Məhkəmə qərarları › İş №2(020)-620/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-620/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-620/2024 13.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı-İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 02 may 2009-cu il təvəllüdlü Ayxan, 08 oktyabr 2010-cu il təvəllüdlü Hüseyn adlı uşaqlarının saxlanması üçün onun xeyrinə hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment turulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçıqızı iddiasının müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə el adəti ilə ailə qurararaq nikahlarını 29 iyun 2006-cı il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndi Üzrə ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 yanvar 2006 -cı ildə Aysu, 02 may 2009-cu ildə Ayxan 08 oktyabr 2010-cu ildə Hüseyn adlı 3 uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(020)53/2023 saylı qətnaməsinə əsasən Cavabdeh arasında qeyd edilmiş nikahları pozulmuş, birgə nikahlarından uşaqlarının onun yanında qalmaları müəyyən edilmişdir. Hazırda uşaqları onun yanında yaşayırlar. Uşaqlarından biri texnikomda oxuyur, ikisi isə yetkinlik yaşına çatmamışlar. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Uşaqlarının saxlanması üçün cavabdeh heç bir köməklik göstərmir. Cavabdeh Bakı şəhərində parnikdə işləyir. Odur ki, Cavabdeh 02 may 2009-cu il təvəllüdlü Ayxan 08 oktyabr 2010-cu il təvəllüdlü Hüseyn adlı uşaqlarının saxlanması üçün onun xeyrinə hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə el adəti ilə ailə qurararaq nikahlarını 29 iyun 2006-cı il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndi Üzrə ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 yanvar 2006-cı ildə Aysu, 02 may 2009-cu ildə Ayxan 08 oktyabr 2010-cu ildə Hüseyn adlı 3 uşaqları anadan olmuşdur. İddiaçı ailə münasibətləri pozulduğundan ayrılmışlar və aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozularkən iddiaçı ondan aliment tələb etməmişdir. Hazırda uşaqları iddiaçının yanında qalıb yaşayır. O, uşaqları ilə əlaqə saxlaya bilmir. Tələb edilən alimenti ödəməyə maddi imkanı yoxdur. Bakı şəhərində parnikdə işləməklə hər ay 320 manat əmək haqqı alır. Kirayədə yaşayır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqına şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 19 yanvar 2006-cı ildə Aysu, 02 may 2009-cu ildə Ayxan 08 oktyabr 2010-cu ildə Hüseyn adlı 3 uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(020)53/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 29 iyun 2006-cı il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndi üzrə ərazi nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından19 yanvar 2006-cı ildə anadan olan Aysu, 02 may 2009-cu ildə anadan olan Ayxan 08 oktyabr 2010cu ildə anadan olan Hüseynin ataları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, tərəflərin birgə nikahlarından 19 yanvar 2006-cı ildə anadan olan Aysu yetkinlik yaşına çatmış, 02 may 2009-cu ildə anadan olan Ayxan və 08 oktyabr 2010-cu ildə anadan olan Hüseyn hazırda iddiaçının himayəsində yaşayır. Cavabdeh iddiaçının himayəsində yaşayan uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa görə 150 manat alimentin alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə hesab edir ki, azyaşlı uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması sabit pul məbləğində müəyyən edilməlidir. Çünki cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh isə hər ay 320 manat qazanc əldə etməsini göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının yanında qalan uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi imkanını nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 80 manat alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının hazırkı iddia ərizəsi 13 mart 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 mart 2024-cü il tarixdən başlayaraq 02 may 2009-cu ildə anadan olan Ayxan və 08 oktyabr 2010-cu ildə anadan olan Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 80 (səksən) manat aliment tutulub uşaqların atası İddiaçı verilsin. Cavabdeh oğlundan dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar