Məhkəmə qərarları › İş №2(021)-1397/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1397/2025

02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1397/2025 02.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan birgə nikahlarından olan 29 noyabr 2016-ci il təvəllüdlü X8 və 14 sentyabr 2019-cu il təvəllüdlü X6 adlı övladlarının saxlanılması üçün, ərizə verildiyi tarixdən haşalayaraq hər ay hər uşaq üçün 246 manat olmaqla cəmi 492 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh - Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar. Rəsmi nikahları 11 iyun 2019cu ildə 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qedıyyat şöbəsinin akt qeydlər kitabında 1839 Na-ilə qeyd edilmişdir. Rəsmi nikahlarından 29 noyabr 2016-ci il tarixdə X8 və 14 sentyabr 2019-cu il tarixdə X6 adlı övladları anadan olmuşdur. Əvvəllər ailə münasibətləri normal olmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Aralarında olan problemlər səbəbindən faktiki olaraq ayrılmışlar və ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun yanında qalır və onların bütün maddi və mənəvi ehtiyyaclarını özü ödəyir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X4 iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdehdan birgə nikahlarından olan 29 noyabr 2016-ci il təvəllüdlü X8 və 14 sentyabr 2019-cu il təvəllüdlü X6 adlı övladlarının saxlanılması üçün, ərizə verildiyi tarixdən haşalayaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 246 manat olmaqla cəmi 492 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 bildirdi ki, o, cavabdehlə boşanmamışdır. Ailəsini dağıtmaq fikri yoxdur. Onların ailəsindəki narazılıq cavabdehin valideynləri ilə bağlıdır. Cavabdeh istədiyi vaxt uşaqları ilə görüşür, aralarında narazılıq yoxdur. Hazırda təkbaşna uşaqların maddi tələbatlarını ödəyə bilmədiyi üçün alimentlə bağlı iddia qaldırmışdır. Cavabdeh məhkəməyə teleqram göndərərək, iddia tələbini qəbul etdiyini qeyd edərək, iddiaçı X4 ilə aralarında bağlanmış nikahın pozulmasına, uşaqların analarının himayəsində qalmasına və aliment tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İİ №341171 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 arasında 3 saylı Bakı “ASAN xidmət” X5 11 iyun 2019-cu il tarixdə 1839 saylı akt qeydi ilə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra arvada Məhərrəmzadə soyadı verilmişdir. Mülki işə əlavə olunmuş AZ-İİİ № 852295 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 29 noyabr 2016-cı ildə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-İV № 378230 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 14 sentyabr 2019-cu ildə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 11 iyun 2019-cu il tarixdə rəsmi olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından iki övladları vardır. Hazırda iddiaçı ilə cavabdeh faktiki ayrılmış və uşaqlar analarının himayəsində saxlanılmışdır. İddiaçı hazırda aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, uşağı saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 29 noyabr 2016-cı il təvəllüdlü X7 və 14 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddia tələbinin alimentin tutulmasına dair bir uşaq üçün 180 manatdan artıq hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda iddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin tutulması hissəsində iddianın tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il № 15 Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il № 15 Qərarını nəzərə alaraq tərəflərin birgə nikahından doğulmuş 29 noyabr 2016-cı il təvəllüdlü X7 və 14 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 fevral 2025-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə Cavabdeh iddiaçı X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş mimimum əmək haqqının 0,45 misli həddində aliment tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı X1 xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid olmadığından iddia tələbi 55 manat mediasiya xərci hissəsində təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 29 noyabr 2016-cı il təvəllüdlü X7 və 14 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 fevral 2025-ci il tarixdən başlayaraq 2025-ci il üçün hər ay bir uşağa görə Cavabdeh iddiaçı X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş mimimum əmək haqqının 0,45 misli həddində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilməmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar