Məhkəmə qərarları › İş №2(019)-723/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-723/2021

16.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-723/2021 16.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və cavabdeh Layıcov Elşən Həsən oğlunun iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından 02 iyul 2011-ci ildə doğulmuş X6 və 05.04.2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana qədər baxılıb saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ər-arvad münasibətlərindən 02 iyul 2011-ci ildə doğulmuş X6 və 05.04.2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə rəsmi nikahla Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan 02 iyul 2011-ci ildə X6 və 05.04.2013-cü ildə X7 adında iki uşaqları olmuşdur. Onlar ailə qurduqdan sonra qaynatasına məxsus evdə yaşamışlar. Cavabdeh ailələrində mütəmadi olaraq səbəbsiz yerdən münaqişə yaratmışdır. Mütəmadi olaraq sərxoş halda evə gəlir, ona qarşı çox kobudluq edir, onu döyür, söyür, pis gün verir. 1 ay olar ki, ayrılmışlar, uşaqların hər ikisini özü ilə götürüb, evdən çıxıb, valideyinlərinin həmin kənddə yerləşən evinə gəlmişdir. Aralarında olan rəsmi nikah pozulmamışdır. Cavabdeh nikah şəhadətnaməsini özündə saxlayır, ona vermir, ona görə də ərizəsinə əlavə edə bilməmişdir. Hazırda isə iki uşağa təkbaşına baxmaqda çox çətinlik çəkir. Heç bir yerdə işləmir. Cavabdeh isə uşaqlarla qəti maraqlanmır. O, uşaqları baxmağa borcludur. Ona görə də Cavabdeh birgə nikahdan olan iki uşağın yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı qızı ilə nikahlarını 2010-cu ildə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından 02 iyul 2011-ci ildə X6 və 05.04.2013-cü ildə X7 adında iki uşaqları olmuşdur. İddiaçı ilə evləndikləri ilk vaxtlardan ailə münasibətləri yaxşı olmuş, sonralar aralarında münaqişələr yaranmışdır. Xasiyyətləri uyğun gəlməmişdir. Aralarında tez-tez ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Buna görə də iddiaçı ilə ayrılmışlar. O, heç yerdə işləmir və aylıq qazancı yoxdur, lakin təsərrüfatı vardır. Birgə nikahlarından olan iki uşağın yetkinlik yaşına çatana kini saxlanması üçün hər ay hər bir uşaq üçün 130 manat olmaqla ayda cəmi 260 manat məbləğində aliment ödəməyə razıdır. Ona görə də iddianın təmin olunmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 21.12.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 791519 nömrəli və Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi tərəfindən 03.05.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 073941 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından 02 iyul 2011-ci il tarixdə X6 və 05 aprel 2013-cü il tarixdə X7 anadan olmuşlar. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı qızı Cavabdeh ilə nikahlarını 2010-cu ildə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından 02 iyul 2011-ci il tarixdə X6 və 05 aprel 2013-cü il tarixdə X7 adında iki uşaqları olmuşdur. İddiaçı və cavabdeh bir neçə aydır ki, faktiki ayrılmışlar və bir-birindən ayrı yaşayırlar. Uşaqlar analarının yanında və himayəsindədir. Cavabdeh uşaqlara baxmağa iddiaçıya heç bir maddi kömək göstərmir. Ona görə də iddiaçı cavabdehə qarşı hər ay hər bir uşaq üçün 130 manat olmaqla ayda cəmi 260 manat məbləğində aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin stabil aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində həmçinin uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından 02 iyul 2011-ci ildə doğulmuş X4 və 05 aprel 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməsi uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşaqların mənafeyi ilə iddiaçının mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. “X9” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşaqların analarının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi 16 iyun 2021-ci il tarixdən başlayaraq 02 iyul 2011-ci ildə doğulmuş X4 və 05 aprel 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməli, həmçinin Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda hazırki alimentin alınması haqqında qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Ərizənin verildiyi 16 iyun 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 02 iyul 2011-ci ildə doğulmuş X4 və 05 aprel 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilsin. Cavabdeh X1 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar