Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-814/2020 21.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci ildə nikahlarını Balakən rayonu Kortala kənd İnzibati Ərazi dairəsində 04 sayla rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx xxxx 2019-cu ildə X4 adında uşaqları olmuşdur. Cavabdehlə evləndikdən sonra aralarında ailə-məişət zəminində mübahisələri yaranmağa başlamış, tez-tez aralarında ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Buna görə də ailə münasibətləri uzun sürməmişdir. 2018-ci ilin dekabrında cavabdehdən ayrılaraq, atası evinə qayıtmışdır. Hazırda cavabdehlə birgə nikahlarından olan uşaq onun himayəsindədir. Balakən Rayon Məhkəməsinin 2(019)-163/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Cavabdeh Rusiya Federasiyasında yaşayır və orada alverlə məşğul olur. Uşağı baxmaq üçün kifayət qədər imkanı vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən xx xxxx 2019-ci il tarixdə verilmiş AZ-T seriyalı, 015181 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Balakən rayon Kortala kənd icra nümayəndəliyində xx xxxxx 2015ci il tarixdə 04 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Qurbanova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 317446 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2019-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-163/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixdə Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 347755 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin yanvar ayının 28 günündə 15 № ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra arvada Qurbanova soyadı verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx xxxxx 2015-ci il tarixdə 04 nömrə ilə Balakən rayonu Kortala kənd inzibati ərazi dairəsində rəsmiləşdirməklə evlənmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-163/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixdə Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Tərəflərin xx xxxx 2019-cu il tarixdə X4 adında bir uşaqları olmuşdur. Uşaq anasının yanında və himayəsindədir. Cavabdeh uşağa baxmağa iddiaçıya heç bir maddi köməklik göstərmir. Ona görə də iddiaçı 170 manat sabit pul məbləğində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X5» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X5» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə,valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Həmçinin nikahın pozulması valideynləri ər-arvad vəzifələrindən azad edir, ancaq uşağa münasibətdə valideynlik vəzifələrindən, o cümlədən uşağı saxlamaq vəzifəsindən azad etmir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulacaq valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində həmçinin uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından xx xxxx 2019-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat alimentin alınaraq, İddiaçı verilməsi uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri arasında ədalətli tarazlığa səbəb olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, hər ay 170 manat aliment tələbi hissəsində iddia qismən-130 manat hissədə təmin edilməli, aliment hər ay 130 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə tərəfindən iddianın qismən-130 manat hissəsində təmin edilməsi tərəflərin mənafeləri arasında ədalətli tarazlığın yaradılması və işin yuxarıda göstərilən digər faktiki halları nöqteyi-nəzərindən ədalətli və əsaslıdır. İddiaçı tərəf cavabdehin Rusiya Federasiyasında alverlə məşğul olmaqla yaxşı qazanc əldə etməsi və cavabdehdən hər ay 170 manat alimentin tutulmasının faktoloji və hüquqi əsaslara malik olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, tam olaraq 170 manat aliment tələbi ilə bağlı iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli qanun normaları əsasında müvafiq qiymət verərək, uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi kömək göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx xxxx 2019-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat aliment alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 22,94 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda alimentin alınması haqqında hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Ərizənin verildiyi xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx xxxx 2019-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat aliment alınaraq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 22,94 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-814/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-814/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver