Məhkəmə qərarları › İş №2(019)-963/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-963/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-963/2020 25.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxx 2019-cu ildə anadan olmuş Anqbazova Fatima Ömər qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 2018-ci ildə rəsmi nikah bağlamadan Balakən rayonunun Meşəşambul kənd sakini Cavabdeh ilə evlənmişdir. Faktiki nikahlarından xx xxxx 2019-cu ildə Anqabova Fatima Ömər qızı adında bir uşaqları olmuşdur. İlk vaxtlar cavabdehlə mehriban yaşamaqla ailə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar aralarında baş vermiş narazılıqla əlaqədar 2020-ci ilin yanvar ayında cavabdehdən ayrılmışdır. Cavabdeh ayrıldıqdan sonra uşaq özünün himayəsində yaşayır. Cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır və uşağın baxılmasında ona heç bir maddi yardım göstərmir. Ailə qanunvericiliyin tələblərinə əsasən cavabdeh də onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır, eyni zamanda uşağa baxmaq onun da vəzifəsidir. O, özü heç yerdə işləmir, ailə vəziyyəti ağır olmaqla uşaqla birlikdə anasının himayəsində yaşayır. Ona görə da aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 2018-ci ildə rəsmi nikah bağlamadan İddiaçı ilə evlənmiş, birgə yaşadıqları dövrdə xx xxxx 2019-cu ildə Anqbazova Fatima Ömər qızı adında bir uşaqları olmuşdur. 2020-ci ilin sentyabr ayına kimi o imkanı daxilində uşağın saxlanmasına kömək etmişdir. Bundan sonra da imkanı daxilində pul ödəyəcəkdir. Qeyd etdliklərini nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 277393 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Anqbazova Fatima Ömər qızı xx.xx.2019-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Meşəşambul kənd İƏDüzrə nümayəndəliyi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 551 nömrəli arayışdan görünür ki, Cavabdeh İddiaçı Umaxan qızı ilə qeyri-rəsmi nikahla evlənmiş, 2020-ci ilin yanvar ayında ayrılmış, qeyri-rəsmi nikahlarından bir qız uşaqları olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xx xxxx 2018-ci ildə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmişlər. Tərəflərin faktiki nikahlarından xx xxxx 2019-cu il tarixdə Anqbazova Fatima Ömər qızı adında bir uşaqları olmuşdur. Tərəflər 2020-ci ilin yanvar ayından ayrı yaşayırlar. Uşaq o vaxtdan iddiaçının himayəsindədir. Cavabdeh uşağa baxmağa iddiaçıya bir neçə aydır ki, maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında “X1” xx xxxxxx 2009-cu il tarixli Qanunun 1-ci bəndinə edilən dəyişikliyə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2019-cu ildə anadan olmuş Anqbazova Fatima Ömər qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2019-cu ildə anadan olmuş Anqbazova Fatima Ömər qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar