Məhkəmə qərarları › İş №2(019)-945/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-945/2020

19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-945/2020 19.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi-vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan övladları xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək xeyrinə 100 manat məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2017-ci ildən rəsmi nikaha girməklə, ailə həyatı qurmuşlar. Aralarında olan rəsmi nikahdan xx xxxxxx 2017-ci il tarixdə X2 adlı övladları dünyaya gəlmişdir. O, Cavabdeh Ərəbiddin oğlu ilə 2020-ci ilin avqust ayına kimi bir ailədə yaşamışlar. Cavabdeh həmin vaxt uşağın təminatında iştirak etmişdir. 2020-ci ilin avqust ayında uşağın 3 yaşı tamam olmuşdur. Hazırda rəsmi nikahda olsalar da, aralarında olan ailə münasibətləri pozulmuşdur, faktiki olaraq ayrı-ayrılıqda yaşayırlar. Cavabdeh uşağının saxlanmasına, qidalanmasına, geyiminə, bir sözlə maddi tələbatına heç bir köməklik göstərmir. Özü heç yerdə işləmir, uşağı baxmaqla məşğuldur. Lakin ayda İİ qrup əlilliyə görə 200 manat pensiya alır. Hazırda valideynlərinə məxsus evdə yaşamaqla, uşağına qulluq göstərir. Uşağın saxlanması və mütəmadi olaraq müxtəlif xəstəliklərdən müalicə olunması, eyni zamanda üç yaşına qədər azyaşlı uşağa baxdığından heç bir yerdə işləmək imkanının olmaması, maddi cəhətdən dolanışığının olmaması nəzərə alınaraq, cavabdeh aliment öhdəliklərini yerinə yetirməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir . Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili X7 iddianı qismən-170 manat aliment tələbini 110 manat hissəsində qəbul edərək, Cavabdeh hazırda heç yerdə işləmədiyini, aylıq qazancının (gəlirinin) olmadığını, iddiaçının isə hər ay 200 manat pensiya aldığını bildirərək, tərəflərin birgə nikahından xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 110 manat manat sabit pul məbləğində alimentin tutulmasına etirazının olmadığını, uşaq 3 yaşına çatanadək 100 manat məbləğində aliment tələbi hissəsində isə qəbul etmədiyini bildirmişdir. Belə ki, iddiaçının izahatında göstərdiyinə görə o, cavabdehlə 2020-ci ilin avqust ayına kimi bir ailədə yaşamışlar. Uşaq isə xx xxxxxx 2017-ci il tarixdə doğulmuş və 2020-ci ilin avqust ayında onun 3 yaşı tamam olmuşdur. Hazırda da uşağın 3 yaşı vardır. Uşaq 3 yaşına çatana kimi tərəflər bir yerdə yaşamış və cavabdeh uşağın saxlanmasında iştirak etmişdir. Ona görə də artıq 3 yaşı tamam olmuş uşağa görə uşağın 3 yaşına çatana kimi əsası ilə cavabdehdən aliment tələb edilməsi əsassız və absurd bir tələbdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 197293 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Musayeva Pərvin Ömər qızı arasında nikah xx xxxx 2017-ci ildə 79 nömrə ilə bağlanmış, nikah bağlanandan sonra arvada Şahverdiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 015451 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxxxxx 2017-ci il tarixdə anadan olmuş, atasıCavabdeh, anası isə İddiaçı göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin vəkili-nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh xx xxxx 2017-ci il tarixdə rəsmi nikah bağlayaraq evlənmişlər. Tərəflərin birgə nikahından xx xxxxxx 2017-ci il tarixdə X2 adında bir uşaqları olmuşdur. Tərəflər 2020-ci ilin avqust ayına kimi bir yerdə yaşamış, sonra isə faktiki olaraq ayrılmışlar. Uşaq anasının yanında və himayəsindədir. Tərəflər işin mübahisəsiz halı kimi qəbul edirlər ki, İddiaçı İİ qrup əlilliyə görə hər ay 200 manat pensiya alır. Cavabdehin nümayəndəsinin-vəkilinin bildirdiyinə Cavabdeh heç yerdə işləmir və aylıq qazanca (gəlirə) malik deyildir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X4» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X4» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində həmçinin uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu İddiaçı üzərinə daha çox ağırlığın düşməsi, həmçinin tərəflərin işin mübahisəsiz halı kimi qəbul etdiyi iddiaçının hər ay 200 manat pensiya alması nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikah münasibətlərindən xx xxxxxx 2017ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat alimentin alınaraq, İddiaçı verilməsi uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə iddiaçının mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, aylıq 170 manat aliment tələbi hissəsində iddia qismən-130 manat hissədə təmin edilməli, alimentin 130 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə tərəfindən 170 manat hissədə iddianın qismən-130 manat hissəsində təmin edilməsi tərəflərin mənafeləri arasında ədalətli tarazlığın yaradılması və işin yuxarıda göstərilən digər faktiki halları nöqteyi-nəzərindən ədalətli və əsaslıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia uşaq 3 yaşına çatanadək iddiaçının xeyrinə 100 manat məbləğində alimentin Cavabdeh tutulması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Qanun normasının tələbindən görünür ki, ər-arvaddan bir-birinin xeyrinə aliment tutulması üçün ər-arvad rəsmi nikahda olmalı; aliment tələb edən ər-arvadın əmək qabiliyyəti olmamalı və maddi köməyə ehtiyacı olmalı; aliment tələb olunan şəxsin buna zəruri vəsaiti olmalıdır. Həmçinin Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinin tələbinə görə ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində, yəni uşaq üç yaşına çatanadək aliment tələb olunan şəxsin buna zəruri vəsaiti olduğu təqdirdə bu aliment tutula bilər. İşdəki sübutlardan, o cümlədən iddiaçı Şahverdiyev Pərvin Ömər qızının məhkəmədə verdiyi izahatından görünür ki, o, Cavabdeh Ərəbiddin oğlu ilə 2020-ci ilin avqust ayına kimi bir ailədə yaşamış, uşağa münasibətdə valideynlik vəzifələrini yerinə yetirmiş, bu zaman cavabdeh uşağın maddi təminatında iştirak etmişdir. 2020-ci ilin avqust ayında isə uşağın-X1 artıq 3 yaşı tamam olmuşdur. Hazırda uşağın artıq 3 yaşı vardır. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində və digər qanun normalarında 3 yaşı tamam olmuş uşağa görə arvadın ərdən aliment tələb etməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı ayda dövlət tərəfindən 200 manat pensiya alır. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə cavabdeh heç yerdə işləmir və onun aylıq qazancı (gəliri) yoxdur. İş üzrə iddiaçı tərəfindən də cavabdehin zəruri vəsaitə malik olması və ona tələb etdiyi hər ay 100 manat aliment ödəməli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Hazırki işdə uşaq 3 yaşına çatanadək iddiaçının xeyrinə 100 manat məbləğində alimentin Cavabdeh tutulmasını şərtləndirən heç bir faktoloji və hüquqi əsaslar müəyyən edilməmişdir. Uşağın saxlanmasına görə 130 manat aliment tutulacaq cavabdehin üzərinə heç bir əsas olmadığı halda əlavə aliment yükünün qoyulması şübhəsizdir ki, onun üçün ağır maddi məhrumiyyətlər yaradacaqdır və belə hal qanunun tələblərinə ziddir. İddiaçı uşaq 3 yaşına çatanadək onun xeyrinə 100 manat məbləğində alimentin Cavabdeh tutulması tələbinə dair iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu da həmin tələb hissəsində iddianın təmin olunmaması üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 14.4 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda alimentin alınması haqqında hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Ərizənin verildiyi xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 14.4 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar