Məhkəmə qərarları › İş №2(020)-468/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-468/2025

08.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-468/2025 08.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı1 və X6, Cavabdeh və digər cavabdeh X1 vəkalətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 və X6 cavabdehlər X5, X4 və Cavabdeh3 qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş pay torpaq sahəsindən paylarının müəyyən edilməsi və onlara təhkim edilməsi tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə kodu 60705028 olan JN-0008 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında onlara verilmiş 4.99 ha pay torpaq sahəsindən paylarının müəyyən edilməsi və onlara təhkim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı X9 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə “Torpağa mülkiyyət hüququna dair” kodu 60705028 olan, JN-0008 saylı Dövlət aktı ilə 4.99 ha pay torpaq sahəsi verilmişdir. X12 ölmüşdür. Hazırda onlar ailə qurmuş və ailədən kənarda yaşayırlar. Digər ailə üzvlərindən onlara düşən payın özlərinə verilməsini istəsələr də cavabdehlər onlara düşən torpağı verməkdən imtina etmişlər. Beləliklə cavabdehlər öz pay torpaq sahələri üzərində sahiblik, istifadə və sərəncam vermək hüququndan onları məhrum etmişlər. Onlara verilən torpaq sahəsi 4.99 hektar, Dövlət aktında ailə üzvlərinin sayı 6 nəfər olmuşdur. Belə olan halda adam başına hər birinə 0.83 ha torpaq sahəsi düşür. Onlara düşən paydan özləri istifadə etmək istəyirlər. Cavabdehlərdən Cavabdeh3 isə onlara maneçilik törədir. Pula ehtiyacı olduğundan özünə düşən payı ayırıb satmaq istəyir. Ona görə də Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə kodu 60705028 olan. JN-0008 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında onlara verilmiş 4.99 ha pay torpaq sahəsindən paylarının naturada müəyyən edilməsi və onlara təhkim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 eyni məzmunda izahat verərək, iddiasını müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamı çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh və digər cavabdeh X1 vəkalətli nümayəndəsi X5 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə ilə ona ailə üzvlərinə “Torpağa mülkiyyət hüququna dair” kodu 60705028 olan, JN-0008 saylı Dövlət aktı ilə 4.99 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 1,66 ha hissəsini ayırıb oğlu Ramizə vermişdir. Ramiz də həmin torpağı satmışdır. Torpağın sənədi də hazırda Ramizdədir və sənədi onlara vermir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə ilə ona ailə üzvlərinə “Torpağa mülkiyyət hüququna dair” kodu 60705028 olan, JN-0008 saylı Dövlət aktından görünür ki, tərəflərin mülkiyyətinə Beyləqan rayonunun Gödəklər kəndindən 4.99 ha pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası MM-nin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə iclasında mülki işin araşdırılmış hallarından görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə tərəflərin mülkiyyətinə “Torpağa mülkiyyət hüququna dair” kodu 60705028 olan, JN-0008 saylı Dövlət aktı ilə 4.99 ha pay torpaq sahəsi verilmişdir. Dövlət Aktında ailə üzvlərinin sayı 6 nəfər göstərilmişdir. Ümumi torpaq sahəsinin 4.99 ha olmasını nəzərə alsaq onların həmin torpaq sahəsində hər biribni payı 0,83 ha müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişlər. Belə ki, iddiaçıların və onların ailə üzvlərinin Beyləqan rayon Gödəklər kəndinin ərazisində 4,99 ha olan torpaq sahəsində hər birinin payı bərabər olmaqla onların ümumi birgə mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə tərəflərin mülkiyyətinə “Torpağa mülkiyyət hüququna dair” kodu 60705028 olan, JN-0008 saylı Dövlət aktına əsasən verilmiş olan 4.99 ha pay torpaq sahəsinin İddiaçı1 düşən 0,83 ha, X7 düşən 0,83 ha payları müəyyən edilsin və onlara təhkim edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 saylı qərarı ilə tərəflərin mülkiyyətinə “Torpağa mülkiyyət hüququna dair” kodu 60705028 olan, JN-0008 saylı Dövlət aktına əsasən X3 adına olan 4.99 ha pay torpaq sahəsinin İddiaçı1 düşən 0,83 ha, X7 düşən 0,83 ha müyyən edilsin və onlara təhkim edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar