Məhkəmə qərarları › İş №2(019)-575/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-575/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-575/2020 20.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızına qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşma çatmayan-xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş Abdullayeva Zöhrə Zəfər qızının və xx xxxx 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay hər birinə 190 manat (cəmi 380 manat) məbləğində alimentin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)- 965/2018 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında xx xxxxxx 2011-ci il tarixdə Zaqatala RİHB-nm Suvagil kənd X16 üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 14 nömrə ilə qeydə alınmış nikahın pozulması, faktiki nikahdan xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş Abdullayeva Zöhrə Zəfər qızının və xx xxxx 2018-ci il tarixdə anadan olmuş X3 boşanmadan sonra atasının, yəni onun yanımda saxlanmaları qətedilmişdir. Zaqatala rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-955/2018 nömrəli qətnaməsindən Abdullayeva (Alqayeva) Gülnar Bayram qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılaraq, apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)- 955/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Cavabdeh övladları ilə heç bir problem olmadan hər həftə şənbə, bazar və bayram günləri görüşüb, ünsiyyətdə olur. O isə çox böyük əziyyətlə təkbaşına övladlarını böyütməklə, bütün ehtiyaclarını təmin etməklə məşğuldur. Necə olur ki, boşanmadan sonra uşaqlar ananın himayəsində saxlandıqda atadan sabit pul məbləğində aliment tutulub, anaya ödənir, uşaqlar atanın himayəsində saxlandıqda isə anadan aliment tutulmur. O, övladları ilə birlikdə yaşamaqla bərabər eyni zamanda yaşlı anası və xəstə bacısı ilə də bərabər yaşayır. Övladlarını saxlamaq atalıq borcu olduğu kim, bacısına və anasına da baxmaq da övladlıq borcudur. Rusiya Federasiyasına gedərək, fəhlə işləyərək, əziyyətlə qazandığı pulu övladlarına, ailəsinə göndərmişdir. Koronavirusla əlaqədar Rusiyaya getmək və iş tapmaq da çətinləşmişdir. Belə vəziyyətdə tək yaşayan, işləyib, gəlir əldə etmək imkanı olan ana da uşaqlarının müəyyən ehtiyaclarının ödənməsinə yardımçı olmalıdır. Yəni cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 190 manat tutulmaqla 380 manat aliment ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndəiddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızıməhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 578530 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Abdullayeva Zöhrə Zəfər qızı xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası isə Cavabdeh göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon Suvagil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2012-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 838717 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxx 2012-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası isə X4 göstərilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon Suvagil kənd ərazi nümayəndəliyi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 431544 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuş, atası X5, anası isə X6 göstərilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayonu Suvagil kənd soveti tərəfindən xx xxxxxx 1978-ci il tarixdə verilmiş V-JQ seriyalı 400905 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.1978-ci il tarixdə anadan olmuş, atası X5, anası isə X6 göstərilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)- 965/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X4 arasında xx xxxxxx 2011-ci il tarixdə Zaqatala RİHB-in Suvagil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlaması haqqında akt qeydləri kitabında həmin gün 14 nömrə ilə qeydə nikahın pozulması, tərəflərin faktiki nikahından xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş Abdullayeva Zöhrə Zəfər qızı və rəsmi nikahından xx xxxx 2012-ci il tarixdə anadan olmuş X3 boşanmadan sonra ataları iş üzrə İddiaçı yanında saxlanması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün hansı valideyndən hansı məbləğdə alimentin tutulması məsələsinə baxılmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızı qeyri-rəsmi nikaha girmiş, nikahlarını isə xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin bu nikahdan xx xxxxxx 2010-cu il tarixdə Abdullayeva Zöhrə Zəfər qızı və xx xxxx 2012-ci il tarixdə X9 adında iki uşaqları doğulmuşdur. Tərəflər aralarındakı narazılıqlarla əlaqədar ayrılmışlar. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)- 965/2018 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş Abdullayeva Zöhrə Zəfər qızının və xx xxxx 2018-ci il tarixdə anadan olmuş X3 boşanmadan sonra atasının-İddiaçı yanında saxlanması qət edilmişdir. Lakin həmin məhkəmə qətnaməsilə uşaqların saxlanması üçün hansı valideyndən və hansı məbləğdə alimentin təyin edilməsi məsələsinə baxılmamışdır. Uşaqlar atalarının yanında və himayəsindədir. Cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızı uşaqlara baxmağa iddiaçıya heç bir maddi köməklik göstərmir. Ona görə də iddiaçı cavabdehdən onun xeyrinə hər ay hər bir uşaq üçün 190 manat sabit pul məbləğində alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X10» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X10» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin nikah münasibətlərindən doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə, hazırki iş üzrə tutulacaq alimentin məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur, həmçinin valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Alimentin həlli məsələsində uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi, hazırki iş üzrə təyin olunan alimentin cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından xx xxxxxx 2010-cu il tarixdə doğulmuş Abdullayeva Zöhrə Zəfər qızının və xx xxxx 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızından hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla ayda cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməlidir. İddiaçı hər uşağa görə cavabdehdən hər ay 190 manat olmaqla iki uşaq üçün 380 manat aliment tələb etsə də, cavabdehin yüksək qazanca (gəlirə) malik olması və cavabdehdən hər uşağa görə ayda məhz 190 manat olmaqla iki uşaq üçün 380 manat aliment tutulmasının əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da aylıq 380 manat aliment tələbinin faktoloji və hüquqi əsaslarını sübut edə bilməmişdir. Halbuki qanuna görə iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə uşaqları saxlamağın valideynlərin-ata və ananın bərabər vəzifəsi olmasını, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu və qanuna görə uşaqlar üçün 2020-ci ildə yaşayış minimumunun 170 manat olmasını nəzərə alaraq, iddianın qismən, yəni cavabdehdən hər uşağa görə ayda 85 manat olmaqla iki uşaq üçün aylıq 170 manat alimentin tutulması, iddianın bu tələb hissəsindən artıq aliment tələbi hissəsində isə təmin olunmaması nəticəsinə gəlmişdir. İş materiallarına istinad edən məhkəmə belə nəticəyə gəlir ki, hər uşaq üçün ayda 85 manat-2 uşaq üçün hər ay 170 manat alimentdən artıq aliment tələbinin təmin edilməsi şübhəsizdir ki, cavabdeh üçün ağır məhrumiyyətlər yaradaraq, əsaslı və ədalətli qərar olmazdı. O da qeyd edilməlidlir ki, aliment uşaqların mənafeyi naminə, onların saxlanması, onlara ləyaqətli həyat şəraitinin yaradılması, əqli və fiziki inkişafının təmin edilməsi məqsədilə tutulur. Uşaqları saxlamaq isə birinci növbədə onların valideynlərinin (ata və anasının) vəzifəsidir və bu vəzifə valideynlər üçün bərabərdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşaqların atalarının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx xxxxxx 2010-cu il tarixdə doğulmuş Abdullayeva Zöhrə Zəfər qızının və xx xxxx 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızından hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla iki uşaq üçün ayda cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızından iddianın təmin edilmiş hissəsinə münasib olaraq 13,42 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda alimentin alınması haqqında hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Ərizənin verildiyi xx xxxx 2020-ci il tarixdən başlayaraq İddiaçı ilə cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızının birgə nikahından xx xxxxxx 2010-cu il tarixdə doğulmuş Abdullayeva Zöhrə Zəfər qızının və xx xxxx 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızından hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla iki uşaq üçün ayda cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh Abdullayeva (Alqayeva) Gülnar Bayram qızından 13,42 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar