Məhkəmə qərarları › İş №2(020)-495/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-495/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-495/2024 22.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı Cavabdeh-Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə xx.xx.2013-cü ildə anadan olmuş Fatimə və xx.xx.2020-ci ildə anadan olmuş Ənsər adlı uşaqların saxlanması üçün hər ay hər bir uşaq üçün 75 (yetmiş beş) manat cəmi 150(yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddiasının müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə 2015-ci ildə ailə münasibətlərinə daxil olaraq, nakahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2013-cıi ildə Fatimə, xx.xx.2020-ci ildə Ənsər adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri 2023-cü ildə tamamilə kəsilmişdir. Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Uşaqlar hazırda onun yanında yaşayırl Həmin vaxt cavabdeh ona könüllü yardım göstərməyə söz verdiyindən aliment tələb etməmişdir. Lakin cavabdeh bu müddət ərzində bir dəfə də olsun uşaqlarının saxlanması üçün ona aliment ödəməmiş və ya hər hansı bir formada maddi yardım etməmişdir. Cavabdehin aliment ödəmək imkanı vardır. Cavabdeh fərdi əməklə məşğuldur. Cavabdehin köməkliyi və yardımı olmadan uşaqlarını saxlamaqda çox çətinlik çəkir. Odur ki, Cavabdeh onun xeyrinə xx.xx.2013-cü ildə anadan olmuş Fatimə və xx.xx.2020-ci ildə anadan olmuş Ənsər adlı uşaqların saxlanması üçün hər ay hər bir uşaq üçün 75 (yetmiş beş) manat cəmi 150(yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə hazırkı vəziyyətdə işə baxılmasını mümkün hesab edir. İşdə olan doğum haqqında şəhadətnamələrdən çıxarışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cıi ildə Fatimə, xx.xx.2020-ci ildə Ənsər adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı qız ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Məhkəmə iddiaçının izahını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı Cavabdeh birgə nikahlarından xx.xx.2013-cıi ildə anadan olan Fatimə, xx.xx.2020-ci ildə anadan olan Ənsər hazırda iddiaçının himayəsində yaşayırlar. Cavabdeh iddiaçının himayəsində yaşayan uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa görə 75 manat aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa , yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti,diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə hesab edir ki, azyaşlı uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması sabit pul məbləğində müəyyən edilməlidir. Çünki cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Beləliklə məhkəmə İddiaçı yanında qalan iki nəfər azyaşlı uşaqların əvvəlki təminat səviyyəsini, eləcə də cavabdehin maddi imkanını nəzərə almaqla hər ay hər bir uşaq üçün alimentin 75 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırkı iddia ərizəsi 23 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 23 fevral 2024-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 75 (yetmiş beş) manat alınıb xx.xx.2013-cü ildə anadan olan Fatimə və xx.xx.2020-ci ildə anadan olan Ənsərin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar