Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-480/2021 23.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin sədri Səlimov Hümbət Qamuna oğlu, İddiaçı cavabdeh “xxxx”ASC-yə qarşı artıq ödənmiş 2449,60 manatın “xxxx”ASC-dən alınaraq ona ödənməsi tələbinə dair mülki işin materiallarına baxaraq müəyyən etdim: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 faizli enerji təchizatı şəbəkəsinə qoşulmaya görə artıq ödənilmiş 2449,60 manat məbləğində vəsaitin “xxxx” ASC-dən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxan hakim Tahirov Zamin Cəbrayıl oğlu özü-özünə etiraz etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadı ilə etiraz təmin edilmiş, mülki iş Balakən Rayon Məhkəməsinin sədri Səlimov Hümbət Qamuna oğlunun icraatına verilmişdir. Hakim Hümbət Səlimov da özü-özünə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı artıq ödənilmiş 2449,60 manatın “xxxx” ASC-dən alınaraq ona ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə onun sədrliyi ilə baxıla bilməz. Belə ki, iş üzrə İddiaçı Balakən Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən rayon (şəhər) məhkəməsinin sədri məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir, məhkəmə aparatı işlərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir. Hesab edir ki, obyektivliyin təmin edilməsi üçün məhkəmənin sədri olaraq onun sədrliyi ilə hazırkı işə baxıla bilməz. Ona görə də özü-özünə etiraz edir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 05/2020 nömrəli əmrindən görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdən Balakən Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən hakim şəxsən və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, onun tərəfindən işə baxılmasına yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. S.Abbasovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin x xxxxxx 2015-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosesdə hakimin hər bir işin baxılmasında sərbəstliyi, həmin işlə əvvəllər heç cür bağlı olmaması işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Mülki Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, Balakən Rayon Məhkəməsinin sədri Hümbət Səlimovun özü-özünə etirazı baxılması üçün Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 22, 263-264-cü maddələrini rəhbər tutub qərara aldım: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı artıq ödənmiş 2449,60 manatın “xxxx” ASCdən alınaraq ona ödənməsi tələbinə dair mülki iş üzrə işə baxan Balakən Rayon Məhkəməsinin sədri Səlimov Hümbət Qamuna oğlunun özü-özünə etirazı baxılması üçün Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-480/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-480/2021
23.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver