Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2000/2025 17.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-453/2025 saylı Qərardadı ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 1,20 misli məbləğində alimentin azaldılaraq, hər ay ölkə üzrə minimum əmək haqqının (400 manat) 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış olan nikah pozulmuş və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X3 cavabdehin himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,60 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra, Abşeron Rayonı Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-453/2025 saylı qərardadı ilə övladı xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi alimentin miqdarı ölkə üzrə minimum əmək haqqının (400 manat) 1,2 misli həddində (480 manat) indeksasiya olunması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-453/2025 saylı qərardadı ilə razı deyil. Belə ki, sözügedən qərardadda reallıq nəzərə alınmamış və bir uşağa fantastik məbləğdə aliment təyin edilmişdir. Hansı ki onun tərəfindən həmin məbləğdə alimentin ödənilməsi mümkün deyil. Bu səbəbdən də Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-453/2025 saylı qərardadı ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyn edilmiş minimum əmək haqqının (400 manat) 1,20 misli məbləğində alimentin azaldılaraq, hər ay ölkə üzrə minimum əmək haqqının (400 manat) 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət edir. Beləliklə, ünumillikdə 480 (dörd yüz səksən) manat məbləğində alimentin, 200 (iki yüz) manat alimentə azaldılması tələbini nəzərə alaraq, o aylıq 280 (iki yüz səksən) manat məbləğin mübahisəsini aparır. Ona görə də, mediasiya prosesində ödədiyi rüsum mübahisə üzrə bütün ödəməli olduğu rüsumu özündə ehtiva edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, o, yeni işə daxil olmuş və 450 manat məbləğində əmək haqqı alır. Onun uşağın saxlanması üçün hər ay 260 manat məbləğində alimet ödəməyə maddi imkanı çatır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı 400 manat deyil, daha çox əmək haqqı alır. Eyni zamanda iddiaçı indeksasiya olunan 480 manat alimenti hər ay vaxtlı-vaxtında ödəyir. Həmçinin övladı hazırlıqlara gedir və iddia tələbində qeyd edilən həmin məbləğ kifayət etmir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(012)-8128/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 23 noyabr 2010-cu ildə Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikah qeydinin ləğv edilməsi, onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 adlı qızın anası Cavabdeh himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X5 adlı qızı yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 136,60 manat olmaqla alimentin tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 8(012)-4532025 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-8128/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən 03 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün maraqlı şəxs İddiaçı ərizəçi Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunmuşdur. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" QSC-də xx.xx.2025-ci il tarixindən hal-hazıra kimi dəmir sexində fəhlə vəzifəsində, aylıq vəzifə maaşı 450 manat olmaqla çalışır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(012)-8128/2017 saylı qətnaməsi ilə 03 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində - 136,60 manat miqdarında aliment tutulmuş, daha sonra Abşeron Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 8(021)-453/2025 saylı qərardadı ilə həmin qətnamə ilə tutulan aliment indeksasiya olunaraq, 03 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. Hal-hazırda iddiaçının əmək haqqının 450 manat təşkil etməsi nəzərə alınaraq, alimentin miqdarının azaldılmasını xahiş edir, cavabdeh isə iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin azaldılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Məhkəmə iddiaçının maddi vəziyyətində baş vermiş dəyişikliyi nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanunvericiliyin tələbinə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi qanunun bu norması imperativ xarakter daşımır və qanun alimentin dəyişməsini işin hallarına görə məhkəmənin mülahizəsinə təqdim edir. İddiaçıdan alimentin tutulmasına dair qətnamə 2017-ci il tarixdə qəbul edilmişdir və həmin vaxtdan hazıra kimi iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Məhkəmə iddiaçının aylıq qazancının azaldığını, Abşeron Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 8(021)-453/2025 saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(012)-8128/2017 saylı qətnaməsi ilə tutulan alimentin indeksasiya olunduqdan sonra tutulan aliment məbləğinin minimum əmək haqqının 1.2 misli həddində müəyyən edildikdən sonra(yəni 2025-ci il üzrə 480 manat) alimentin məbləğinin kifayət qədər çox olduğunu, onun qazancı ilə uyğunluq təşkil etmədiyini, alimentin ödənilməsində müəyyən çətinliklər yaratdığını və uşağın mənafeyi nəzərə alaraq hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment azaldılmalı, cavabdehdən tutulacaq sabit aliment məbləği hər ay uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində müəyyən edilməlidir ( 400 manat (2026-cı il üzrə minimum əmək haqqı) x 0,65=260). Məhkəmə eyni zamanda iddiaçının tutulan alimentin minimum əmək haqqının 0,50 misli həddinədək azaldılması ilə bağlı isə qeyd edir ki, tutulan aliment məbləğin həmin həddə qədər azaldılması aliment tutulan uşağın mənafeyinə və yaşayış şəraitinə əsaslı şəkildə pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(012)- 8128/2017 saylı qətnaməsi ilə tutulan və Abşeron Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 8(012)-453/2025 saylı qərardadı ilə indeksasiya olunan alimentin miqdarı azaldılmalı və 03 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-8128/2017 saylı qətnaməsi ilə tutulan və Abşeron Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 8(012)- 453/2025 saylı qərardadı ilə indeksasiya olunan alimentin miqdarı azaldılsın və 03 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xatın Kamilzadə