Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1454/2023 04.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun vəkalətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 1995-cı ildə Beyləqan rayonu 1 Aşıqlı kəndində anadan olmuş, Beyləqan rayonu İ Aşıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdeh borc aldığı 2700 (iki min yeddi yüz) manat, hüquqi yardım üçün vəkilə müqavilə üzrə ödədiyi 300 (üç yüz) manat, etibarnamə üçün notariusa ödədiyi 18 (on səkkiz) manat, dövlət rüsumu kimi ödədiyi 47 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, tanışı Cavabdeh mal bazarında alverlə məşğuldur. Toğrul heyvan almaq üçün pula ehtiyacı olduğunu ona bildirmişdir. Onun Toğrulla münasibəti yaxşı olduğuna və əvvəllərdə pul götürüb dediyi vaxtda qaytardığına görə ona etibar edib, 2020-ci ilin noyabr ayında ona 2700 manat borc pul vermişdir. Toğrul həmin borcunu 2021-ci ilin yanvar ayında qaytaracağına söz vermişdir. Lakin həmin vaxtdan xeyli keçsə də Toğrul borcunu qaytarmamışdır. Toğruldan pulu geri tələb edərkən Toğrul hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq, pulu qaytarmamışdır. Toğrula verdiyi pulu rəsmi qaydada rəsmiləşdirmədiyindən, Toğrulla olan danışqlarının səs yazısını yazmışdır. Həmin səs yazısında o borcu olduğunu etiraf edərək əlində olan heyvanları satıb, borcunu qaytaracağını bildirmişdir. Lakin o pulu qaytaracağına dəfələrlə söz versədə, real heç bir hərəkət etməmiş, ona borc kimi verdiyi puldan heç bir məbləğ qaytarmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2018-ci ildə də ondan 1500 manat pul götürmüş, həmin borcunu qaytarmışdır. Cavabdeh son vaxtlar atası xəstə olduğuna və onu həkimə aparmağa pulları olmadığına görə atasının xahişi ilə onua cəmi 150 manat pul vermiş, lakin qalan borclarını qaytarmamışdır. Aralarında olan telefon danışıqlarında da, cavabdeh ona 2700 manat borclu olduğunu etiraf etmiş, hər dəfə yaxın vaxtlarda borcunu qaytaracağına söz versə də borcunu qaytarmamışdır. Odur ki, Cavabdeh borc aldığı 2550 manat, hüquqi yardım üçün vəkilə müqavilə üzrə ödədiyi 300 (üç yüz) manat, etibarnamə üçün notariusa ödədiyi 18 (on səkkiz) manat, dövlət rüsumu kimi ödədiyi 47 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, onun iddiaçıya borcu yoxdur. O, 2018-ci ildə iddiaçıdan 2700 manat pul almış və həmin borcu qaytarmışdır. 2020-ci ilin noyabr ayında iddiaçıdan pul almamışdır. İddiaçı 2018-ci ildə borc verdiyi pulun faizini ondan tələb etmiş, bununla əlaqədar aralarında telefon danışıqları olmuşdur. O, 5-6 ay olar ki, iddiaçı ilə danışmamışdır. O, pulu götürərkən kart vermiş, hər ay borcundan qaytarmışdır. Sonradan iddiaçının atası əməliyyat olunacağını dediyinə görə 150 manat nəqd şəkildə pulu “Mikromart”a qoymuş, onlar da gəlib götürmüşlər. Onun iddiaçı ilə telefon danışıqları yalnız faizə görə olmuşdur. İddiaçının iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı 2020-ci ilin noyabr ayında Cavabdeh 2700 manat borc pul almış, cavabdeh borcunu 2021-ci ilin yanvar ayında qaytaracağına söz vermişdir. Məhkəmə iclasında izahat verən cavabdeh iddiaçıdan 2700 manat borc almasını etiraf etmiş, lakin borcunu 2020-ci ildə deyil, 2018-ci ildə alıb qaytardığını göstərmişdir. Həmçinin cavabdeh iddiaçının atasına 150 manat pulu verməsini də öz izahatında göstərmişdir. Həmin pulun iddiaçının ona 2018-ci ildə 2700 manat borc verdiyi pulun faizi olduğunu göstərmişdir. Cavabdeh ərizə (vəsatət) verərək mübahisənin düzgün həlli üçün iş üzrə İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** və ***- ***-**-** mobil nömrələr arasında 2018-ci ildən xx.xx.2023 cü il tarixdədək olan telefon danışqlarının ələ keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beyləqan rayon məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilən vəsatəti təmin edilmiş, İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Cavabdeh istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında 2018-ci ildən xx.xx.2023-cü il tarixdədək olan müddət ərzində telefon danışqlarının ələ keçirilməsi və məlumatların Beyləqan rayon Məhkəməsinə təqdim edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-in 06 oktyabr 2023-cü il tarixdə məhkəməyə göndərdiyi DVD diskə baxış keçirilərkən İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Cavabdeh istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında 2018-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində telefon danışqları və SMS yazışmaları aparmaları müəyyən edilmişdir. Həmin telefon danışıqlarında və yazışmalarda iddiaçı cavabdehdən dəfələrlə borc verdiyi pulu tələb etmiş, cavabdeh borcu olduğunu etiraf edərək hər dəfə borcunu yaxın vaxtlarda qaytaracağını vəd etmiş və telefon danışıqlarda göründüyü kimi borcu ödəməkdən yayınmışdır. Həmçinin həmin telefon danışıqlarında cavabdeh 2700 manat borclu olduğunu da etiraf etmişdir. Bundan əlavə cavabdeh 2018-ci ildə həmin borcu faizlə götürdüyünü və 2023-cü ilə kimi borcla bağlı danışıqların faizə görə olduğunu göstərsə də, iddiaçının borcu ona faizlə verməsi öz təsdiqini tapmamışdır. Cavabdeh bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Tərəflər arasında 2018-ci il telefon danışıqlarının olmasını iddiaçı həmkəndli olmaqla bağlı aralarında münasibət olduğuna görə müxtəlif vaxtlarda telefonla danışdıqlarını, həmçinin cavabdehin əvvəllər də ondan borc götürüb qaytarması ilə izah etmiş, cavabdeh həmin vaxt iddiaçıdan borc almasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin iddiaçı iddiası ilə bağlı vəkilə müraciət etmiş, hüquqlarının müdafiəsi ilə bağlı vəkilin yardımından istifadə etmiş, bu məqsədlə ona 300 manat pul ödəmişdir. İddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı hüquqi yardımla bağlı vəkilə 300 manat, etibarnamə almaqdan ötrü notariat orqanına 18 manat və dövlət rüsumu kimi 47.50 manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borc aldığı 2550 (iki min beş yüz əlli) manat, hüquqi yardım üçün vəkilə müqavilə üzrə ödədiyi 300 (üç yüz) manat, etibarnamə üçün notariat orqanına ödədiyi 18 (on səkkiz) manat, dövlət rüsumu kimi ödədiyi 45.50 (qırx beş manat əlli qəpik) manat pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 2.50 (iki manat əlli qəpik) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1454/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1454/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver