Məhkəmə qərarları › İş №2(020)-671/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-671/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-671/2023 11.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu ildə anadan olmuş X1 və xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh ailə quraraq nikahlarını xx.xx.2009-cu il tarixdə Beyləqan rayon İHB-in Yuxarı Aran kənd üzrə icra nümayəndəliyində rəsmiləşdirmiş və birgə nikahlarından xx.xx.2010-cu ildə Məhəmməd, xx.xx.2012-ci ildə isə Əli adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda uşaqlar iddiaçının himayəsində yaşayır. Cavabdeh bu müddət ərzində uşaqlarının saxlanması üçün iddiaçıya aliment ödəməmiş və ya hər hansı bir formada maddi yardım etməmişdir. Cavabdehin köməkliyi və yardımı olmadan iddiaçı uşağını saxlamaqda çox çətinlik çəkir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, xx.xx.2010-cu ildə anadan olmuş X1 və xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını xx.xx.2009-cu il tarixdə Beyləqan rayon İHB-in Yuxarı Aran kənd üzrə icra nümayəndəliyi rəsmiləşdirmişlər. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2010-cu ildə Məhəmməd, xx.xx.2012-ci ildə isə Əli adlı uşaqları anadan olmuşdur. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından xx.xx.2010-cu ildə Məhəmməd, xx.xx.2012-ci ildə isə Əli adlı uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan hazırda ayrı yaşayırlar. İddiaçı uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən iki uşağın saxlanması üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 200 manat aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 154 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmədə müəyən edildi ki, İddiaçı iki azyaşlı uşaqları ilə birlikdə yaşayır və heç yerdə işləmir. Cavabdeh isə uşaqların saxlanması üçün maddi yardım göstərmir. Ona görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hər ay hər uşaq üçün 200 manat aliment tələb etmişdir. Lakin cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdm edilməmişdir. Ona görə də məhkəmə hər uşağa görə 200 manat aliment tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Beləliklə məhkəmə İddiaçı yanında qalan iki nəfər azyaşlı uşaqların əvvəlki təminat səviyyəsini, iddiaçının özünün uşaqların tərbiyəsi ilə məşğul olmaqla bağlı heç yerdə işləməməsini və cavabdehin maddi vəziyyətini nəzərə almaqla hər ay hər uşağa görə alimentin 170 manat sabit pul məbləğində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə 10 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehdən tutulan aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Beyləqan rayonunun Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 10 fevral 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 170 (yüz yetmiş) manat tutularaq xx.xx.2010-cu ildə anadan olmuş Məhəmməd və xx.xx.2012ci ildə anadan olmuş Əli adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Beyləqan rayonunun Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan uşaqların anası- İddiaçı verilsin. Cavabdeh 60.80 (altmış manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar