Məhkəmə qərarları › İş №2(019)-699/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-699/2021

05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-699/2021 05.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İB X4 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən hesablanmış 1462.80 (bir min dörd yüz altmış iki manat səksən qəpik ) manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonunun Hənifə kəndində yaşayır. Orada şəxsi mülkiyyətində olan yaşayış evi var. Ailəsi qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi onların da yaşadıqları evə qaz sayğacdan gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 30 metr kənarda, hasarın üzərində yol tərəfdən yerləşdirilmişdir. 13.02.2018-ci il tarixdə istifadəsində olan G-4 markalı ******* saylı qaz sayğacına “Azəriqaz” İB X4 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və yeni sayğacla əvəz edilmişdir. Sayğac dəyişdirilərkən mütəxəssislər tərəfindən ona bildirilmişdir ki, sayğaca müdaxilə olunmuşdur. O, isə sayğaca heç bir müdaxilə etmədiyini həmin vaxt qaz idarəsinin mütəxəssislərinə bildirmişdir. 2018-ci ilin may ayında “Azəriqaz” İB-nin Balakən rayon şöbəsinin mütəxəssisləri tərəfindən ona bildirilmişdir ki, qaz istifadəsi ilə bağlı 1462 manat cərimə olunmuşdur. Belə ki, istifadəsində olmuş G-4 markalı ******* saylı qaz sayğacı barədə laboratoriya rəyi çıxarılmışdır ki, sayğacın plasmas qapağının yan tərəfində iz var, həmçinin hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Bundan sonra barəsində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2018-ci il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Həmin akta əsasən o,1462,80 manat cərimə olunur. Cərimə olunduğunu bildikdən sonra o, qaz idarəsinin məsul işçilərinə sayğaca onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmadığını bildirmişdir. Qanunsuz olaraq cərimə olunduğundan Azərbaycan Respublikası Energetika Nazirliyinə 16.07.2018-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etmişdir. 30 iyul 2018-ci il tarixdə Energetika Nazirliyinin Enerji X1 Şəki şəhər Regional bölməsindən məktub almışdır. Məktubda ona bildirilmişdir ki, “Azəriqaz” İB X4 İstismarı idarəsi tərəfindən heç bir normativ hüquqi akta əsaslanmadan itirilmiş təbii qazın bərpası adı altında barəsində 1462.80 manat məbləğində sanksiya tətbiq edilmiş və qaz sayğacının dəyəri olan 92.21 manatın ödənilməsi ondan tələb olunmuşdur. Eyni zamanda barəsində hesablanmış 1462.80 manat məbləğində qanunsuz sanksiyanın ləğv edilməsi barədə “Azəriqaz” İB X4 İstismarı idarəsinə 23.07.2018-ci il tarixli 27/18Q-028 saylı Göstəriş verilmişdir. Bundan sonra Energetika Nazirliyinin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, barəsində tətbiq edilmiş cərimə ləğv olunacaqdır. Buna görə də o, məhkəməyə müraciət etməmişdir. Son günlərdə ona məlum olmuşdur ki, 30 aprel 2018-ci il tarixdə ******* saylı Akta əsasən ona tətbiq edilmiş 1462 manat cərimə silinməmişdir. Buna görə də cərimənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13 fevral 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən şəhərində yaşayan İddiaçı məxsus qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 noyabr 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2018-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik və çızıq izləri vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Abonentin saldosundan görünür ki, İddiaçı 1462.80 manat qaz borcu yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin X2 Şəhər Regional Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 30 iyul 2018-ci il tarixli 21/27-1-86 nömrəli məktubda göstərilmişdir ki, “Sizin Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş şikayət xarakterli ərizəniz tərəfimizdən araşdırılmışdır. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, evinizin qaz xəttinə quraşdırılmış G-4 markalı, ******* №-!i qaz sayğac yenisi ilə əvəzlənməsi məqsədi ilə 13.02.2018-ci il tarixində çıxarılmışdır. Bundan sonra X4 İstismar İdarəsi tərəfindən heç bir normativ hüquqi akta əsaslanmadan itirilmiş təbii qazın bərpası adı altında barənizdə 1462.80 manat məbləğində sanksiya tətbiq edilmiş və qaz sayğacının 92.21 manat məbləğində dəyərinin ödənilməsi sizdən tələb edilmişdir.Bununla əlaqədar bildiririk ki, “Qazdan istifadə Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır, 4,9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışın keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir oiunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Eyni zamanda bildiririk ki, barənizdə hesablanmış 1462.80 manat qanunsuz sanksiyanın ləğv edilməsi məqsədilə itirilmiş təbii qazın bərpa edilməsinə (dəymiş ziyanın hesablanması) və qaz sayğacının dəyişdirilməsinə, quraşdırılmasına “Qazdan istifadə Qaydaları"nın 4.2; 4.8; 4.9-cu bəndlərinə uyğun yenidən baxılması və digər pozuntuların aradan qaldırılması üçün X4 İstismarı İdarəsinə 23.07.2018-ci il tarix 27/18Q-028 saylı Göstəriş verilmişdir. Bununla belə yaranmış mübahisəli hala müvafiq hüquqi qiymətin verilməsi üçün “Qazdan istifadə Qaydalarına əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusı istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 5.2-ci bəndinə uyğun həmçinin məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı “Azəriqaz” İB X4 İstismar İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 30 metr kənarda, hasarın üzərində yol tərəfdən yerləşdirilmişdir.13 fevral 2018-ci ildə “Azəriqaz” İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı çıxarılmış və qaz sayğacının çıxarılması quraşdarılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz sayğacının yoxlanılması barədə verilmiş rəydə qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunması qeyd edilmişdir. Sonradan iddiaçının evinə “Azəriqaz” İB-nin X4 İstismar İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş və İddiaçı 1462.80 manat qazdan istifadəyə görə borcunun yarandığı göstərilmişdir. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda-hasarın üzərində yol tərəfdə yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı Zülfüqar oğluna hesablanmış 1462.80 manat borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 1462.80 (bir min dörd yüz altmış iki manat səksən qəpik) manat borc silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar