Məhkəmə qərarları › İş №2(020)-2048/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2048/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2048/2023 16.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X2, xx.xx.2011-ci ildə anadan olmuş X3 və xx.xx.2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat məbləğində alimentin və mediasiya üçün ödədiyi 50 manat xərcin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə ailə quraraq nikahlarını xx.xx.2008-ci il tarixdə Beyləqan rayon İHB-nın Kəbirli kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci ildə Nurəddin, xx.xx.2011-ci ildə Nərmin və xx.xx.2013-cü ildə isə Mail adlı 3 uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Beyləqan rayon məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinə əsaəsn aralarında olan nikah pozulmuş və həmin qətnaməyə əsaəsn uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Həmin vaxt cavabdeh uşaqlara baxdığından məhkəmədə ondan aliment tələb etməmişdir. Lakin hazırda cavadeh uşaqları saxlanılması üçün ona maddi köməklik göstərmədiyindən və uşaqları təkbaşına saxlaya bilmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X2, xx.xx.2011ci ildə anadan olmuş X3 və xx.xx.2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat məbləğində alimentin və mediasiya üçün ödədiyi 50 manat xərcin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ilə ailə quraraq nikahlarını xx.xx.2008-ci il tarixdə Beyləqan rayon İHBnın Kəbirli kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008ci ildə Nurəddin, xx.xx.2011-ci ildə Nərmin və xx.xx.2013-cü ildə isə Mail adlı 3 uşaqları anadan olmuşdur. İddiaçı ilə xasiyyət və xarakterləri uyğun gəlmədiyindən Beyləqan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ayrılmışlar. Uşaqlar iddiaçının yanında yaşayırlar. Hazırda o, Beyləqan şəhər Yaşıllaşdırma sahəsində yaşıllaşdırıcı vəzifəsində işləyir və aylıq əmək haqqısı 374 manatdır. Əmək haqqısının yarısını uşaqlara aliment verməyə etirazı yoxdur. Bundan başqa o yeni ailə həyatı qurduğundan yerdə qalan əmək haqqısı gələcəkdə ona azlıq təşkil edir. Odur ki, iddiaçı ilə birgə nikahlarından olan 3 uşağın saxlanması üçün aylıq əmək haqqısının yarısı miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-382/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh aralarında olan xx.xx.2008ci il tarixdə Beyləqan rayon İHB-nın Kəbirli kənd icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş və onların birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olan Nurəddin, xx.xx.2011-ci ildə anadan olan Nərmin və xx.xx.2013-cü ildə anadan olan Mail adlı uşaqlar İddiaçı yanında qalmaları müəyyən edilmişdir. İşdə olan uşaqların doğum haqqında şəhadətnamələrinin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə Nurəddin, xx.xx.2011-ci ildə Nərmin və xx.xx.2013-cü ildə isə Mail adlı 3 uşaqları anadan olmuşlar. İşdə olan Beyləqan şəhər Yaşıllaşdırma Sahəsinin rəisi O.Səfərovun xx.xx.2023-cü il tarixli, 18 saylı arayışdan görünür ki, cavabdeh Əsədov X5 şəhər Yaşıllaşdırma Sahəsində yaşıllaşdırıcı vəzifəsində işləyir və aylıq əmək haqqısı 374 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon Kəbirli kənd M.Fərzəliyev adına 1 saylı tam orta məktəbin direktor əvəzi Araz Qurbanovun xx.xx.2023-cü il tarixli, 118 saylı arayışından görünür ki, iddiaçı X4 hazırda Beyləqan rayon Kəbirli kənd M.Fərzəliyev adına 1 saylı tam orta məktəbində Uşaq Birliyi rəhbəri vəzifəsində işləyir və aylıq əmək haqqısı 441 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh ilə ailə quraraq nikahlarını xx.xx.2008-ci il tarixdə Beyləqan rayon İHB-nın Kəbirli kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən Beyləqan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ayrılmışlar və uşaqlar iddiaçının yanında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh Beyləqan şəhər Yaşıllaşdırma sahəsində yaşıllaşdırıcı vəzifəsində işləyir və aylıq əmək haqqısı 374 manat, iddiaçı isə Beyləqan rayon Kəbirli kənd M.Fərzəliyev adına 1 saylı tam orta məktəbində Uşaq Birliyi rəhbəri vəzifəsində işləyir və aylıq əmək haqqısı 441 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, uşaqlar hazırda iddiaçının yanında yaşayırlar. Məhkəmə iclasında izahat verən iddiaçı Əsədova X1 rayon Kəbirli kənd M.Fərzəliyev adına 1 saylı tam orta məktəbində Uşaq Birliyi rəhbəri vəzifəsində işlədiyini və hər ay 441 manat əmək haqqı aldığını, Cavabdeh isə Beyləqan şəhər Yaşıllaşdırma sahəsində yaşıllaşdırıcı vəzifəsində işlədiyini və 374 manat əmək haqqı aldığını bildirmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Beləliklə məhkəmə azyaşlı uşaqların təminat səviyyəsini və eləcə də tərəflərin maddi imkanını nəzərə alıb azyaşlı uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulmasının hər ay qazancının yarısı və sabit pul məbləğində tutulmaqla müəyyən edilməsini qanunamüvafiq hesab edir. Belə ki, cavabdehin alıdığı 374 manat əmək haqqının yarısının tutulması uşaqların əvvəlki təminat səviyyəsinə yetərli deyildir. Belə ki, həmin məbləğin yarı hissəsi 187 manat təşkil edir və həmin miqdarda aliment uşaqların saxlanması üçün azlıq təşkil edir. Ona görə aliment həm sabit pul məbləğində, həm də cavabdehin qazancından tutulmaqla müəyyən edilməlidir. Belə ki, cavabdehin əmək haqqısının yarısından əlavə hər uşağa görə hər ay əlavə olaraq 40 manat, cəmi 120 manat sabit pul məbğındə aliment alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Ona görə də cavabdehdən tutulan aliment ərizə verilən vaxtdan, yəni 12 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı (50 faizi) miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 40 (qırx) manat, cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2008-ci ildə anadan olan Nurəddin, xx.xx.2011-ci ildə anadan olan Nərmin və xx.xx.2013-cü ildə anadan olan Mailin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Alimentin tutulmasının başlanğıcı 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh 56.84 (əlli altı manat səksən dörd qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınıb iddiaçıya ödənilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar