Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-550/2021 16.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil Maisovnanın və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri, Qurcana Məhəlləsi M.F.Axundov küçəsi 1/9A-da yaşayan Cavabdeh qızı 01.11.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılmasına görə 3 il üçün müddətdən, yəni 2018-ci ilin aprel ayından başlayaraşq hər ay sabit pul məbləğində 250 manat alimentin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 15 mart 2014-cü il tarixdə Şəki şəhər sakini Cavabdeh ilə evlənmiş, nikahları 26 aprel 2016-cı il tarixdə 79 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından 1 uşaqları olmuşdur.X4 - 01.11.2016-cı il tarixdə doğulmuşdur. 2016-cı ilin may ayından Elşaddan ayrı yaşayır. Balakən Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(019)-55/2017 saylı qətnaməsi ilə Cavabdehla aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Elşaddan ayrıldıqdan sonra qızı Naina onun himayəsində yaşayır. Onlar boşanarkən Elşad ona uşağın baxılıb saxlanılması üçün lazımi maddi yardım göstərəcəyini bildirmişdir. Lakin buna baxmayaraq, bir neçə ildir ki, müxtəlif bəhanələr etməklə Elşad ona uşağın baxılması üçün heç bir maddi köməklik göstərməmişdir. Qızı Naina göz xəstəliyindən əzab çəkir. Onu bir neçə dəfə gözündən əməliyyat etdirmişdir. Hal-hazırda da müalicəsi davam edir. Uşağın müalicəsi üçün müntəzəm olaraq yüksək miqdarda vəsait lazım olur. Ona təkbaşına baxmaq onun üçün çox çətindir. Buna görə də Elşaddan qızının baxılması üçün aliment tələb edir. Elşad fərdi işlərlə məşğul olur. O, gəmi təmiri ustasıdır. Elşadın yüksək qazancı vardır. Uşağın baxılması üçün yüksək məbləğdə aliment ödəyə bilər. Elşadın rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Elşad qızını və onu yaşayış yeri ilə də təmin etməmişdir. Gələcəkdə ondan yaşamaları üçün mənzil də tələb etmək istəyir. Elşad qızının baxılması üçün 6 ilə yaxındır ki, aliment ödəmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-100.3 maddələrinə əsaslanaraq uşağın baxılması üçün cavabdehdən son 3 illik müddət üçün aliment tutulması barədə qərar qəbul edilməsini də tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərdi ki o, 15 mart 2014-cü il tarixdə qeyri-rəsmi İddiaçı Seyfəddn qızı ilə evlənmiş, nikahlarını isə 26 aprpel 2016-cı il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 01.11.2016-cı il tarixdə Naina adında bir uşaqları olmuşdur. Aralarında baş verimiş narazılıqla əlaqədar nikahları Balakən Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, həmin qətnamə ilə uşağın saxlanması üçün aliment təyin edilməmişdir. O, uşağına bacardığı köməyi etmişdir. Onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, «Kontakt Home» şirkətində montyor işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. Adına pay torpağı yoxdur. O, gəmi təmiri üzrə usta işləmir, iddiaçının bu barədə yazdıqları həqiqətə uyğun deyildir. Həminin onun başqa ailəsi və uşaqları da yoxdur. O, uşağına hər ay 100 manat aliment ödəyə bilər. İddianın qismən təmin olunmasına etiraz etmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 aprel 2017-ci il tarixli, AZ-İ seriyalı 260358 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Abbasova Fatma Seyfəddin qızı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin mart ayının 17 günündə 28 № ilə qeyd edilmişdir, nikah ləğv olunduqdan sonra arvada Quliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 869577 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 01 noyabr 2016-cı il tarixdə X4 anadan olmuş, atası Cavabdeh, anası isə X1 göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 15 mart 2014-cü il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 26 aprel 2016-cı ildə Balakən rayon Qeydiyyat Şöbəsində 79 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından 01.11.2016-cı ildə X4 adında bir uşaqları olmuşdur. Uşaq ananın yanında və himayəsindədir. Tərəflərin arasında olan nikah pozulmuş, lakin uşağın saxlanması üçün aliment təyin edilməmişdir. Cavabdeh oğlu uşağın saxlanması üçün iddiaçıya heç bir maddi köməklik göstərmir. Ona görə də iddiaçı 2018-ci ilin aprel ayından tutulmaqla aylıq 250 manat sabit pul məbləğində aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə,valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh “Kontakt Home” şirkətində montyor işlədiyini və aylıq 500 manat əmək haqqı aldığını bildirmiş, lakin bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh həmçinin başqa nikaha girmədiyini və başqa nikahdan uşağının olmadığını da qeyd etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh “Kontakt Home” şirkətində montyor işlədiyi və aylıq 500 manat əmək haqqı aldığı qəbul olunsa belə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən alimentin Cavabdeh qazancından (gəlirindən) müəyyən hissə (dörddə bir hissə) kimi tutulması tərəflərdən birinin-iddiaçının marağının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacaqdır. Belə ki, 500 manat qazancın dörddə bir hissəsi 125 manat edir ki, aylıq bu məbləğ də iddiaçının işləmədiyi və aylıq hər hansı qazanca (gəlirə) malik olmadığı, bütün vaxt və imkanlarını azyaşlı uşağının saxlanmasına yönəltdiyi, həmçinin uşağın tələbatının ildən ilə artdığı və cavabdehin uşağın saxlanması üçün əvvəllər aliment ödəmədiyi şəraitdə uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə cavab vermir, bu xüsusda iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulacaq valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində həmçinin uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu İddiaçıın üzərinə daha çox ağırlığın düşməsi nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından 01.11.2016-cı ildə doğumuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməsi uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə cavabdehin mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, aylıq bir uşaq üçün 250 manat aliment tələbi hissəsində iddia qismən- 150 manat hissədə təmin edilməli, alimentin aylıq 150 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə tərəfindən iddianın qismən- aylıq 150 manat hissəsində təmin edilməsi tərəflərin mənafeləri arasında ədalətli tarazlığın yaradılması və işin yuxarıda göstərilən digər faktiki halları nöqteyi-nəzərindən ədalətli və əsaslıdır. İddiaçı cavabdehdən uşağın saxlanması hər ay 250 manat sabit pul məbləğində aliment tələbinin əsaslandırdığı hal kimi cavabdehin gəmi təmiri ustası olması və yüksək qazanca malik olmasını göstərsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, aylıq 250 manat aliment tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki bu vəzifə iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia alimentin 01.11.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün son 3 il üçün, yəni 2018-ci ilin aprelindən tutulması hissəsində əsassızdır və təmin olunmamalıdır. Belə ki, bu tələbin hüquqi əsası kimi iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, qanun norması əvvəlki dövr üçün alimentin 3 illik müddət həddində verilə bilməsinin mümkünlüyünü iki şərtlə; 1) iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi; 2) alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmaması ilə şərtləndirmişdir. Həm də qanunda əvvəlki dövr üçün alimentin 3 illik müddət həddində verilə bilməsi impertiv hal kimi deyil, mümkün hal kimi göstərilmişdir. İş materiallarından görünür ki,tərəflər arasında məhkəmə qaydasında nikah pozularkən qarşılıqlı razılıq əsasında uşağın saxlanması üçün aliment tutulmamış, iddiaçı həmin vaxt cavabdehdən aliment tələb etməmişdir. İş materialları ilə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin alimenti ödəməli olan cavabdehin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmaması, yəni Ailə Məcəlləsinin 100.3-cü maddəsində qeyd olunmuş halların mövcud olması müəyyən edilmir. İddiaçı da aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin alimenti ödəməli olan cavabdehin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmamasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə onu da nəzərə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi imperativ tələb kimi alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğunu müəyyən edir. Bu qanun normasında belə bir müddəa əsas götürülmüşdür ki, alimenti almaq hüququna malik olan şəxs bu hüququ öz iradəsi ilə həyata keçirməmişdirsə, bunun mənfi nəticələri onun üzərinə düşür. Bu konteksdə məhkəmə qeyd edir ki, iddiaçının aliment almaq üçün öz iradə ifadəsi ilə hüquqi imkanlarını həyata keçirməməsindən yaranan mənfi nəticələri iddiaçı daşımalıdır, bunun heç bir hüquqi və faktoloji əsaslar olmadan cavabdehin üzərinə qoyulması qanunun tələblərinə ziddir və qəbul edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 15 aprel 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 01 noyabr 2016-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 18 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X6” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda alimentin alınması haqqında hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Ərizənin verildiyi 15 aprel 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 01 noyabr 2016-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 18 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-550/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-550/2021
16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver