Məhkəmə qərarları › İş №2(020)-1761/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1761/2023

20.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1761/2023 20.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 yanvar 2022-ci ildə anadan olmuş Ümid adlı uşağın saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa növ gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin və hər ay 50 (əlli) manat sabit pul məbləğində baxım pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə gəlməmiş, lakin teleqramma göndərərək iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, Cavabdeh ilə faktiki nikahla ailə qurmuşlar. Birgə nikahlarından, 20 yanvar 2022-ci ildə Ümid adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Bundan sonra aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Hazırda uşaq onun yanında yaşayır. Uşağını saxlamaqda çətinlik çəkir. Maddi vəziyyəti həddən artıq ağırdır. İndiki bahaçılıq bir dövrdə uşağın saxlanılmasının öhdəsindən demək olar ki, gələ bilmir. Başqa heç bir gəliri yoxdur və heç bir müavinət almır.Cavabdeh uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 20 yanvar 2022-ci ildə anadan olmuş Ümid adlı uşağın saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa növ gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin və hər ay 50 (əlli) manat sabit pul məbləğində baxım pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan doğum haqqında şəhadətnaməsinin sürətindən görünür ki, tərəflərin birgə nikahlarından 20 yanvar 2022-ci ildə Ümid adlı bir uşaqları doğulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı Cavabdeh ilə faktiki nikahla evlənmişlər. Həmin nikahdan 20 yanvar 2022-ci ildə Ümid adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. İddiaçı hazırda heç yerdə işləmir, Uşaq onun yanında yaşayır.Hazırda cavabdeh uşağın saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşağın saxlanması üçün cavabdehin hər ay qazancının (başqa növ gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin və hər ay 50 (əlli) manat sabit pul məbləğində baxım pulu tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti,diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmədə müəyən edildi ki, İddiaçı uşağı ilə birlikdə yaşamaqla heç yerdə işləmir. Cavabdeh isə uşağın saxlanması üçün ona maddi yardın göstərmir. Digər tərəfdən məhkəmədə müəyyən edildi ki, uşaq azyaşlı olmaqla iddiaçı ona baxmaqla məşğuldur. Azərbaycan Respublikası Ailə Məcəllənin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda bu Məcəllənin 84.2.2-ci maddəsinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qeydiyatında tələb etmək hüququna malikdir. Bu baxımdan məhkəmə iddiaçının azyaşlı uşağa görə uşağın üç yaşına çatana kimi hər ay 50 manat tələb etməsini əsaslı hesab edir və iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Beləliklə məhkəmə İddiaçı yanında qalan azyaşlı uşağın əvvəlki təminat səviyyəsini, iddiaçının özünün uşağın tərbiyəsi ilə məşğul olmaqla bağlı və eləcədə aliment ödəməyə borclu olan Cavabdeh maddi imkanını nəzərə almaqla hər ay cavcabdehin qazancının (başqa növ gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin və hər ay 50 (əlli) manat sabit pul məbləğində məbləğində pulun tutularaq uşağın anası İddiaçı verilməsini əsaslı hesab edir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə 31 avqust 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehdən tutulan aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtdan, yəni 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Beyləqan rayon Allahyarlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 20 yanvar 2022-ci ildə anadan olmuş Ümid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 avqust 2023-cü il tarixdən başlayaraq hər ay cavabdehin qazancının (başqa növ gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin və hər ay 50 (əlli) manat sabit pul məbləğində baxım pulunun alınıb uşağın anası İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 48.60 (qırx səkkiz manat altmış qəpik) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar