Məhkəmə qərarları › İş №2(020)-1263/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1263/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1263/2023 01.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(020)-407/2022 saylı və 18 dekabr 2022-ci il tarixli, 2(020)1753/2022 saylı qətnamələrinə əsasən Beyləqan rayonunun Eyvazalılar kəndində qeydiyyatda olan və yaşayan X2 29 iyul 2020-ci ildə anadan olan Məryəm və 05 iyul 2022-ci ildə anadan olan Ömər adlı uşaqlarının saxlanması üçün onun xeyrinə qət edilən alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində müəyyən edilməklə artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh X4 ailə quraraq nikahlarını 05 noyabr 2019-cu il tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarından, 29 iyul 2020-ci ildə Məryəm adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Bundan sonra aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Məryəmin saxlanması üçün onun xeyrinə 01 aprel 2022-ci il tarixli qətnamə ilə hər ay 120 manat aliment qət edilmişdir. Bir müddət sonra cavabdehlə barışmışdır. Birgə yaşadıqları müddətdə 05 iyul 2022-ci ildə Ömər adlı uşaqları anadan olmuşdur. Lakin cavabdeh ona və uşaqlara baxmadığına görə yenidən ayrılmışlar. Ömər adlı oğlunun saxlanması uçun hər ay 140 manat aliment kəsilmişdir. Hazırda hər iki uşaq onun yanında yaşayır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Maddi vəziyyəti həddən artıq ağırdır. İndiki bahaçılıq bir dövrdə uşaqlarının saxlanılmasının öhdəsindən demək olar ki, gələ bilmir. Başqa heç bir gəliri yoxdur və heç bir müavinət almır. Uşaqların atası uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Odur ki, Beyləqan rayon məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(020)-407/2022 saylı və 18 dekabr 2022-ci il tarixli, 2(020)1753/2022 saylı qətnamələrə əsasən Beyləqan rayonunun Eyvazalılar kəndində qeydiyyatda olan və yaşayan X2 29 iyul 2020-ci ildə anadan olan Məryəm və 05 iyul 2022-ci ildə anadan olan Ömər adlı uşaqlarının saxlanması üçün onun xeyrinə qət edilən alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində müəyyən edilməklə artırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan telefonaqramadan görünür ki, cavabdehin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə Məryəm, 05 iyul 2022-ci ildə Ömər adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 04 aprel 2022-ci il tarixli 2(020)-407/22 saylı qətnaməsindən görünür ki, Beyləqan rayonu Eyvazalılar kəndində qeydiyyatda olan və yaşayan X2 03 fevral 2022-ci il tarixdən başlayaraq bir uşağa görə ayda 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq 29 iyul 2020-ci ildə anadan olmuş Məryəmin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Füzuli rayonu, Qayıdış qəsəbəsi 5 ünvanda yaşayan uşağın anası İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(020)-1753/22 saylı qətnaməsindən görünür ki, Beyləqan rayonu Eyvazalılar kəndində qeydiyyatda olan və yaşayan X2 19 oktyabr 2022-ci il tarixdən başlayaraq bir uşağa görə ayda 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq 05 iyul 2022-ci ildə anadan olmuş Ömərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Füzuli rayonu, Qayıdış qəsəbəsi 5 ünvanda yaşayan uşağın anası İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə cavabdeh X4 nikahlarını 05 noyabr 2019-cu il tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından 29 iyul 2020-ci ildə Məryəm adlı bir uşaqları anadan olmuşdur. İddiaçı cavabdehdən ayrılıb atası evinə qayıdarkən hamilə olmuş və 05 iyul 2022-ci ildə Ömər adlı uşağı anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 04 aprel 2022-ci il tarixli 2(020)-407/22 saylı qətnaməsinə əsasən X2 ayda 120 manat sabit pul məbləğində alimentin tutularaq 29 iyul 2020-ci ildə anadan olmuş Məryəmin, Beyləqan rayon məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(020)- 1753/22 saylı qətnaməsinə əsasən hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq 05 iyul 2022-ci ildə anadan olmuş Ömərin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Hazırda uşaqlar iddiaçının yanında yaşayırlar. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqlar böyüdükcə onların gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Aliment müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyüməsi ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Lakin cavabdehin qazancının yüksən məbləğdə olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bütün bu halları, yəni uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29 iyul 2020-ci ildə anadan olan Məryəm və 05 iyul 2022-ci ildə anadan olan Ömər adlı uşaqların saxlanmaları üçün cavabdeh tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(020)-407/2022 saylı və 18 dekabr 2022-ci il tarixli, 2(020)1753/2022 saylı qətnamələrinə əsasən Beyləqan rayonunun Eyvazalılar kəndində qeydiyyatda olan və yaşayan X2 29 iyul 2020-ci ildə anadan olan Məryəm və 05 iyul 2022-ci ildə anadan olan Ömər adlı uşaqlarının saxlanması üçün iddiaçının xeyrinə qət edilən alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. X2 60.80 (altmış manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar