Məhkəmə qərarları › İş №2(020)-1502/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1502/2025

01.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1502/2025 01.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları: İddiaçı cavabdeh X3 ilə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 06 aprel 2018-ci il təvəllüdlü Ayla adlı uşaqları doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq anasının himayəsində saxlanılmaqla, atasından o, yetkinlik yaşına çatanadək 140 manat sabit pul məbləğində alimentin alınaraq, hazırki iş üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra məhkəmənin 17 iyul 2025-ci il tarixli qərardadı ilə həmin aliment məbləği indeksasiya edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1 (099)-63/2022 saylı hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ümumilikdə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı 06 aprel 2018-ci il təvəllüdlü Ayla uşağın saxlanılması üçün cavabdehlər babası Cavabdeh1 və nənəsi Cavabdeh2 müştərək qaydada hər ay bir uşaq üçün 300 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbini onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(020)-1144/2021 saylı qətnaməsi ilə cavabdeh X1 onun xeyrinə uşağın saxlanması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin alınması qət edilmiş, 17 iyul 2025-ci il tarixli, 2(020)-100/2025 saylı qərardadla aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.56 misli həddində müəyyən edilmişdir. Pərvin Hümbətov əvvəl Beyləqan Rayon Məhkəməsinin sonra isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Bu səbəbdən də uşağın saxlanılması üçün bu günə kimi 1 manat da olsa aliment verməmişdir. X3 hazırdada 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün aliment vermir. Tək qadın olaraq uşaqla birlikdə kirayədə yaşadığını, müəllimə kimi işləyib aldığı əmək haqqı ilə kirayə pulunu ödədikdən sonra uşağın saxlanılması üçün zəruri olan xərcləri ödəyə bilmədiyini qeyd etmişdir. Cavabdehin etirazı: Cavabdehlər tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 hazırda oğlu Pərvin Hümbətovun azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu deyərək, özünün təqaüd aldığını və həmin puldan kommunal xərcləri, özünə və həyat yoldaşına lazım olan digər xərclərini ödədikdən sonra qalan puldan 140-150 manat məbləğində pulu aliment kimi nəvəsi üçün ödəyə biləcəyini qeyd etmiş və məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək, özünün heç bir gəlirinin olmadığını, evdar qadın olduğunu deyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Faktiki hallar və sübutlar: İddiaçı cavabdeh X3 ilə əvvəllər faktiki nikah münasibətlərində olmuş və bu nikahları 08 sentyabr 2018-ci il tarixdə Beyləqan rayon, İHB-nin 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyində qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 06 aprel 2018-ci il təvəllüdlü Ayla adlı uşaqları doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağın anasının yanında qalması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(020)-1144/2021 saylı qətnaməsi ilə cavabdeh X1 onun xeyrinə uşağın saxlanılması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(020)-100/2025 saylı qərardadı ilə aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla 06 aprel 2018-ci il tarixdə anadan olmuş Ayla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.56 misli həddində sabit pul məbləğində alimentin cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1 (099)-63/2022 saylı hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ümumilikdə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş “e-sosial” onlayn portalından çıxarışdan görünür ki, Cavabdeh1 aylıq 767.12 manat məbləğində təqaüd alır. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 aylıq 244.63 manat məbləğində "xxxx" ASC-yə kredit ödəyir. Tətbiq edilən hüquq normaları: Beynəlxalq hüquqi aktlar: BMT-nin 1966-cı il 19 dekabr tarixli 2200 A (XXİ) nömrəli Qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” Maddə 10.1. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Avropa İnsan Hüquqları Konvensiyası: Maddə 5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 22.2.2. məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 89. yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı: “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır . 8.6. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 06 aprel 2018-ci il təvəllüdlü Ayla adlı uşağın saxlanması üçün Cavabdeh1 sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, tutulan alimentin miqdarı müəyyən edilərkən, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh1 hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. NƏTİCƏ HİSSƏ: Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 06 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 qarşı verilmiş iddia tələbi rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən isdifadə etməklə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar