Məhkəmə qərarları › İş №2(020)-685/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-685/2024

24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-685/2024 24.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2009-cu ildə Sahil və xx.xx.2016-cı ildə Nuray adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddiasının müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə 2009-cu ildə ailə münasibətlərinə daxil olaraq, nakahlarını rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2009-cu ildə Sahil və xx.xx.2016-cı ildə Nuray adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri 2023-cü ildə tamamilə kəsilmişdir. Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuşdur. Uşaqların onun himayəsində qalması müəyyən edilmiş və cavabdehin uşaqlarla görüşməsi müəyyən edilmişdir. Hazırda uşaqlar onun himayəsində olmaqla onunla birlikdə yaşayırlar. Cavabdehlə 2023-cü ildə ayrılmış və həmin vaxtdan uşaqlarını tək saxlayır. Hazırda uşaqlar böyüdüyü üçün uşaqları tək saxlamağa maddi imkan çatmır. Cavabdehin köməkliyi və yardımı olmadan uşağını saxlamaqda çox çətinlik çəkir. Lakin cavabdeh könüllü olaraq aliment ödəmir. Həmçinin bu müddət ərzində cavabdeh uşaqlarla münasibət saxlamamış, onlara qarşı biganə olmuşdur. O, özü işləyir və təxminən hər ay 1700 manat qazancı olur. Cavabdeh də meyvəqurutma sexində işləyir. Cavabdehin aliment ödəməyə imkanı vardır. Odur ki, Cavabdeh xx.xx.2009-cu ildə Sahil və xx.xx.2016-cı ildə Nuray adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından xx.xx.2009-cu ildə Sahil və xx.xx.2016-cı ildə Nuray adlı uşaqları anadan olmuşdur. İddiaçı ailə münasibətləri pozulduğundan ayrılmışlar və aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda uşaqları iddiaçının yanında qalıb yaşayır. İddiaçı uşaqlarını onunla görüşə gətirmir. Tələb edilən alimenti ödəməyə maddi imkanı yoxdur. Əvvəllər işləsə də, hazırda heç bir yerdə işləmir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqına şəhadətnamələrdən çıxarışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə Sahil və xx.xx.2016-cı ildə Nuray adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)24/2023 saylı qətnaməsindən görünür ki, X3 ilə İddiaçı arasında 16 iyun 2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş nikahlarının pozulması, tərəflərin birgə nikahlarından 02 iyul 2009-cu ildə anadan olan X5 və 16 iyun 2016-cı ildə anadan olan X2 ataları İddiaçı yanında qalmaları, X1 hər həftənin bazar günü saat 11:00-dan 17:00- dək uşaqları 02 iyul 2009-cu ildə anadan olan X5 və 16 iyun 2016-cı ildə anadan olan X4 ilə görüşüb ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, tərəflərin birgə nikahlarından 02 iyul 2009-cu ildə anadan olan X5 və 16 iyun 2016-cı ildə anadan olan X4 hazırda iddiaçının himayəsində yaşayırlar. Cavabdeh iddiaçının himayəsində yaşayan uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa görə 200 manat alimentin alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə hesab edir ki, azyaşlı uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması sabit pul məbləğində müəyyən edilməlidir. Çünki cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı cavabdehin işlədiyini göstərsə də bununla bağlı məhkəməyə onun işləməsi barədə sənəd verilməmişdir. İddiaçının yanında qalan uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi imkanını, onun qazancı barədə məlumatın olmamasını nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 70 manat alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının hazırkı iddia ərizəsi 29 mart 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 mart 2024-cü il tarixdən başlayaraq 02 iyul 2009-cu ildə anadan olan X5 və 16 iyun 2016-cı ildə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 70 (yetmiş) manat aliment tutulub uşaqların atası İddiaçı verilsin. Cavabdeh oğlundan dövlət rüsumuna görə 37 (otuz yeddi) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar