Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1450/2023 12.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı «Çənin sökülməsi, güllərin çıxarılması və ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, onun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində hasar hissəsinə düşən su çəninin sökülməsi, hasarın qırağında əkilmiş güllərin götürülməsi, evin hasarının təmir olunması və olunmadığı halda evin hasarına vurmuş olduğu 2000 manat məbləğində maddi ziyanın alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1i ünvanında fərdi yaşayış evi var. Qeyd etdiyi fərdi yaşayış evinin hasarı qonşusu Cavabdeh həyətinə tərəfdir. Cavabdeh həyətində olan su çəni davamlı olaraq işləyir və hər gün oradan su axır. Çəndən axan su isə onun hasarının üstünə axır. Suyun axması nəticəsində onun evinin divarı yararsız hala düşür. xx.xx.2023-cü il tarixdə yenidən Cavabdeh çəni istifadə etmiş və çəndən axan su yenidən onun hasarına tökülmüşdür. Çəndən axan suyu gördüyü vaxt Cavabdeh ilə danışıb, çənin yerini başqa bir yerdən qoymağını və bir daha onun hasarına su axmamasını xahiş etmişdir. Lakin Cavabdeh ona xoşagəlməz sözlər deyərək, təhqir etmişdir. Cavabdeh qanunsuz olaraq axıtdığı suyun nəticəsində onun evinin hasarı məhv olmağa başlayır. Evin hasarı axan suyun əks təsiri ilə artıq məhv olub. Habelə Cavabdeh həyətinə düşmüş onun hasarının aşağı hissəsində güllər əkmiş və hər zaman güllərə su verdiyi zaman su çox olur və hasara ziyanlıq verir. Cavabdehin qanunsuz olaraq etdiyi hərəkətə görə ona ümumilikdə 2000 manat məbləğində ziyan dəymişdir. Cavabdehə su çəninin yerinin dəyişdirilməsini, hasarın aşağı hissəsindən əkilən güllərin götürürlməsi, evin hasarının təmir olunması və olunmadığı halda evin hasarına vurmuş olduğu və ona dəymiş 2000 manat ziyanı ödəməsini təklif etdikdə isə cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh onun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində arxa divarının hissəsinə düşən su çəninin sökülməsi, evin divarının qırağında əkilmiş güllərin götürülməsi, evin arxa divarının təmir olunması və olunmadığı halda evin divarına vurmuş olduğu 2000 manat maddi ziyanın alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, ünvan 1ində özünə məxsus olan fərdi yaşayış evi var və azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayır. İddiaçı ilə qonşudurlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi su çəni onun həyətində, özünə məxsus olan evin arxa tərəfində, eyni zamanda iddiaçının evinin arxa tərəfində, hər iki evin arasında yerləşir. Bir neçə dəfə su çəni daşaraq iddiaçının evinin arxasına tökülmüş, lakin iddiaçının evinə ziyan vurulmamışdır. Su çəninin sökülərək başqa yerdə quraşdırılması mümkün deyildir,çünki buna maddi imkanı yoxdur. İddiaçının evinin arxasında gül əkməmiş, orada bitən güllər yabanı şəkildə bitən güllərdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Ağdərə rayonu İmarətqərvənd kəndində anadan olmuşdur, Ağdam rayonu Kəngərli kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1997-ci ildə Ağdam rayonu Sarıhacılı kəndində anadan olmuşdur, Ağdam rayonu Sarıhacılı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli 164 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 İƏD üzrə nümayəndəliyinin Güloğlular kəndində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AA 630449 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı xüsusi mülkiyyətində ünvan 1ində 0,05 ha torpaq sahəsi vardır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində 0,05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 129,60 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüquqi əsasında İddiaçı adına qeydə alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh Bərdə Rayon Polis Şöbəsində verdiyi izahatında ünvan 1ində İddiaçı ilə qonşuluqda yaşadığını, ona məxsus fərdi yaşayış evinin divarı ilə İddiaçı məxsus fərdi yaşayış evinin divarları arasında təxminən 2 metr məsafə olduğunu, həmin aralıqda isə ona məxsus su çəni yerləşdiyini, hərdən su çəninə su doldurarkən çən su ilə dolduğu üçün suyun bir neçə dəqiqə yerə töküldüyünü və İddiaçı bu səbəbdən bir neçə dəfə onun yaşadığı evə gələrək çəndən tökülən suyun evinin divarına ziyanlıq verdiyini deyib ondan su çəninin yerini dəyişdirməyini xahiş etdiyini bildirmişdir. 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsi tərəfindən ünvan 1ində İddiaçı məxsus olan fərdi yaşayış evinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həyət qapısından həyətə daxil olarkən üstübağlı çardaq, qarşıda bir mərtəbəli ev, həyət qapısından solda sanitar qovşağı, sağ hissədə həyət boyu hasar yerləşir. Həyətə daxil olarkən, həyətin sol hissəsində evə qədər olan məsafədə eni 4-5 metr olan bağ, evlə hasar arşında dəmir barmaqlıqlarla bağlanmış evin sol yan hissəsində balaca bağlı bağ və bağın sonunda toyuq damı yerləşir. Evin sağ tərəfində hasar dibində evə yaxın məsafədə su kranı və evlə hasar arasında olan 1 metr enində ev boyu açıq hissə yerləşir. Həmin hissədə İddiaçı Kuroğlu qızına məxsus dəmir ayaqlılqar üzərində hündürdə yerləşən su çəni yerləşir. Evin arxa hissəsinə keçdikdə İddiaçı məxsus fərdi yaşayış evi və cavabdeh X1 yaşadığı fərdi yaşayış evi ilə arxa-arxaya tikilməsi müəyyən olunur. İki ev arasında olan məsafə 2-2,5 metrdir və cavabdeh X1 evinin, arxasında olan həyətyani sahəyə daxil olmaqla hasarlanmışdır. Hasarın hündürlüyü 2-2,5 metr olmaqla, Cavabdeh yaşadığı fərdi yaşayış evinin arxasında olan sahədə 4-5 metr hündürlükdə dəmir dayaqlar üzərində quraşdırılmış su çəni, İddiaçı məxsus fərdi yaşayış evinə yaxın, yəni 30-50 sm məsafədə yerləşir, iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evləri paralel küçələrdə yerləşdiyindən evlərin arxa-arxaya tikildiyi müəyyən edildi. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh qonşuluqda yaşayırlar. Cavabdehə məxsus su çəni iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin arxa divarının təxminən 30-50 sm-də quraşdırılmışdır. Cavabdeh istər məhkəmə iclasında, istərsə də Bərdə Rayon Polis Şöbəsində verdiyi izahatında ona məxsus olan su çənindən axan suyun iddiaçının fərdi yaşayış evinin arxa divarının üstünə töküldüyünü etiraf edir. İddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində, yəni Cavabdeh çənindən axan suyun evinin divarına tökülməsinə görə, ona ümumilikdə 2000 manat məbləğində ziyan dəydiyini iddia edir və həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Dəymiş ziyanın müəyyən edilməsi üçün Bərdə Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərardadı ilə Məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin ekspert əraziyə baxış keçirilməsi üçün gəlsə də, iş üzrə tərəflər (iddiaçı və cavabdeh) əvvəlcədən lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq ekspertizanın keçirilməsi üçün gəlmədiklərindən və sözügedən ərazinin ekspert tərəfndən müayinə edilməsinə şərait yaratmadıqlarından ekspertizanın keçirilməsi baş tutmamış, bu səbəbdən də dəymiş ziyanın müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli və hüquqa zidd əməlləri nəticəsində iddiaçıya maddi zərərin dəyməsi işin gerçək halları ilə sübuta yetirilmir. İddiaçının evin divarının qırağında əkilmiş güllərin götürülməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf həmin yerdə güllərin olması və güllərin məhz cavabdeh tərəfindən əkilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh isə məhkəmə iclasında həmin güllərin onun tərəfindən əkilmədiyini, yabanı halda bitdiyini bildirdiyindən iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının MM: 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Lakin bununla yanaşı həm iddiaçının, həm də cavabdehin bildirdikləri ilə cavabdehə məxsus olan su çəninin iddiaçının evinin arxa divarının çox yaxınlığında-təqribən divardan 30-50 sm məsafədə yerləşməklə həmin su çəninin tez-tez daşması nəticəsində axan suyun iddiaçının evinin divarının arxa hissəsinə töküldüyü tamamilə təsdiq olunur. Belə ki, Cavabdeh məhkəmə prosesi zamanı verdiyi ifadəsində etiraf etmişdir ki, “İddiaçı ilə qonşudurlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi su çəni onun həyətində, özünə məxsus olan evin arxa tərəfində, eyni zamanda iddiaçının evinin arxa tərəfində, hər iki evin arasında yerləşir. Bir neçə dəfə su çəni daşaraq iddiaçının evinin arxasına tökülmüş, lakin iddiaçının evinə ziyan vurulmamışdır.” Habelə həmin hal Bərdə Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 yanvar 2023-cü il tarixli qərarı ilə də təsdiq olunur. Belə ki, İddiaçı şikayəti əsasında aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatında “Ona məxsus fərdi yaşayış evinin divarı ilə İddiaçı məxsus fərdi yaşayış evinin divarları arasında təxminən 2 metr məsafə olduğunu, həmin aralıqda isə ona məxsus su çəni yerləşdiyini, hərdən su çəninə su doldurarkən çən su ilə dolduğu üçün suyun bir neçə dəqiqə yerə töküldüyünü və İddiaçı bu səbəbdən bir neçə dəfə onun yaşadığı evə gələrək çəndən tökülən suyun evinin divarına ziyanlıq verdiyini deyib ondan su çəninin yerini dəyişdirməyini xahiş etdiyini” göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehə məxsus olan su çəninin iddiaçının mülkiyyətində olan yaşayış evinin arxa divarının çox yaxınlığında-təqribən divardan 30- 50 sm məsafədə yerləşməklə həmin su çəninin tez-tez daşması nəticəsində axan suyun iddiaçının evinin divarının arxa hissəsinə töküldüyü tamamilə təsdiq olunur. Belə olan halda, mülkiyyətçinin qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək hüququ qanunvericiliyin tələbindən irəli gəldiyindən iddia tələbi iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin arxa divarına yaxın məsafədə yerləşən su çəninin cavabdehin hesabına sökülməsi hissəsində təmin edilməli, iddia tələbi qalan hissələrdə əsassız olduğundan və iddiaçı iddia tələbinin həmin hissəsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı «Çənin sökülməsi, güllərin çıxarılması və ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində Cavabdeh tərəfindən quraşdırılmış su çəni Cavabdeh hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1450/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1450/2023
12.10.2023 · Sair işlər - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver