşaqlar məktəbə başlamışdır. Bundan sonra Balakən rayonunda yaşamışlar. Cavabdeh isə qazanc məqsədi ilə Rusiya Federasiyasına gedibgəlmişdir. Sonuncu dəfə 1 il əvvəl Cavabdeh Rusiya Federasiyasına getmiş, hal-hazıradək qayıtmamışdır. Cavabdehlə əlaqə saxlasa da, 9 aydır ki, uşaqlara baxmaqda ona köməklik etmir, pul göndərmir. Halbuki cavabdehin maddi vəziyyəti və qazancı yaxşıdır. Buna baxmayaraq, onlara maddi dəstək etmir. Uşaqları üzərində atalıq borcunu yerinə yetirmir. Bu səbəbdən də cavabdehdən ayrılıb valideynlərinin evinə gəlmişdir. Gələrkən uşaqları da özü ilə gətirmişdir. Uşaqlara təkbaşına baxmaqda çox çətinlik çəkir. Cavabdeh uşaqları baxmağa borcludur. Ona görə də Cavabdeh ilə birgə nikahdan olan iki uşağın yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2009-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 482342 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı Cuma qızı arasında nikah Balakən rayon Qeydiyyat Şöbəsində xx xxxx 2009-ci il tarixdə 106 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 277500 nömrəli və xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 955942 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-ci il tarixdə X7 və xx xxxxxxxx 2012-ci ildə X5 anadan olmuş, ataları Cavabdeh, anaları isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 38 nömrəli arayışda göstərilir ki, İddiaçı Cuma qızının oğlu X14 oğlu qızı X5 2019-cu ildən anasının himayəsindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 5 saylı ƏMHM tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 550 nömrəli arayışda göstərilir ki, İddiaçı Cuma qızı 2003-cü il tarixdən Mahamalar kənd tam orta məktəbdə müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 315,12 (üç yüz on beş manat on iki qəpik) manatdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 1895 nömrəli arayışda göstərilir ki, X10 nümayəndəlikdə aparılan qeydiyyatlara əsasən hal-hazırda heç bir idarə, təşkilat və müəssisədə işləmir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı X9 Cavabdeh ilə 2008-ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx.xx.2009-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 106 sayla rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx xxx 2009-cü ildə X14 oğlu və xx xxxxxxxx 2012-ci ildə X5 adında iki uşaqları olmuşdur. Uşaqlar anaın yanında və himayəsindədirlər. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi köməklik göstərmir. Ona görə də iddiaçı aylıq hər bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Balakən rayon Mahamalar kənd orta məktəbində müəllim işləyir və aylıq 315,15 manat əmək haqqı alır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulacaq valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində həmçinin uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi, həmçinin iddiaçının Balakən rayon Mahamalar kənd orta məktəbində müəllim işləməklə aylıq 315,15 manat əmək haqqı alması, cavabdehin isə aylıq qazancının müəyyən edilməməsi halı nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından xx xxx 2009-cü ildə doğulmuş X14 oğlunun və xx xxxxxxxx 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X6 verilməsi uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşaqların mənafeyi ilə iddiaçının mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, aylıq hər bir uşaq 175 manat aliment tələbi hissəsində iddia qismən-aylıq hər bir uşaq üçün 130 manat aliment tələbi hissəsində təmin edilməli, alimentin aylıq hər bir uşaq 130 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə tərəfindən iddianın qismən- aylıq hər bir uşaq üçün 130 manat hissəsində təmin edilməsi tərəflərin mənafeləri arasında ədalətli tarazlığın yaradılması və işin yuxarıda göstərilən digər faktiki halları nöqteyi-nəzərindən ədalətli və əsaslıdır. İddiaçı cavabdehin aylıq yüksək qazanca malik olmasını iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Habulki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşaqların analarının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxxxx 2021ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx xxx 2009-cü ildə doğulmuş X14 oğlunun və xx xxxxxxxx 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 22,29 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X12” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda alimentin alınması haqqında hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Ərizənin verildiyi xx xxxxxx 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx xxx 2009-cü ildə doğulmuş X2 və xx xxxxxxxx 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 verilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 22,29 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar